Bu il noyabrın 3-ü ABŞ-da prezident seçkisi keçiriləcək. Qələbə uğrunda Respublikaçılar Partiyasından indiki prezident Donald Tramp, Demokratlar Partiyasından sabiq vitse-prezident Cozef Bayden mübarizə aparırlar.
Novator.az-ın məlumatına görə, koronavirus siyasətçiləri seçicilərə səslənmək üçün texnologiyaya üz tutmağa vadar edib. İnfeksiyanı cilovlamaq naminə tətbiq olunan məhdudiyyətlər prezidentliyə namizədlərin siyasi kampaniyalarına dəyişiklik etməsinə səbəb olub. Səhiyyə xidməti rəsmiləri amerikalılara üzbəüz əlaqəni dayandırmaq barədə müraciət edib. Əhali bu çağırışı dəstəkləyir. Nəticədə prezident seçkisi kampaniyasında qeyri-adi vəziyyət yaranıb. Namizədlər kampaniya təşkilatçılarını və könüllüləri seçilərlə üz-üzə görüşdürə bilmirlər. Seçki fondlarına milyonlar qazandıracaq tədbirlərin keçirilməsi də mümkün deyil.
Respublikaçılar Partiyasından texnologiya mütəxəssisi Erik Uilson deyir ki, koronavirus böhranı virtual kampaniyalara şərait yaradıb.
Namizədlərə dəstək verən “Akronim” siyasi təşkilatının qurucusu Tara Makqovan kampaniya təşkilatçılarının namizədlərini dəstəkləyən adamlara çatmağın yeni yollarını tapmalı olduğunu vurğulayır.
Martda sosial məsafə saxlama tələbi başlayandan Donald Tramp kampaniyası sosial mediada hər gün tok-şou keçirirdi. “Feysbuk” şəbəkəsi və “Yutub” kanalındakı şouların müxtəlif qonaqları olurdu. Bəzi tanınmış respublikaçılar və Tramp ailəsinin üzvləri proqramda gah qonaq, gah da aparıcı kimi görünürdülər. Bir şouda prezidentə öz oğlu suallar vermişdi. Dövlət başçısının kampaniyasının media ilə əlaqələrinə məsul olan Erin Perrin bu hadisəni böyük yenilik adlandırır.
Cozef Bayden də seçicilərlə ünsiyyət üçün sosial mediaya yönəlir. O, tanınmış adamlar və siyasətçilərlə müzakirələr aparmaq üçün “İnstaqram”dan istifadə edib. Namizəd keçmiş prezident Barak Obamanın da qatıldığı virtual müsabiqədə 11 milyon dollardan çox pul yığıb.
Prezident kampaniyaları üçün texnologiyanın istifadəsi yeni hal deyil. Namizədlər internetdən 1996-cı ildən istifadə edirlər. Həmin il kampaniyalar prezident vədləri üçün veb-saytlar hazırladılar. 2000-ci ildə iki namizəd arasında onlayn söhbətlər baş tutmuşdu.
2020-ci ilin seçki kampaniyasında internet reklamlarına televiziya reklamlarından daha çox pul xərclənib. Kampaniyalar üçün daha faydalı vasitə kimi “Feysbuk” önə çıxıb.
Donald Tramp 1946-cı il iyunun 14-də Nyu-Yorkda doğulub. 1968-ci ildə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib.
Uzun illər tikinti biznesi ilə məşğul olan Donald Tramp 1999-cu ildə Respublikaçılar Partiyasına qoşulub.
2016-cı il noyabrın 8-də keçirilmiş prezident seçkisində Respublikaçılar Partiyasının namizədi olmuş Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib. O, 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Hillari Klinton isə 232 nümayəndə qazanıb.
Seçicilər Kollegiyası 2016-cı il dekabrın 19-da prezident seçkisi ilə bağlı yekun qərarını verib. Səsvermədə 304 nəfər Donald Trampı, 227 nəfər Hillari Klintonu dəstəkləyib. Seçicilər Kollegiyasındakı səsvermənin nəticəsi Konqresin 2017-ci il yanvarın 6-da keçirilən iclasında təsdiqlənib, yanvarın 20-də Donald Tramp səlahiyyətlərinin icrasına başlayıb.
Cozef Bayden 1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində doğulub.
1965-ci ildə Delaver Universitetini tarix və politologiya ixtisasları üzrə, 1968-ci ildə isə Sirakus Universitetinin Hüquq Məktəbini bitirib.
Bir müddət hüquqşünas kimi fəaliyyət göstərən Cozef Bayden 1972, 1978, 1984, 1990, 1996, 2002 və 2008-ci illərdə ABŞ Konqresinin yuxarı palatası olan Senatın üzvü seçilib.
1987-1995-ci illərdə Senatın Məhkəmə Komitəsinə, 2001-2003 və 2007-2009-cu illərdə Xarici Əlaqələr Komitəsinə sədrlik edib.
2009-2017-ci illərdə – Barak Obamanın prezidentliyi dövründə vitse-prezident postunu tutub.
İlkin Nizami