İyulun 2-də prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri imzalayıb. Yeniliklər epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin, eləcə də bu rejimlər dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələblərinin pozulmasına görə tətbiq olunan cərimələrin artırılmasını nəzərdə tutur.
Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 10000 manatadək məbləğdə cərimələnəcək.
Bu pozuntular bir ayadək müddətə inzibati həbs cəzası da nəzərdə tutur.
Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələblərinin pozulmasına, habelə vəzifəli şəxslərin həmin tələblərin pozulmasının qarşısını almamasına görə fiziki şəxslərə 100 manat məbləğində, vəzifəli şəxslərə 200 manat məbləğində, hüquqi şəxslərə 400 manat məbləğində cərimə tətbiq ediləcək.
Xətanı inzibati tənbeh almış şəxsin təkrar törətməsi halında fiziki şəxslərə 200 manat məbləğində, vəzifəli şəxslərə 400 manat məbləğində, hüquqi şəxslərə 800 manat məbləğində cərimə düşür.
Novator.az bildirir ki, Nazirlər Kabinetinin qərarına əsasən, bu hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:
– şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);
– bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);
– dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;
– fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;
– açıq sahəli ofislərdə və istehsalat yerlərində;
– tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;
– ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;
– insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.
Azərbaycanda koronavirus pandemiyasına görə xüsusi karantin rejimi tətbiq olunur. İyunun 21-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərləri və Abşeron rayonunda rejim sərtləşdirilib.