Nazirlər Kabineti “Məhkəmə ekspertinin etik davranış kodeksi”ni (1), “Məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi qaydaları”nı (2), “Məhkəmə ekspertizası tədqiqat metodlarının dövlət reyestrinin aparılması və yeni metodların həmin reyestrə daxil edilməsi qaydaları”nı (3) təsdiqləyib.
2020-ci il martın 1-dən məhkəmə-hüquq sistemində dəyişiklikləri nəzərdə tutan qanunlar zərfi qüvvəyə minib. Novator.az bildirir ki, yeniliklərdən biri “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna çevrilməsi olub. Həmin qanuna əsasən, ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan vətəndaşı məhkəmə eksperti ola bilər. Şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsi almalıdır.
Məhkəmə ekspertizası təhqiqatçının, müstəntiqin və prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilir. Təhqiqatçının, müstəntiqin və prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilmiş ekspertizanı məhkəmə ekspertizası idarələrinin ekspertləri həyata keçirir.
Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri (qanuni nümayəndələri) məhkəmə ekspertizasının aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdir. Bu halda məhkəmə ekspertizası həmin şəxslərlə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə ekspertləri arasında bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş edən şəxslərin hesabına həyata keçirilir.
Nazirlər Kabinetinin qərarı ilə rəsmiləşən “Məhkəmə ekspertinin etik davranış kodeksi”nə görə, etik davranış qaydalarına əməl olunması üçün məhkəmə ekspertinin davranışının həmin qaydalara uyğunluğunu tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinə münasibətdə Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyi, özəl məhkəmə ekspertlərinə münasibətdə onların özləri və Ədliyyə Nazirliyi müntəzəm təhlil edir və müvafiq tədbirlər görür.