Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 16-da hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun şikayətləri üzrə qərarını elan edəcək. “Turan”ın məlumatına görə, onlar Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş işgəncələrin və qeyri-insani rəftarın qadağan edilməsi; azadlıq, şəxsi toxunulmazlıq hüququ; ədalətli məhkəmə araşdırması hüququ; ailə həyatına hörmət hüququ; səmərəli hüquqi müdafiə vasitələrindən istifadə hüququ; mülkiyyət hüququ; hərəkət azadlığı və hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri hüquqlarının pozulmasının təsdiqini istəyiblər.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və bu qurumun departament müdiri Arif Yunus Niderlandda siyasi mühacirətdədirlər.
2014-cü ilin yayında tutulan Leyla və Arif Yunuslar maliyyə cinayətlərində və dövlətə xəyanətdə ittiham olunublar. Maliyyə cinayətləri ittihamı üzrə məhkəmə keçirilib, dövlətə xəyanət ittihamı üzrə cinayət işi isə ayrı icraata verilib. 2015-ci il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi Leyla Yunusu 8 il 6 ay, Arif Yunusu isə 7 il müddətinə azadlıqdan məhrum edib.
Arif Yunus səhhətinə görə 2015-ci il noyabrın 12-də həbsdən buraxılıb. Həmin il dekabrın 9-da Bakı Apellyasiya Məhkəməsi Leyla Yunusun da azadlığa buraxılmasına qərar verib. Məhkəmə həm Leyla Yunusa, həm də Arif Yunusa 5 il sınaq müddəti təyin olunmaqla şərti cəza kəsib.
2016-cı ilin aprel ayında Leyla və Arif Yunuslar Hollandiyaya gediblər. Həmin il iyunun 2-də Avropa İnsan Hüquqları Məhkəməsi onların şikayəti ilə bağlı qərarını elan edib. Məhkəmə Leyla və Arif Yunusların Avropa İnsan Hüquqları Konvensiyası ilə təsbit edilən işgəncələrin qadağan olunması hüququnun pozulduğunu tanıyıb və Azərbaycan dövlətinin onların hər birinə 15 min avro kompensasiya verməsi barədə qərar çıxarıb. Qərara əsasən, Leyla və Arif Yunuslara həbs qətimkan tədbiri seçilən vaxt lazımi tibbi yardım göstərilməyib.