Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə hərbi təlimlərindən rəsmi məlumat yayılıb. Müdafiə Nazirliyinin 1 avqust xəbərinə görə, Əlahiddə Ümumqoşun Ordusunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Silahlı Qüvvələrinin bölmələri tam döyüşə hazırolma vəziyyətinə gətirilərək “Həyəcan” siqnalı ilə təlim rayonuna çıxarılıb.
Komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə qoşunların fasiləsiz idarə olunması praktiki yerinə yetirilir, birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərir.
Döyüş təyyarələri, hərbi daşıma və zərbə helikopterlərinin cəlb edildiyi təlimdə çətin pilotoji manevrlərlə təlim-məşq uçuşları keçirilir.
Azərbaycanla Türkiyənin Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.
İyulun 29-dan başlayan təlimlər hərbi aviasiya vasitələrinin iştirakı ilə avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində, avqustun 1-dən 5-dək Quru Qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda keçiriləcək.