İyulun 10-da Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəsmi məlumatı yayılıb. Qeyd olunur ki, Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri davam edir: “Aparılan cinayət işi üzrə araşdırmalar zamanı XİN-in Konsulluq İdarəsinin rəisi Faiq Bağırovun konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycana dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərini müntəzəm almasına əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Faiq Bağırov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib”.
Dövlət Təhlükəsizliyi Xidmətinin 6 iyul məlumatında bildirilmişdi ki, XİN-in İşlər İdarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadənin, İşlər İdarəsinin təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadənin və Konsulluq İdarəsinin konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.
Xəbərə əsasən, Fərhad Mollazadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidmət və yaşayış ünvanlarına, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödəndiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilib: “Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları zamanı Fərhad Mollazadə və Səlim Əlizadənin XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini müntəzəm mənimsəmələrinə əsaslı şübhələr üzə çıxıb. Həmçinin Fərhad Mollazadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvət almalarına dair məlumatlar əldə olunub.
Aparılan araşdırmalarla Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycana gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Mollazadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, Nurupaşa Abdullayev rüşvət alma faktlarına görə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.
Novator.az bildirir ki, xarici işlər naziri postunu Elmar Məmmədyarov tutur.
1960-cı ildə Bakı şəhərində anadan olan Elmar Məmmədyarov Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq bölməsini və SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib. Tarix elmləri namizədidir.
Azərbaycan SSR Xarici İşlər Nazirliyində 2-ci katib, 1-ci katib postlarını tutub.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dövlət protokolu şöbəsinin müdiri, Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyində 1-ci katib, Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar İdarəsinin rəisi, Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri olub.
2003-cü ildən Azərbaycanı İtaliyada fövqəladə və səlahiyyətli səfir kimi təmsil edib.
2004-cü ildən xarici işlər naziridir.