Avqustun 4-də prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləsi işlərlə tanış olublar. AZƏRTAC-ın məlumatına görə, onlar parkda görüləcək işlər barədə bilgini Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdan alıblar.
Eldar Əzizov deyib ki, layihə dörd hektar ərazini əhatə edir: “Vaxtilə bu ərazini bəzi adamlar zəbt etmişdi və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Siz müdaxilə edəndən sonra bu proses dayandırıldı və torpaqlar dövlət fonduna qaytarıldı.
Park şərti olaraq bir neçə zonaya bölünüb. Meşə zonası parkın ərazisinin demək olar ki, 70 faizini əhatə edir. Uşaq meydançası, fitnes və kafe zonaları da var. Parka altı giriş nəzərdə tutulub və əsas girişin qarşısında avtodayanacaq təşkil ediləcək. Burada hansı ağacların, bitkilərin əkilməsi barədə xüsusi proqram hazırlanır və Sizə təqdim olunacaq. Eyni zamanda parkın ərazisində kiçik memarlıq formalarından istifadə etmək üçün bəzi təkliflər hazırlanır”.
İlham Əliyev qeyd edib ki, əraziyə bir müddət bundan əvvəl yerüstü keçidin açılışında iştirak etmək üçün gəlib: “O vaxt göstəriş verdim ki, burada yerləşən bu binalar əsaslı şəkildə təmir olunsun. Gördüm ki, bu binalar artıq köhnəlib, həmçinin xarici görünüşü heç bir standarta uyğun gəlmir. Maraqlandım, bu binaların içi də çox bərbad vəziyyətdədir. Ona görə binaların kompleks şəkildə təmir edilməsi ilə bağlı müvafiq göstəriş verdim.
Eyni zamanda o vaxt məlumat aldım ki, burada böyük bir sahə var, artıq hasarlanıb, hissələrə bölünüb və satışa çıxarılır. Maraqlandım, məlumat verdilər ki, bunu zəbt edib, heç sənədləri də yoxdur. Ona görə dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yol verən insanlar müəyyən edilsin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin.
O vaxt şərtlərdən biri də o idi ki, bu parkda insanların asudə vaxtlarını keçirmələri üçün bütün şərait yaradılsın, park təbii olsun. Burada çoxmərtəbəli binalar var, minlərlə insan yaşayır və şəhər içində sanki kiçik bir meşə yaradılsın. Ona görə burada təbii landşafta maksimum üstünlük verilməlidir. Təbii ki, burada istirahət, fitnes, əyləncə zonaları, oturacaqlar olacaq. Ancaq yaşıllıqlar daha geniş ərazini əhatə etsin, ağaclar əkilsin və insanlar gəlib burada rahat istirahət edə bilsinlər, dincəlsinlər, bunun şəhərimizin ümumi inkişafına böyük töhfəsi olsun. Layihə də çox yaxşı tərtib olunub və burada daha çox yaşıllıqlara üstünlük verilir. Ona görə artıq bu gündən başlayaraq parkın qurulması ilə bağlı əməli işlər görülməlidir”.
Eldar Əzizov işin noyabrın sonuna kimi tamamlanmasına çalışacaqlarını vurğulayıb.
Novator.az bildirir ki, 4 avqust İlham Əliyev üçün əlamətdar gündür. 2003-cü il avqustun 4-də o, baş nazir təyin olunub.
1961-ci il dekabrın 24-ü Bakıda doğulan İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu və həmin təhsil müəssisəsinin aspiranturasını bitirib, orada müəllim işləyib.
1991-ci ildən özəl biznes sahəsində çalışan İlham Əliyev 1994-cü ildən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti və birinci vitse-prezidenti olub.
1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2003-cü il avqustun 4-də baş nazir vəzifəsinə təyin edilib.
2003, 2008, 2013-cü illərin oktyabr ayında və 2018-ci ilin aprelində prezident seçilib.
2005-ci ildən Yeni Azərbaycan Partiyasının sədridir.
İlham Əliyevin atası Heydər Əliyev 1969-1982-ci (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi) və 1993-2003-cü illərdə (əvvəl Milli Məclisin sədri, sonra prezident) Azərbaycana rəhbərlik edib.