Faydalanan siyasi nüfuz sahibi olarsa…
Bəkir Nərimanoğlu
Hasilat sənayesində siyasi nüfuz yiyələrinin benefisiar sahibliyinin açıqlanmaması hər zaman problemlərə səbəb olub. Siyasi nüfuz sahiblərinin açıqlanması hasilat sektorunda benefisiar sahibliyin üzə çıxmasının vacib elementidir. Şəffaflığın artırılması, maraqların toqquşmasının qarşısının alınması və sektorda etimadın artırılması üçün siyasi nüfuz sahiblərinin açıqlanması vacibdir. Benefisiar sahibliklə, o cümlədən siyasi nüfuz sahibləri ilə bağlı məlumatların açıqlanmaması zəif idarəetmənin göstəricisi, gizli korrupsiya hesab edilir.
Benefisiar sahiblik şirkət və ya ticarət fəaliyyətindən birbaşa və ya dolayı fayda götürən fiziki şəxsə aid edilir. Yəni şirkətin yalnız təsisçiləri deyil, ondan faydalananlar da açıqlanmalıdır.
Siyasi nüfuz sahibliyi benefisiar sahibliyin əsas komponentlərindən biridir.
Siyasi nüfuz sahibi kimdir?
Siyasi nüfuz sahibi anlayışı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda verilib. Lakin bu anlayış xarici ölkələrin siyasi nüfuz sahiblərinə aid edilərək məhdudlaşdırılıb: “Xarici dövlətlərin siyasi xadimləri – hər hansı xarici dövlətdə mühüm ictimai vəzifə tutan və ya əvvəllər belə vəzifəni tutmuş şəxslər (dövlət və ya hökumət başçıları, nüfuzlu siyasətçilər, hökumət üzvləri, yuxarı instansiya məhkəmələrinin hakimləri, yüksək rütbəli hərbi qulluqçular, dövlət mülkiyyətində olan müəssisələrin rəhbər vəzifəli şəxsləri, siyasi partiya vəzifəli şəxsləri), onların ailə üzvləri və yaxın qohumları”.
Bu tərif Avropa İttifaqının çirkli pulların yuyulmasına qarşı direktivinə uyğun gəlsə də, dəqiq deyil, siyasi nüfuz sahibləri üçün hesabatlılığın həddini müəyyən etmir, tək xarici ölkələrin siyasi nüfuz sahiblərinə aiddir və əlavə olaraq ailə üzvləri və yaxın tərəfdaşlar kimi əsas konsepsiyaları müəyyənləşdirmir.
“BDO Azərbaycan” MMC, “Engaged Consulting Limited” (Böyük Britaniya) və “Michael Barron Consulting”in (Böyük Britaniya) Azərbaycanda benefisiar sahibliyin açıqlanmasına dair məsləhətləşmə sənədində qeyd edilir ki, “siyasi nüfuz sahibi” termini vacib dövlət funksiyalarına malik və ya malik olmuş fiziki şəxs anlamını verir və aşağıdakı şəxsləri, onların ailə üzvlərini və onların yaxın tərəfdaşları kimi tanınan şəxsləri əhatə edir, lakin bununla məhdudlaşmır:
– ölkə və hökumət rəhbərləri, nazirlər, nazir müavinləri və ya köməkçiləri;
– parlament və ya oxşar qanunvericilik orqanlarının üzvləri;
– siyasi partiyaların idarəedici orqanlarının üzvləri;
– ali və konstitusiya məhkəmələrinin və ya müstəsna hallardan başqa şikayət verilə bilinməyən qərarlar qəbul edən digər yüksək səviyyəli məhkəmə orqanlarının üzvləri;
– hesablama palatalarının və ya mərkəzi bankların idarə orqanlarının üzvləri;
– səfirlər, xüsusi işlər üzrə müvəkkillər və rəsmi silahlı qüvvələrin yüksək rütbəli vəzifəli şəxsləri;
– dövlət şirkətlərinin inzibati, idarəetmə və müşahidə şuralarının üzvləri;
– beynəlxalq təşkilatların direktorlar şurasının və ya eyni funksiyalı orqanının direktorları, direktor müavinləri və üzvləri.
Orta və ya kiçik vəzifəli şəxslər istisnadır.
Ailə üzvləri deyiləndə bu şəxslər nəzərdə tutulur:
– siyasi nüfuz sahibinin həyat yoldaşı və ya ona bərabər tutulan şəxs;
– siyasi nüfuz sahibinin uşaqları, nəvələri və onların həyat yoldaşları və ya onlara bərabər tutulan şəxslər;
– siyasi nüfuz sahibinin valideynləri və ya nənə və babaları.
Belə əlaqələrin bioloji, ögey və ya digər qaydada olması rol oynamır.
Yaxın tərəfdaşlar kimi tanınan şəxslər bunları bildirir:
– siyasi nüfuz sahibləri ilə birgə benefisiar sahibliyə malik və ya hər hansı digər yaxın biznes əlaqəsi olan fiziki şəxslər;
– siyasi nüfuz sahibinin faktiki gəliri üçün yaradılması məlum olan hüquqi şəxslərin və ya hüquqi sövdələşmələrin yeganə benefisiar sahibliyinə malik fiziki şəxslər.
