Nazirlər Kabineti koronavirus infeksiyasını cilovlamaq üçün yeni qərar verib. Rəsmi məlumata görə, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda tətbiq olunan xüsusi karantin rejimi 5 iyuldan 20 iyuladək uzadılır, eyni zamanda Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarını əhatə edir.
4 iyuldan 20 iyuladək Bakı metrosunda sərnişindaşıma dayandırılır.
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda bu tarixlərdə bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:
4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;
11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;
18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.
Bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.
Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 20 iyul saat 06:00-dək bu iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir:
– nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;
– ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
– muzey və sərgi zallarının fəaliyyəti;
– bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
– təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);
– açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə bu hallarda yol verilir:
– təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə);
– ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə);
– yaxın qohumunun dəfnində iştirakla əlaqədar (102 xidməti vasitəsilə).
Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.
Fəaliyyətinə icazə verilən qurum və sahələrin işləyən əməkdaşları xidməti vəsiqələr və ya İcaze.e-gov.az portalı vasitəsi ilə hərəkət edə bilər.
Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir. Nəzərdə tutulan qaydalarla şəxslərin hərəkəti zamanı onların üzərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan koronavirus xəstəliyi 521 mindən çox adamın həyatına son qoyub.
Azərbaycanda ilk yoluxma fevralın 28-də alınıb, iyulun 2-dək 228 nəfər dünyasını dəyişib.
Hökumət təhsil müəssisələrini bir həftəliyə bağladı
Novruz şənlikləri ləğv olundu. Toy və yas tövsiyəsi
Azərbaycanda ilk itki, yeni məhdudiyyətlər
Operativ qərargahdan məhdudiyyətlər
Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qapadılır
Ölkədə 15 günlük yeni məhdudiyyətlər tətbiq olundu
Karantini yumşaltmaq qərarı verildi
Karantin uzadıldı, şərtlər yeniləndi
Yeni qərar: karantin necə yumşaldılır?
Koronavirus: karantin yenilikləri, rəsmi hesabat
Yoluxma və itki artır, qadağalar gəlir
Operativ qərargah yeni qərar qəbul edib
Karantin uzadılır, yenə yasaqlar gəlir
İcazəni tək SMS-lə deyil, “E-Təbib”lə də almaq mümkün olacaq