İyulun 29-u Şəkidə koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın həkimləri ilə görüşən prezident İlham Əliyev deyib ki, ölkənin 46 xəstəxanasında koronavirus xəstələri müalicə alır: “Bu xəstəxanaların 41-i son 16 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Vaxtilə bu işlərlə məşğul olmasaydıq, bu gün bizim imkanlarımız çox məhdud ola bilərdi. Bir neçə il bundan əvvəl Şəki şəhərində, bu modul tipli xəstəxananın qarşısında təqribən 200 çarpayılıq böyük xəstəxana açılıb. Bu gün bizim bütün şəhərlərimizdə müasir xəstəxanalar fəaliyyət göstərir, yaxud yaxın bir il ərzində fəaliyyət göstərəcək.
Biz səhiyyə sistemimizin infrastruktur bazasını yaratmışıq. Bu xəstəxanada reanimasiya şöbəsi də var, süni tənəffüs cihazları gətirilib. Bildiyiniz kimi, koronavirusla bağlı mübarizəni səmərəli aparmaq üçün çox böyük vəsait ayrılıb. Bu vəsait tibbi avadanlığın, dərmanların alınmasına, digər məsələlərə istiqamətləndirilir. Mən demişəm ki, nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Təki insanlar tezliklə sağalsınlar və biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək.
Pandemiyaya qədər ölkə ərazisində bizim cəmi altı laboratoriyamız var idi. Ola bilər ki, adi rejim üçün kifayət idi. Ancaq indiyədək Azərbaycanda 700 min test keçirilib. Adambaşına keçirilmiş testlərin sayına görə biz dünyada qabaqcıl yerlərdəyik. Məhz bu testlərin kütləvi şəkildə keçirilməsi nəticəsində biz xəstələri aşkar edirik və onları müalicəyə cəlb edirik. Operativ tədbirlər nəticəsində bu gün laboratoriyaların sayı 31-ə çatıb. Plan bu laboratoriyaların sayını 45-ə çatdırmaqdır. Bu məsələ də öz həllini tapır. Çarpayı fondu artır, koronavirus xəstələri ən müasir xəstəxanalarda müalicə alır, o cümlədən bizim ən gözəl xəstəxanamız “Yeni klinika”da.
Bizim əsas vəzifəmiz qısa müddət ərzində bütün səfərbərlik işlərini düzgün təşkil edərək pandemiyadan minimum itkilərlə çıxmaq üçün infrastruktur və maddi-texniki bazanın yaradılmasından ibarət idi. Laboratoriyalar, xəstəxanalar, çox böyük təşkilati məsələlər öz həllini tapdı. Logistik məsələlər də həmçinin. Eyni zamanda həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün əməli addımlar atıldı. Koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşları 3-5 dəfə artırılıb. Ən vacib və ciddi problemlərdən biri də həkimlərin çatışmazlığıdır. Çünki bizim həkimlərimizin sayı adi rejimə hesablanıb. Ona görə xəstələrin kəskin artması bu problemi də üzə çıxarıb. Bundan çıxış yolunu biz xaricdən həkimləri Azərbaycana dəvət etməkdə gördük.
Əlbəttə ki, bütün bu məsələləri həm təşkil etmək, həm də maliyyələşdirmək üçün gərək ölkədə imkanlar olsun. Hazırda bir neçə xarici ölkədən həkimlər Azərbaycandadırlar. Onlar xəstələrə xidmət göstərirlər. Hesab edirəm ki, əgər ehtiyac yaranarsa, biz gələcəkdə də bu praktikanı tətbiq edəcəyik.
Pandemiya ilə mübarizə sahəsində bütün lazımi addımlar atılır. Hətta qısa müddət ərzində ölkəmizdə tibbi maskaların, dezinfeksiya vasitələrinin, həkimlər üçün kombinezonların istehsalına başlanıb. Bütün bunların istehsalı bizdə yox idi, heç lazım da deyildi. Təbii ki, hər bir ölkə istehlak etdiyi bütün malları istehsal etməməlidir. Ancaq biz gördük ki, xaricdən bəzi avadanlıqları, ləvazimatları gətirmək çətindir. Bəzən imzalanmış kontraktlar icra edilmirdi, vəsait də ödənilmişdi, yenə də biz lazımi avadanlığı gətirə bilmirdik. xüsusilə pandemiyanın ilk mərhələsində”.
