2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyaya yayılan koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma fevralın 28-də qeydə alınıb.
Novator.az bildirir ki, ümumilikdə 3 yoluxma ilə bitən həmin ayın son günü İranla sərhəd qapadılıb.
Martın 12-si ölkədə koronavirusdan ilk ölüm barədə rəsmi məlumat verilib.
Martın 15-dən yoluxmalar artmağa, yeni itkilər qeydə alınmağa başlayıb. Ayın sonunda ümumilikdə 298 nəfərin koronavirus infeksiyasına yoluxduğu, 5 nəfərin vəfat etdiyi açıqlanıb.
Mart ayı ərzində bütün təhsil müəssisələri, Gürcüstan və Rusiya ilə sərhədlər bağlanıb, Novruz şənlikləri, bütün kütləvi tədbirlər, toy məclisləri, dəfn istisna olmaqla yas mərasimləri ləğv edilib, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu qapadılıb.
Aprelin 5-dən hərəkət məhdudiyyətləri qüvvəyə minib, əksər ticarət obyektləri və məişət xidməti yerləri, bütün ictimai iaşə məkanları bağlanıb.
Aprelin 10-na koronavirusun milli statistikası belə olub: 991 yoluxma, 10 ölüm.
Aprelin 20-dək 1436 yoluxma, 19 itki rəsmiləşib.
Ay bu nəticələrlə bitib: 1804 yoluxma, 24 ölüm.
Aprelin 27-dən karantin yumşaldılıb, bir çox iş və xidmət sahəsində fəaliyyət bərpa olunub.
Mayın 4-dən bərbərxanalar, gözəllik salonları açılıb, ölkənin əksər ərazisində hərəkət sərbəstliyinə imkan verilib, ticarət və ictimai iaşə obyektlərinin fəaliyyəti bərpa olunub.
Mayın 10-dək 2519 yoluxma, 32 itki qeydə alınıb.
Mayın 18-dən yaşayış yerini tərk etməyə qadağalar tam aradan qalxıb, ölkənin bütün ictimai iaşə məkanları açılıb.
Mayın 20-nə statistika belə göstərilib: 3631 yoluxma, 43 ölüm.
Aya bu nəticələrlə nöqtə qoyulub: 5494 yoluxma, 63 itki.
Mayın 31-dən karantin daha da yumşaldılıb, iri ticarət mərkəzləri açılıb.
İyun ayı 5 ölümlə start götürüb.
Ayın 10-na yoluxanların ümumi sayı 8530-a, ölənlərin ümumi sayı 102-yə çatıb.
İyunun 20-nə rəsmi hesabat belə olub: 12238 yoluxma, 148 ölüm.
Ay bu statistika ilə yekunlaşıb: 17524 yoluxma, 213 itki.
İyunun 6-dan 8-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində, iyunun 14-dən 16-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində evdən çıxmaq qadağası tətbiq edilib.
İyunun 21-dən Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, bərbərxanalar, gözəllik salonları qapadılıb, evdən çıxmaq icazə sisteminə bağlanıb.
İyulun 5-dən həmin rejim Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarını da əhatə edəcək.
Bakı metrosunun qapadılacağı, bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşməyin yasaqlanacağı bəyan olunub.
Azərbaycanda koronavirusdan martda 5 nəfər, apreldə 19 nəfər, mayda 39 nəfər, iyunda 150 nəfər həyatını itirib.
İyulun ilk iki günündə 15 nəfər koronavirusa qurban gedib.
Son rəsmi məlumatda yoluxanların ümumi sayı 18684 nəfər göstərilib: 10425 nəfər müalicə olunaraq sağalıb, 228 nəfər dünyasını dəyişib, 8031 nəfər aktiv xəstədir.