Şəffaflığa əngəl qanunlar
- 01 İyul 2020
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Bəkir Nərimanoğlu
Faydalanan şəxsin üzə çıxmasını nəzərdə tutan benefisiar sahiblik beynəlxalq şəffaflıq təşəbbüsləri arasında yeni bir səviyyədir. Böyük 8-lik ölkələrinin (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Rusiya, Yaponiya) 2013-cü ilin mayında keçirilmiş sammitində gündəmə gələn benefisiar sahiblik əvvəlkilərdən (Mədən Sənayesində Şəffaflıq, Açıq Hökumət və s.) daha çox şəffaflıq tələbi qoyur. Benefisiar sahiblik şirkət və ya ticarət fəaliyyətindən birbaşa və ya dolayı fayda götürən fiziki şəxsə aid edilir. Yəni şirkətin yalnız təsisçiləri deyil, ondan faydalananlar da açıqlanmalıdır.
Bəs Azərbaycan qanunvericiliyi benefisiar sahibliyin tətbiqinə imkan verirmi?
“Benefisiar sahibliyin” Azərbaycandakı tərifi
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda benefisiar sahiblik anlayışı yer alır. Bu anlayış digər maliyyə xidməti qanunlarına da daxil edilib və rəsmən “benefisiar mülkiyyətçi” kimi keçir.
Qanunvericiliyə görə, benefisiar mülkiyyətçi pul vəsaitləri və ya digər əmlakla əlaqədar əməliyyatlardan son nəticədə iqtisadi və ya hər hansı digər fayda əldə edən fiziki və ya hüquqi şəxs, o cümlədən xeyrinə əqdlərin həyata keçirildiyi hüquqi şəxsin əsl sahibi və ya müştəriyə nəzarəti həyata keçirən və (və ya) adından maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirildiyi fiziki şəxs və ya hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxsdir.
“BDO Azərbaycan”, “Engaged Consulting Limited” və “Michael Barron Consulting”in (sonuncu ikisi Böyük Britaniyanı təmsil edir) “Azərbaycanda hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsinin tətbiqinə dəstək” adlı hesabatına görə, Azərbaycanda işlədilən tərif hasilat sənayesində qabaqcıl beynəlxalq təcrübə ilə tələb olunan bu məsələləri həll etmir:
– hüquqi şəxsi sonuncu benefisiar sahib saymağa icazə verməklə birlikdə dövlətin tam mülkiyyətində olan şirkəti benefisiar sahib kimi qəbul etmir;
– yalnız xarici siyasi nüfuz sahiblərinə istinad edir;
– siyasi nüfuz sahiblərinə və ya digərlərinə aid olan benefisiar sahibliyə dair hesabatlılıq üçün konkret hədd müəyyən edilməyib.
Başqa sözlə, “benefisiar mülkiyyətçi” tərifi hasilat sektorunda benefisiar sahibliyin tətbiqi üçün uyğun deyil.
“Qanuni” yasaqlar
Həm yerli, həm də beynəlxalq ekspertlərin qənaətinə görə, Azərbaycan qanunvericiliyində benefisiar sahibliyin tətbiqi üçün bir çox qanun dəyişməlidir. Bunların içində iki qanun – “Kommersiya sirri haqqında” qanun və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri” haqqında qanun diqqət çəkir.
“Kommersiya sirri haqqında” qanun kommersiya sirri sayılan məlumatın tərifini və belə məlumatın hüquqi rejimini müəyyənləşdirir. Qanun kommersiya hüquqi şəxslərin birbaşa sahibləri barədə məlumatı kommersiya sirri kimi qəbul edir.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 18-ci maddəsinə (Dövlət reyestrinin aşkarlığı) nəzər salaq:
18.1. Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı istənilən maraqlı şəxsin tələbi ilə hüquqi şəxsin dövlət qeydiyyatına alınması və ya alınmaması barədə məlumat verməlidir.
18.2. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsinə dair, habelə hüquqi şəxslərin təşkili və fəaliyyəti ilə əlaqədar dərc edilməsi qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) ümumi tanışlıq üçün rəsmi dövlət qəzetində dərc edilir.
“Kommersiya sirri haqqında” qanunun 4-cü maddəsində (Kommersiya sirri hesab edilən məlumatlar) qeyd olunur ki, təsis sənədlərində əksini tapan məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) hüquqi və fiziki şəxslərin bu qanunun tələblərinə uyğun olan məlumatları kommersiya sirri hesab edilir.
