Nazirlər Kabineti ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarını təsdiqləyib.
Novator.az bildirir ki, meyarlara görə, ibtidai ümumtəhsil məktəbi ümumi təhsilin ibtidai təhsil səviyyəsini; ümumi orta ümumtəhsil məktəbi təhsilin ibtidai və ümumi orta təhsil səviyyələrini əhatə etməlidir.
Tam orta ümumtəhsil məktəbinin ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi, tam orta təhsil səviyyəsində təmayüllər üzrə tədris təşkil etməsi tələb olunur.
Lisey ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməli; müvafiq təmayüllər üzrə tədris təşkil etməli; istedadlı şagirdləri müsabiqə yolu ilə müəyyənləşdirib liseyə qəbul etməli; fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanları liseyə müsabiqədənkənar qəbul etməli; istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlər yaratmalı; ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələri həyata keçirməlidir.
Gimnaziya üzrə meyarlar bunlardır: ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi (incəsənət və idman-şahmat yönümlü gimnaziyalar istisna olmaqla); incəsənət və idman-şahmat yönümlü gimnaziyalarda ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi; müvafiq təmayüllər (əsasən humanitar) üzrə tədrisin təşkil edilməsi; əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən təhsilalanların müsabiqə yolu ilə müəyyənləşdirilərək gimnaziyaya qəbul edilməsi; fənn olimpiadalarında və beynəlxalq müsabiqələrdə nailiyyət qazanmış təhsilalanların gimnaziyaya müsabiqədənkənar qəbul edilməsi; istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün mərkəzlərin yaradılması; ali təhsil müəssisələri və elmi təşkilatlarla əməkdaşlıq layihələrinin həyata keçirilməsi.
Ümumtəhsil internat məktəbi üzrə meyarlar belədir: ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi; təhsilalanların aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrdən qəbul edilmiş, sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələri əhatə etməsi; ümumi tipli ümumtəhsil internat məktəblərinə şagirdlərin valideynin (yaxud digər qanuni nümayəndənin) ərizəsinə, sanator tipli ümumtəhsil internat məktəblərinə isə uşaq poliklinikalarının nəzdində təşkil edilmiş ixtisaslı həkim komissiyalarının rəyinə əsasən qəbul olunması; müvafiq maddi-tədris baza və kadr potensialı olduqda təmayüllü siniflərin təşkil edilməsi; şagirdlərin sağlamlığının qorunması, tələb olunan hallarda onların müalicəsinə dair tədbirlərin görülməsi üçün ciddi sanitar-gigiyena rejiminin yaradılması; şagirdlərin tam dövlət təminatında saxlanması.
İnteqrasiya təlimli internat tipli təhsil müəssisəsinə ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi; sağlamlıq imkanları məhdud uşaqların sağlam şəxslərlə birgə təhsil almaları; sağlamlıq imkanları məhdud şəxslərə xüsusi təhsil proqramı ilə tədrisin təşkil edilməsi; sağlamlıq imkanları məhdud şəxslərin sayının təhsil müəssisəsinin ümumi kontingentinin 20 faizindən çox olmaması; sağlamlıq imkanları məhdud şəxslərin psixoloji-tibbi pedaqoji komissiyanın qərarına əsasən təhsil müəssisəsinə qəbulu; təhsil müəssisəsində sağlamlıq imkanları məhdud şəxslərin təhsil almaları üçün xüsusi təhsil bölməsinin olması; sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesi üçün zəruri köməkçi xidmətin təşkil olunması; şagirdlərin tam dövlət təminatında saxlanması tələbləri qoyulur.
İnteqrasiya təlimli ümumi təhsil müəssisəsi üzrə meyarlar bunlardır: ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi; sağlamlıq imkanları məhdud uşaqların sağlam şəxslərlə birgə təhsil alması; sağlamlıq imkanları məhdud şəxslərə xüsusi təhsil proqramı ilə tədrisinin təşkil edilməsi; sağlamlıq imkanları məhdud şəxslərin sayının təhsil müəssisəsinin ümumi kontingentinin 20 faizindən çox olmaması; sağlamlıq imkanları məhdud şəxslərin psixoloji-tibbi pedaqoji komissiyanın qərarına əsasən təhsil müəssisəsinə qəbulu; təhsil müəssisəsində sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün xüsusi təhsil bölməsinin olması; sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesi üçün zəruri köməkçi xidmətin təşkil olunması.
Sənəd xüsusi məktəb üzrə; xüsusi internat məktəbi üzrə; inteqrasiya təlimli internat tipli gimnaziya üzrə; valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün ümumtəhsil internat məktəbi üzrə meyarları da müəyyənləşdirir.