Novator.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan publik hüquqi şəxslərin – Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Sosial Xidmətlər Agentliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nizamnamələrinə nəzər salıb.
Prezident İlham Əliyev bu publik hüquqi şəxslərin yaradılmasına 2019-cu il dekabrın 30-da fərman verib, 2020-ci il iyunun 30-da onların nizamnamələrini təsdiqləyib. Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləri sayılıb, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı publik hüquqi şəxslərə keçib.
Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə Sosial Xidmətlər Agentliyinə ötürülüb.
Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə qanunlar, prezidentin və Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Fond prezidentin müəyyən etdiyi hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Qurumun idarəetmə orqanı 5 nəfərlik İdarə Heyətidir. İdarə Heyəti üzvlərini əmək və əhalinin sosial müdafiəsi naziri təyin edir.
Dövlət Məşğulluq Agentliyi aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” qanunun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Agentlik prezidentin müəyyən etdiyi hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
Qurumun idarəetmə orqanı 5 nəfərlik İdarə Heyətidir. İdarə Heyəti üzvlərini əmək və əhalinin sosial müdafiəsi naziri təyin edir.
Sosial Xidmətlər Agentliyi “Sosial xidmət haqqında” qanunla müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Agentlik prezidentin müəyyən etdiyi hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
Qurumun idarəetmə orqanı 4 nəfərlik İdarə Heyətidir. İdarə Heyəti üzvlərini əmək və əhalinin sosial müdafiəsi naziri təyin edir.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Agentlik prezidentin müəyyən etdiyi hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
Qurumun idarəetmə orqanı 4 nəfərlik İdarə Heyətidir. İdarə Heyəti üzvlərini əmək və əhalinin sosial müdafiəsi naziri təyin edir.
Qanuna görə, publik hüquqi şəxs dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsası 1918-1919-cu illərdə qoyulub, 1920-ci ildən Xalq Təsərrüfatı Şurası, Xalq Əmək Komissarlığı, İctimai Təminat Komissarlığı, Xalq İctimai Təminat Komissarlığı adları daşıyıb.
10 dekabr 1992-ci ildə Sosial Təminat Nazirliyi ilə Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin bazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradılıb.
2018-ci il aprelin 21-dən əmək və əhalinin sosial müdafiəsi naziri postunu 1980-ci il təvəllüdlü Sahil Babayev tutur.