İqtisadçı ekspert Azər Mehtiyev bildirir ki, Azərbaycan qanunvericiliyi şirkətlərin təsisçiləri haqqında məlumatları kommersiya sirri hesab edir və bu məlumatların açıqlanmasına qadağa qoyur: “12 iyun 2012-ci ildə “Kommersiya sirri haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlara dəyişikliklər edildi. Həmin yeniliklərdən sonra Azərbaycanda qeydiyyatdan keçirilən şirkətlərin təsisçiləri gizlədilir. Ölkədə benefisiar sahibliklə bağlı addım atmaq üçün ilk növbədə qeyd etdiyim qanunlarda dəyişikliklər etmək gərəkdir”.
Məmur sahibkarlığına yaşıl işıq
Azər Mehtiyev bildirir ki, “Kommersiya sirri haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlara 12 iyun 2012-ci ildəki dəyişikliklər müstəqil medianın məmur sahibkarlara məxsus şirkətlər haqqında məlumatları aşkarlamasına görə edilib: “Hökumət məmur sahibkarlığının qarşısını almaq əvəzinə ona geniş meydan vermiş oldu, korrupsiyanın yayılmasının tərəfində olduğunu göstərdi. Şirkətlərin təsisçiləri haqqında məlumatları gizlədən hökumət benefisiar sahiblərin açıqlanmasında maraqlı olarmı?!
Azərbaycanda benefisiar sahibliyin tətbiqi üçün ölkə qanunvericiliyinə yeni terminlər gətirilməlidir. Qanunvericilikdəki benefisiar mülkiyyətçi termini aydınlaşmalı və onun hədləri müəyyən olunmalıdır.
İkincisi, siyasi nüfuz sahiblərinin çərçivəsi müəyyən olunmalıdır. Vətəndaşlar və siyasi nüfuz sahiblərinə münasibətdə açıqlanmalı olan benefisiar sahiblik hədləri həllini tapmalıdır. İndiki qanunvericilikdə bu kimi vacib məsələlərə toxunulmur”.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyir ki, benefisiar sahiblik Azərbaycan üçün aktualdır: “Korrupsiyaya qarşı mübarizəni səmərəli etmək, kölgə iqtisadiyyatını azaltmaq, vergidən yayınmanı azaltmaq istəyiriksə, benefisiar sahiblik tətbiq edilməlidir. Cəmiyyət bilməlidir ki, firmanın, şirkətin sahibi konkret kimdir. Çox təəssüf ki, Azərbaycan qanunvericiliyində bu məsələ öz həllini yetərincə tapmayıb, çox ciddi boşluqlar var. Mülki Məcəlləyə dəyişiklik edilməli, benefisiar sahibliklə bağlı anlayışlar verilməlidir. Digər tərəfdən benefisiar mülkiyyətin hədləri ilə bağlı məsələlərə aydınlıq gətirilməlidir”.
Bütün sektorlara…
Əliməmməd Nuriyev əlavə edir ki, benefisiar sahiblik sadəcə hasilat sənayesinə deyil, bütün sektorlara aid edilməlidir: “Yalnız mədən hasilatı sahəsində tətbiq yarımçıq olar. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna da dəyişiklik edilməli, həmçinin “İnformasiya əldə etmək haqqında” qanun yenilənməlidir. Təsisçilər haqqında məlumatların verilməsi kommersiya sirri elan edilib. Benefisiar sahiblikdən söhbət gedirsə, təsisçilər haqqında məlumat şəffaf olmalıdır”.
Əliməmməd Nuriyev qeyd edir ki, benefisiar mülkiyyətçilərin reyestri tam açılmalıdır: “Hər kəsin reyestrdə restoranın, şirkətin faktiki kimə məxsusluğu və ya səhmdarlarının kimliyi barədə məlumatları əldə etmək imkanı olmalıdır. Mülkiyyətçilərin bütövlükdə payı reyestrdə aydın görünməlidir”.
Azərbaycan benefisiar sahibliklə bağlı öhdəliyi Mədən Hasilatı Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində götürmüşdü. MHŞT standartının tələblərinə əsasən, onu 2017-ci ilin 1 yanvarına qədər tətbiq edən ölkələr benefisiar sahiblik üzrə çərçivənin yaradılması tədbirlərini özündə ehtiva edən yol xəritəsi hazırlayıb dərc etməli idilər. Həmçinin həmin tələblərə əsasən, standartı 1 yanvar 2020-ci ildən tətbiq edən ölkələrdən benefisiar sahiblik məlumatları üzrə sorğu göndərmək, şirkətlərdən isə bu məlumatları açıqlamaq tələb olunur.
MHŞT-nin Azərbaycanda tətbiqini həyata keçirən qurum olan Çoxtərəfli Qrup 20 dekabr 2016-cı ildə yol xəritəsini təsdiqlədi və dərc etdi.
2017-ci il martın 9-da MHŞT İdarə Heyətinin qərarı ilə Azərbaycanın qurumda üzvlüyü dayandırılıb.