İyunun 30-da prezident İlham Əliyev BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə videokonfransda bir araya gəlib. Rəsmi məlumata görə, İlham Əliyev turizmin pandemiya şəraitində ən çox zərər çəkən sahələrdən olduğunu vurğulayıb: “Biz bunu Azərbaycanda da, bütün dünyada da müşahidə edirik. Buna görə təbiidir ki, sizin üzərinizə əlavə yük düşüb. Pandemiya dövründə turist axını təbii olaraq çox azalıb, lakin postpandemiya dövründə də bu sahənin bərpa olunması müəyyən məhdudiyyətlərlə bağlı olacaq.
Son vaxtlar Azərbaycana gələnlərin sayının xeyli artması müşahidə olunurdu. Keçən il rekord göstərici qeydə alınıb – 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər edib. Faiz nisbətində desək, turist axını təqribən 15 faiz artıb. Son 4-5 ildə orta illik artım göstəricisinin 10-24 faiz həddində olmasını nəzərə alsaq, deyə bilərik ki, bu sahə çox geniş vüsət alıb. Pandemiya dövründə biz bu sahədə işləyən insanlara maddi dəstək göstərmişik, çünki onlar praktiki olaraq işsiz qalıblar. Sahə bərpa olunmağa başlayana qədər bu dəstək göstəriləcək”.
Dövlət başçısı qeyd edib ki, pandemiya dövründə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan öz sərhədlərini bağlayıb: “Bizim sərhədlərimiz indiyə qədər bağlıdır, onlar yalnız vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qəbulu üçün və Azərbaycanı tərk etmək istəyən əcnəbilərin getməsi üçün açıqdır. Biz ilk növbədə insanların təhlükəsizliyi, sağlamlığı, onların həyatı barədə düşünürük. Əlbəttə, virusun Azərbaycana kənardan gətirildiyini nəzərə alaraq hesab edirik ki, indiki mərhələdə yeganə düzgün yol sərhədlərin bağlanmasıdır. Lakin ümid edirik ki, pandemiya zəiflədikcə, o cümlədən bizim sıx əməkdaşlıq etdiyimiz Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməklə biz də sərhədləri açacağıq. Bunun nə vaxt baş verəcəyini demək çətindir. Lakin bu baş verən kimi turizm sektorunun bərpasına dair sizin tövsiyələriniz çox gərəkli olacaq.
Bu dövrdə biz nə etmişik? Biz turizm sektorunun işçilərinin əməkhaqqının çox hissəsini ödəmişik ki, onların dolanışıq üçün vəsaiti olsun və bu sahədə sahibkarlar kadr potensialını qoruyub saxlaya bilsinlər. Mənə təəssüflə məruzə edirlər ki, işçilərin sayı müəyyən qədər ixtisar edilir. Buna görə mən hökumətə təlimat vermişəm ki, bu məsələyə baxılsın və turizm sektorunun dəstəklənməsi davam etdirilsin. Ona görə ki, bu potensialı artırmaq çox çətin və məsul məsələdir. Azərbaycanda biz bu istiqamətdə çox fəal irəliləmişik. Əvvəlcə infrastruktur layihələrindən, ölkəmizin təqdimatı ilə bağlı layihələrdən, sərgilərdə iştirak etməkdən, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsindən başladıq. Azərbaycanda turizmin sürətli inkişafı çox cəhətdən “Formula 1” yürüşlərinin keçirilməsi ilə bağlı idi. Birinci yürüş keçiriləndən dərhal sonra turizmin artmasını gördük. Hər il bu potensial artır və müxtəlif məlumatlara görə əcnəbilər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar pul xərcləyirlər. Bu, iqtisadiyyata böyük valyuta axını deməkdir. Buna görə də turizm sənayesinin yaradılması üçün çox böyük qüvvə sərf etmişik və hotel biznesi ilə məşğul olan iri firmalar, dünyanın aparıcı brendləri Azərbaycana gəliblər. Bunu nəzərə alaraq biz bu sahəni itirə bilmərik. Biz kadr potensialını, qazanılmış təcrübəni qoruyub saxlamalıyıq. Buna görə dövlət bu sahəni dəstəkləyəcək.
Lakin postpandemiya dövründə işi daha düzgün görmək üçün bizə sizin təşkilatın tövsiyələri lazımdır. Biz buna çox ümid edirik. Əminik ki, sizin verəcəyiniz məsləhətlərə əməl edəcəyik və onları həyata keçirməklə çalışacağıq ki, bu sahəni maksimum qısa müddətdə bərpa edək. Hərçənd bu, asan olmayacaq. Əlbəttə, biz turizm sahəsində aparıcı ölkələrin, böyük təcrübəyə malik olan və özlərinin iqtisadi inkişafında müəyyən dərəcədə, əhəmiyyətli dərəcədə turizm sektoruna güvənən ölkələrin atdığı addımları diqqətlə izləyəcəyik, lakin əlaqələrimizi də davam etdirəcəyik.
Biz Dünya Turizm Təşkilatının tövsiyələrinə riayət edəcəyik. Daha çox inkişaf etmiş turizm sənayesinə malik olan ölkələrin addımlarını müşahidə edəcəyik. Xüsusən ona görə ki, yay mövsümünün az qala üçdə bir hissəsi arxada qalıb. Buna görə yəqin ki, iyul-avqust aylarında ölkələr daha çox açılacaq. Mən dünyada baş verən hadisələri müşahidə edirəm və görürəm ki, turizm istiqamətləri arasında aviasiya əlaqələri artıq bərpa olunur, buna görə biz bu prosesi çox diqqətlə izləyəcəyik.
Eyni zamanda onu da demək istərdim ki, indi, xüsusən pandemiya dövründə biz daxili turizmə böyük diqqət yetiririk. Çünki daxili turizm xarici turizmi tam əvəz etməsə də, hər halda bizim turizm infrastrukturunu, o cümlədən regionlarda müəyyən dərəcədə doldura bilər. Azərbaycan vətəndaşlarının hələlik xaricə gedə bilmədiklərini nəzərə alaraq daxili turizm sənayesini dəstəkləyən amil ola bilər. Pandemiya sovuşandan dərhal sonra biz, əlbəttə, öz addımlarımızı çox dəqiq planlaşdırmalıyıq. Səhvə yol verməmək və məhz turizm sahəsinin bərpası istiqamətində addımlar atmaq üçün sizin növbəti məsləhətlərinizi, tövsiyələrinizi gözləyəcəyik.
Əminəm ki, bütün dünyada turizm sahəsi bərpa olunacaq. Bu, birmənalı olaraq belədir, sadəcə, vaxt tələb edir. Biz bu sahəyə sərmayə qoyulmasını bundan sonra da davam etdirəcək, əcnəbi turistlər üçün daha yaxşı şərait yaradacağıq. Ona görə ki, Azərbaycanda buna kömək edə biləcək bütün amillər var: sabit ictimai-siyasi şərait, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələr, təbiətin müxtəlifliyi, yay turizmi, qış turizmi və Azərbaycan mətbəxi. Belə ki, burada bütün amillər var. Həm coğrafi mövqeyimiz, həm dünyanın müxtəlif ölkələri ilə aviasiya əlaqələrimiz. Buna görə yalnız məqsədyönlü iş və potensialın artırılması, bir də, əlbəttə, məsələn, ölkəyə əcnəbi vətəndaşların böyük axınına mane olan bürokratik əngəllərin aradan qaldırılması lazımdır. Bütün bunlar gündəlikdədir”.