Faydalananın adını bilmək: nə faydası var?
Bəkir Nərimanoğlu
2013-cü ildə beynəlxalq şəffaflıq təşəbbüslərinə bir yenisi qoşuldu: benefisiar sahiblik. Böyük 8-lik ölkələrinin (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Rusiya, Yaponiya) rəhbərləri 2013-cü ilin mayında keçirilən sammitdə benefisiar sahiblərin (faydalanan şəxsin) gizlədilməsi probleminə qarşı tədbirlər görəcəklərini bildirib müvafiq qərarlar verdilər. O vaxtdan şirkətlərə və digər hüquqi şəxslərə kimin sahib olması və onlardan yararlanması, benefisiar sahiblərin ölkələrin mərkəzi qeydiyyat sistemlərində qeydiyyatdan keçmələri istiqamətində qlobal hərəkat başladı.
Böyük 8-liyin 2013-cü il sammitindən sonra FATF – Maliyyə Tədbirləri üzrə İşçi Qrup (MTİQ) şəffaflıq və benefisiar sahibliklə bağlı göstərişlərini dərc etdi.
2014-cü ildə Böyük 20-liyin (ABŞ, Almaniya, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və Avropa İttifaqı) Brizban sammitində benefisiar sahiblik məlumatlarının toplanması barədə yüksək səviyyəli prinsiplər razılaşdırıldı.
2015-ci ildə Avropa İttifaqı “Çirkli pulların yuyulması ilə bağlı dördüncü direktivi”ni qəbul etdi.
Bu təşəbbüsü Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü də (MHŞT) öz standartlarında şərtləşdirib.
Azərbaycanın öhdəliyi
Azərbaycan benefisiar sahibliklə bağlı öhdəliyi MHŞT çərçivəsində götürmüşdü. MHŞT standartının tələblərinə əsasən, onu 2017-ci ilin 1 yanvarına qədər tətbiq edən ölkələr benefisiar sahiblik üzrə çərçivənin yaradılması tədbirlərini özündə ehtiva edən yol xəritəsi hazırlayıb dərc etməli idilər. Həmçinin həmin tələblərə əsasən, standartı 1 yanvar 2020-ci ildən tətbiq edən ölkələrdən benefisiar sahiblik məlumatları üzrə sorğu göndərmək, şirkətlərdən isə bu məlumatları açıqlamaq tələb olunur.
MHŞT-nin Azərbaycanda tətbiqini həyata keçirən qurum olan Çoxtərəfli Qrup 20 dekabr 2016-cı ildə yol xəritəsini təsdiqlədi və dərc etdi.
2017-ci il martın 9-da MHŞT İdarə Heyətinin qərarı ilə Azərbaycanın qurumda üzvlüyü dayandırılıb. Azərbaycan prezidentinin 5 aprel 2017-ci ildə imzaladığı “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanla Azərbaycan hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə bütün beynəlxalq səyləri dəstəklədiyini və beynəlxalq standartların ölkədə tətbiqini davam etdirmək əzmində olduğunu bəyan etdi. Fərmana əsasən, hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya yaradıldı. Komissiyanın Katiblik funksiyası Dövlət Neft Fonduna (DNF) həvalə edildi. DNF-dən verilən məlumata görə, Azərbaycanın MHŞT-ni tərk etməsindən sonra yaradılmış HSŞ Komissiyası Asiya İnkişaf Bankı ilə Azərbaycanın mədən sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması layihəsinin həyata keçirilməsi məqsədilə texniki yardım göstərilməsi danışıqlarına başlayıb və müvafiq razılıq əldə olunub: “Danışıqların nəticəsi olaraq HSŞ Komissiyasının sədri və Asiya İnkişaf Bankının missiya rəhbəri 2017-ci il sentyabrın 14-də “Azərbaycanın mədən sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsinin icrasını dəstəkləmək məqsədilə texniki tapşırıq” sənədi imzalayaraq təsdiq ediblər. 20 avqust 2018-ci ildə “BDO Azərbaycan” və “Michael Barron Consulting” şirkətləri Azərbaycanda hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair bir neçə hesabat açıqlayıb”.
