
UEFA Çempionlar Liqasının 2020-2021 mövsümündə Azərbaycanı təmsil edən Ağdamın “Qarabağ” komandasının birinci mərhələdəki (18-19 avqust) rəqibi bəlli olub. Novator.az-ın məlumatına görə, avqustun 9-u İsveçrənin Nyon şəhərində atılan püşk “Qarabağ”a Şimali Makedoniyadan “Sileks”i qismət edib.
1965-ci ildə yaradılmış “Sileks” üçqat ölkə çempionudur.
Çempionlar Liqasında ilkin, birinci, ikinci, üçüncü ələmə mərhələləri tək, dördüncü mərhələ cüt oyunlardan ibarətdir. “Qarabağ”la “Sileks”in oyunu Azərbaycanda keçiriləcək.
Avqustun 11-də davam edəcək ilkin raundda Şimali İrlandiyadan “Linfild”, Kosovodan “Drita” yarışır.
İkinci mərhələdə (25-26 avqust) Azərbaycan təmsilçisinin Danimarkadan “Midtülland”, üçüncü mərhələdə (15-16 sentyabr) Çexiyadan “Slaviya”, Yunanıstandan “Olimpiakos”, dördüncü mərhələdə (22-29 sentyabr) Niderlanddan “Ayaks”, Avstriyadan “Zalsburq”la üz-üzə gəlməsi mümkündür.
Mövsümə qrup mərhələsindən (20 oktyabr-9 dekabr) başlayacaq klublar bunlardır: İspaniyadan “Real”, “Barselona”, “Atletiko”, “Sevilya”, İngiltərədən “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi”, İtaliyadan “Yuventus”, “İnter”, “Atalanta”, “Latsio”, Almaniyadan “Bavariya”, “Borussiya” (Dortmund), “Leypsiq”, “Borussiya” (Mönhenqladbah), Fransadan PSJ, “Marsel”, Rusiyadan “Zenit”, “Lokomotiv” (Moskva), Portuqaliyadan “Portu”, Belçikadan “Brügge”, Ukraynadan “Şaxtyor”, Türkiyədən “Başakşəhər”.
“Qarabağ” komandasının əsası 1951-ci ildə qoyulub. 1977-ci ilədək komanda “Məhsul”, 1982-ci ilədək “Şəfəq”, 1988-ci ilədək “Kooperator” adı daşıyıb. 1 dəfə Azərbaycan SSR-nin, 8 dəfə müstəqil Azərbaycanın çempionu olub.
Komanda 2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020 mövsümlərində Avropa Liqasının qrup mərhələsində, 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində oynayıb.
1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan sonra komanda köçkün klub kimi fəaliyyət göstərir, hazırda Bakıda məskunlaşıb.