İyulun 3-də Müsavat Divanının video rejimli iclası keçirilib. Partiyanın Mətbuat və İnformasiya Departamentindən Novator.az-a verilən məlumata görə, iclasda koronavirus pandemiyası ilə bağlı vəziyyət müzakirə olunub: “Qeyd edilib ki, pandemiya Azərbaycanda geniş yayılmadan hakimiyyətin 5 aya yaxın vaxtı olmasına baxmayaraq zəruri tədbirlər görülməyib, koronavirusa yoluxanların yerləşdirilməsi və onlara zəruri tibbi yardımın göstərilməsində ciddi problemlər yaranıb. Ölkədə infeksiya üzrə ixtisaslaşmış həkimlərin azlığı, eləcə də çarpayıların, ventilyasiya aparatlarının çatışmazlığı haqqında məlumatların ciddi narahatlıq doğurduğu vurğulanıb. Koronavirusa yoluxan xəstələrin bəzi tibb müəssisələrində köməksiz qalması, bəzi xəstəxanalarda hətta sanitar qovşaqların su ilə təmin edilməməsi haqqında məlumatların əsasən yarıtmaz idarəetmədən irəli gəldiyi qeyd olunub.
Müzakirələrdə qeyd edilib ki, hakimiyyət karantin rejiminin tətbiqi ilə bağlı ardıcıl olmayan addımlar atır, ölkənin iri şəhərlərində və bir sıra rayonlarında əhalinin evdən çıxmasına məhdudiyyətlər tətbiq edilsə də, iyun ayında işsizlərə müavinətlərin verilməməsi, eləcə də müqavilə əsasında çalışan, lakin karantin rejimi üzündən işsiz qalan şəxslərin məvaciblərinin ödənməməsi əhalinin haqlı narazılığına gətirir.
Müsavat pandemiya dövründə hökumətin əhaliyə dəstək verməsini, işsizlərə, eləcə də müqavilə əsasında çalışan, lakin karantinə görə işsiz qalan şəxslərə müavinətlərin ödənməsini tələb edir.
Partiya koronavirus testlərinin sayının mümkün qədər artırılması, bu testlərin dövlət vəsaiti hesabına həyata keçirilməsi tələbləri də qoyur”.
Müsavat Divanına partiyanın başqanı Arif Hacılı rəhbərlik edir. Quruma partiya Məclisinin sədri Nüşabə Sadıxlı, Almaz Əliqızı, Fəridə Ələsgərli, Könül Alı, Fərəc Kərimli, Gülağa Aslanlı, Hidayət İsmayıl, Mustafa Hacıbəyli, Nemət Kərimli, Osman Kazımov, Rafiq İsmayıl, Razim Əmiraslanlı, Səxavət Soltanlı və Yusif Tağı daxildir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma fevralın 28-də qeydə alınıb. Ölkədə ümumən 19 min 267 nəfərin koronavirusa yoluxması müəyyən edilib, onların 10 min 820-si müalicə olunaraq sağalıb, 235-i dünyasını dəyişib, 8212-si aktiv xəstədir.
Pandemiya dövründə ölkədə 502 min 965 test aparılıb.
Azərbaycanda koronavirus pandemiyasına görə xüsusi karantin rejimi tətbiq olunur, bir çox iş yeri bağlanıb.
İyunun 21-dən Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, bərbərxanalar, gözəllik salonları qapadılıb, evdən çıxmaq icazə sisteminə bağlanıb.
İyulun 5-dən həmin rejim Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarını da əhatə edəcək.
İşsiz və koronavirus pandemiyasına görə tətbiq olunan xüsusi karantin rejimi üzündən işini itirən şəxslər aprel-may aylarında rəsmi yaşayış minimumu – 190 manat məbləğində birdəfəlik ödəmə alıb. Rəsmi hesabata əsasən, birdəfəlik ödəmə 600 min şəxsi əhatə edib.
Nazirlər Kabinetinin 23 iyun qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmə veriləcək.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, iyulun 1-dək 210 min 653 nəfər muzdlu işçinin əməkhaqqının bir hissəsini dövlət ödəyib, 105 min 638 fərdi (mikro) sahibkara isə yardım edilib.