MHŞT nə tələb edir?
Azərbaycan benefisiar sahibliklə bağlı öhdəliyi Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində götürmüşdü. MHŞT standartının tələblərinə əsasən, onu 2017-ci ilin 1 yanvarına qədər tətbiq edən ölkələr benefisiar sahiblik üzrə çərçivənin yaradılması tədbirlərini özündə ehtiva edən yol xəritəsi hazırlayıb dərc etməli idilər. Həmçinin standartı 1 yanvar 2020-ci ildən tətbiq edən ölkələrdən benefisiar sahiblik məlumatları üzrə sorğu göndərmək, şirkətlərdən isə bu məlumatları açıqlamaq tələb olunur.
MHŞT-nin Azərbaycanda tətbiqini həyata keçirən Çoxtərəfli Qrup 20 dekabr 2016-cı ildə yol xəritəsini təsdiqlədi və dərc etdi.
2017-ci il martın 9-da MHŞT İdarə Heyətinin qərarı ilə Azərbaycanın qurumda üzvlüyü dayandırılıb. Azərbaycan prezidentinin 5 aprel 2017-ci ildə imzaladığı fərmanla Azərbaycan hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə bütün beynəlxalq səyləri dəstəklədiyini və beynəlxalq standartların ölkədə tətbiqini davam etdirmək əzmində olduğunu bəyan etdi. Fərmana əsasən, hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya yaradıldı. Komissiyanın Katiblik funksiyası Dövlət Neft Fonduna (DNF) həvalə edildi.
MHŞT standartında qeyd edilir ki, benefisiar sahibliyin açıqlanması üzrə dövlət siyasəti və Çoxtərəfli Qrupun müzakirələri MHŞT hesabatında sənədləşdirilməlidir: “Sənədləşdirmə benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair müvafiq hüquqi müddəaların xüsusatlarını, mövcud açıqlama təcrübəsini, nəzərdə tutulmuş və ya həyata keçirilən islahatları əhatə etməlidir”.
Standartda qeyd edilir ki, 1 yanvar 2020-ci ildən MHŞT hesabatına daxil edilməsi məqsədilə tətbiq edən ölkələrdən benefisiar sahiblik məlumatları üzrə sorğu göndərmək, şirkətlərdən isə bu məlumatların açıqlanması tələb olunur. Bu tələb mineral ehtiyatlar sahələri üzrə tenderdə iştirak edən, fəaliyyət göstərən və ya sərmayə yatıran korporativ təşkilatlara şamil olunur və benefisiar sahiblərinin adları, sahiblik səviyyəsi, sahibliyin və ya nəzarətin necə aparıldığı barədə məlumatları əks etdirməlidir.
Standarta görə, benefisiar sahiblik barədə məlumatlarda hər hansı boşluq və ya çatışmazlıqlar, benefisiar sahibliklə bağlı məlumatların hamısını və ya bir hissəsini təqdim etməyən müəssisələrin adları göstərilməklə MHŞT hesabatında açıqlanmalıdır.
MHŞT eyni zamanda siyasi nüfuz sahiblərini müəyyənləşdirməyi tələb edir.
Birgə müəssisələrin hər bir üzvü özünün benefisiar sahibini açıqlamalıdır. Hər bir qurum təqdim edilən məlumatın dürüstlüyünə məsuliyyət daşıyır. MHŞT hesabatında həmçinin bu cür şirkətlərin hüquqi sahibləri və mülkiyyət payları barədə məlumatlar açıqlanmalıdır.
Şirkətlər necə gizlədir?
Ekspertlər hesab edir ki, hasilat sənayesi şirkətləri benefisiar sahiblərini bu yollarla gizlədir:
– əvəzedici fiziki şəxslər: ailə üzvləri, ləqəblər (saxta adlar);
– qeyri-müəyyən subyektlərin səhmdarlar kimi daxil edilməsi: siyasi birliklər, icma inkişaf korporasiyaları və dövlət və ya bələdiyyəyə məxsus investisiya şirkətləri;
– aktivlərə sahib olmaq və ofşor ödəmələr etmək: ofşorlarda yerləşən hesablara və ya özəl investisiya şirkətlərinə pul köçürmək;
– şübhəli kommersiya münasibətləri: həyata keçirilməmiş xidmətlər üçün ödəmə, güzəştli şərtlərlə aktivləri gizli sahibin nəzarət etdiyi başqa bir müəssisəyə satmaq.
Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin direktoru, professor İnqilab Əhmədov deyir ki, hasilat sənayesində benefisiar sahibliyin açıqlanmasında siyasi nüfuz sahibləri mərkəzi rol oynayır: “Çünki bir qayda olaraq institusional cəhətdən zəif ölkələrdə siyasi hakimiyyət ilk növbədə böyük renta gücünə malik olan bu sənayedən maksimum bəhrələnmək istəyir. Odur ki, siyasi nüfuz sahibləri aydın və dəqiq tərtib edilən və ictimaiyyət üçün açıq olan benefisiar sahiblik haqqında qanunverici baza şəffaflıq və hesabatlılıq baxımından önəmli addım sayılır”.