Dövlət başçısı karantin rejiminə toxunaraq deyib: “May ayının əvvəlində bizim yumşalma siyasətimiz düzgün addım idi. Çünki o vaxt xəstəliklə bağlı dinamika müsbət idi. Sağalanlar yoluxanlardan çox idi. Ona görə biz yumşalmaya getdik. Çünki bilirik ki, bu, insanları narahat edir, incidir. İnsanlar öz adi həyat tərzindən məhrum ediliblər. Ona görə yumşalmaya getdik.
Amma nə gördük?! Gördük ki, xəstələrin sayı dərhal artmağa başladı, müsbət dinamika pozuldu və biz mənfi dinamika fazasına daxil olduq. Yenə sərtləşdirmə qaçılmaz oldu. Yenə sərt məhdudlaşdırıcı tədbirlər görülməyə başlandı. Bu tədbirlər görülməyə başlayandan təqribən bir ay sonra biz yenə də müsbət dinamikanı görürük. Artıq iki həftədir ki, ölkəmizdə sağalanların sayı yoluxanların sayından çoxdur. Müsbət dinamika budur. Biz hamımız çox istəyirik ki, bu karantin rejimi tezliklə başa çatsın, tezliklə öyrəşdiyimiz həyat tərzinə qayıdaq. Ancaq biz görürük ki, bir balaca yumşalma olan kimi xəstəliyin vüsəti dərhal genişlənir, yayılması sürətlə gedir və insanların həyatı təhlükə altına düşür.
Bu elə xəstəlikdir ki, heç yaş da tanımır. Hər kəs – yaşlı, orta yaşlı, cavan insanlar təhlükə altındadır. Birinci mərhələdə hesab olunurdu ki, bu, yaşlı insanlar üçün daha təhlükəlidir, gənclər bundan o qədər də əziyyət çəkmirlər. Amma indi gənc insanlar da, orta yaşlı insanlar da, sağlam insanlar da vəfat edir. Hesab edilirdi ki, xroniki xəstəlikləri olan insanlar risk zonasındadır. Belədir. Amma tam sağlam insanlar, idmançılar xəstələnir və ağır xəstələnir. Ona görə bu xəstəliyin tədqiqatı hələ gələcəyin işidir. Mən hesab edirəm ki, hələ alimlər dəqiq bilmirlər bu xəstəliyin mənşəyi nədir. Müxtəlif fərziyyələr irəli sürülür. Mən bu haqda danışmaq istəməzdim, bu işin mütəxəssisi deyiləm. Amma fakt odur ki, xəstəliyin mənşəyi və səbəbi tam aşkar ediləndən sonra yəqin ki, onun müalicəsi daha asan olacaq.
Əlbəttə, bilməliyik ki, peyvənd tapılana qədər biz bu vəziyyətlə barışmalı olacağıq. Onu da bilməliyik ki, baxmayaraq vəziyyət nəzarət altındadır, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu virusla yaşamalı olacağıq. Ona görə bizim ənənəvi həyat tərzimizə əlavə olunan məqamlar gərək müəyyən müddət qüvvədə olsun: məsafə saxlamaq, şəxsi gigiyena məsələləri və əlbəttə ki, məsuliyyət. Hesab edirəm ki, biz birgə səylərlə bu vəziyyətdən az itkilərlə çıxacağıq. Bu günə qədər gördüyümüz işlər nəticəsində vəziyyət tam nəzarət altındadır. Biz bundan sonra da xəstəliklə mübarizə aparmaq üçün nə lazımdırsa, onu da edəcəyik. Biz istənilən iqtisadi məhrumiyyətlərə dözərək əsas məsələni həll edəcəyik”.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Nazirlər Kabineti yanında operativ qərargahın 30 iyul məlumatında yoluxanların ümumi sayı 31560 nəfər göstərilib: onların 25168-i sağalıb, 441-i dünyasını dəyişib, 5951-i aktiv xəstədir.
Martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 228 nəfər koronavirusun qurbanı olub.
Azərbaycanda koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunan xüsusi karantin rejimi ölkə ərazisinə giriş-çıxışa; Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxışa; təhsil müəssisələrinin fəaliyyətinə (imtahan, müsabiqə və müsahibələr istisna olmaqla); dövlət orqanlarında vətəndaşların yerində qəbuluna; dəfn istisna olmaqla yas mərasimlərinə; bütün kütləvi tədbirlərə, o cümlədən toy mərasimlərinə yasaqlar və başqa məhdudiyyətlər nəzərdə tutur.
Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində həmçinin iri ticarət mərkəzlərinin fəaliyyəti, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər yasaqdır. Vətəndaşların evdən çıxması icazə sisteminə bağlanıb.