“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi “İctimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi vasitəsilə yoluxucu xəstəliklərlə mübarizə təşəbbüslərinin gücləndirilməsi” adlı layihəyə start verib.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunan layihə 4 ay müddətində Bakı şəhərində həyata keçiriləcək.
İctimai birliyin sədri, layihə rəhbəri Ziba Nəbiyeva Novator.az-a bildirib ki, layihə bir neçə komponentdən ibarət olub təhlükəli yoluxucu xəstəliklərlə mübarizə sahəsində maarifləndirmə işlərinin aparılması, pandemiya dövründə COVİD-19 infeksiyasının profilaktikası və xəstəliyin menecmentinə dair metodiki göstərişlərin yerlərdə icrası ilə bağlı ictimai müşahidələrin keçirilməsi və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində fəaliyyətləri əhatə edir.
Layihənin maarifləndirmə komponenti üzrə əsasən əhalinin həssas təbəqələrini cəlb etməklə viruslu hepatit xəstəlikləri və COVİD-19-dan qorunma qaydaları barədə məlumatlandırıcı vebinarın keçirilməsi, uyğun mövzuda çap materiallarının hazırlanması və Dünya Səhiyyə Təşkilatının hepatit viruslarına həsr olunmuş animasiya çarxının Azərbaycan dilində tərtibatı nəzərdə tutulub.
Layihənin digər komponenti çərçivəsində isə tibb müəssisələrində aparılmış ictimai monitorinqin nəticələrinə əsasən tövsiyələr hazırlanıb müvafiq dövlət orqanlarına göndəriləcək.
Bununla yanaşı, ictimai monitorinq keçirilən tibb müəssisələrinə və əhalinin həssas təbəqəsindən olan vebinar iştirakçılarına maarifləndirici çap materialları və COVİD-19 xəstəliyinin profilaktikası məqsədilə tibbi və gigiyenik vasitələr çatdırılacaq.
Ziba Nəbiyeva vurğulayıb ki, prezident İlham Əliyev daim öz çıxışlarında ictimai nəzarətin gücləndirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması barədə mesajlar verir: “Bəli, hazırkı həssas dönəmdə ictimai iştirakçılığın effektiv təsir imkanlarının artırılmasına böyük ehtiyac var. Bunun üçün hüquqi baza 2014-cü ildə qəbul olunmuş “İctimai iştirakçılıq haqqında” qanundur. İllərin təcrübəsi qanunun daha mükəmməl və işlək olması üçün onun təkmilləşdirilməsinin zəruri olduğunu göstərir.
Ölkə rəhbərinin çağırışına dəstək olaraq layihənin sonuncu komponenti çərçivəsində müvafiq qanunvericilik bazasının gücləndirilməsi məqsədilə “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi təkliflər hazırlayıb ictimai müzakirəyə çıxaracaq. Layihənin sonunda təkliflər sənədi Milli Məclisə təqdim olunacaq”.
Ziba Nəbiyevanın sözlərinə görə, layihəyə töhfə olaraq COVİD-19 pandemiyası dövründə ictimai monitorinq, maarifləndirmə və digər dəstəkləyici fəaliyyətləri təşkilat üzvləri könüllü olaraq həyata keçiriblər.