Şəffaflığın əhəmiyyəti
Benefisiar sahiblik bir şirkət və ya ticarət fəaliyyətindən birbaşa və ya dolaylı fayda təmin edən fiziki şəxsə aid edilir. Benefisiar sahibliyin açıqlanmasının vahid qlobal standartı yoxdur. “BDO Azərbaycan” MMC, “Engaged Consulting Limited” (Böyük Britaniya) və “Michael Barron Consulting”in (Böyük Britaniya) Azərbaycanda benefisiar sahibliyin açıqlanmasına dair məsləhətləşmə sənədində benefisiar sahibliyin icbari açıqlanmasının üstünlükləri sadalanır:
– vətəndaşlar, dövlət, yerli və beynəlxalq sənaye iştirakçıları, investorlar və kreditorlar üçün hasilat sənayesinə etimadın möhkəmlənməsi;
– benefisiar sahibliyin şəffaflığı üçün tam hüquq ekspertizası və öz müştərini tanı tələblərinə cavab vermək məqsədilə investorların və maliyyə provayderlərinin tələblərinin təmin edilməsi;
– dövlətlərə asanlıqla əlçatan və vergidən yayınmaya, korrupsiyaya, çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsinə və s. qarşı etibarlı mübarizə aparmaq üçün zəruri olan məlumatın verilməsi;
– hesabatlılığın artırılması və maraqlı tərəflərə hasilat sənayelərinin gəlirlərinə həqiqətdə kimin nəzarət etməsi və/və ya onlardan mənfəət əldə etməsinin yoxlamasına icazə verilməsi;
– açıqlanmamış, əsasən də siyasi nüfuz sahiblərinə aid maraqların toqquşmasının qarşısının alınması;
– maraqlı tərəflərin milli hasilat sənayesi sahəsinə kimlərin sərmayə qoyduğu və nəzarət etdiyi barədə aydın təsəvvürü olmasının təmin edilməsi.
Azərbaycandakı durum
MHŞT dövlətlərin namizədlik üçün müraciət etməyi seçdikləri könüllü təşəbbüsdür, onun tətbiqini dəstəkləyən hər hansı beynəlxalq razılaşma və ya digər öhdəlik yoxdur. MHŞT standartının hazırkı versiyası 2016-cı ildə razılaşdırılıb və benefisiar sahibliyin açıqlanması barədə maddələri ehtiva edir. Benefisiar sahibliyin açıqlanması 1 yanvar 2020-ci ildən məcburidir və tətbiq edən ölkələrdən 1 dekabr 2016-cı ilə qədər yol xəritələrini təqdim etmələri istənib.
Ekspert rəyləri
İctimai Birliklərin MHŞT Koalisiyasının koordinatoru Himayət Rizvanqızı xatırladır ki, MHŞT standartlarının 2.5-ci bəndinə əsasən, 1 yanvar 2020-ci ilədək bütün iştirakçı ölkələr mədən aktivləri üçün tenderdə iştirak edən, bu sahədə fəaliyyət göstərən və ya investisiya yatıran hüquqi şəxslərin öz benefisar sahiblərinin kimliyini açıqlamalı, həmçinin siyasi xadim olan benefisiar sahiblərin də müəyyən olunmasını təmin etməliydilər: “MHŞT çərçivəsində benefisiar sahiblik məlumatlarının açıqlanması, yəni benefisiar sahiblərin və onların sahiblik səviyyəsinin ictimaiyyət üçün açıq reyestrinin (benefisiarların adları, sahiblik səviyyəsi, sahibliyin və ya nəzarətin necə aparıldığı barədə məlumatlar daxil olmaqla) aparılması ilk növbədə hasilat sənayesində şəffaflığın daha da artırılmasına, korrupsiya və vergidən yayınma hallarının qarşısının alınmasına xidmət edir. Bu standartın tətbiqi ictimaiyyətə hasilat sənayesində – neft, qaz və mineral resursların kəşfi, inkişafı və hasilatı ilə əlaqəli kommersiya fəaliyyəti göstərən şirkətlərin sahibini və ya kommersiya fəaliyyətindən faydalanan şəxsi müəyyən etməyə imkan verir”.
Himayət Rizvanqızının sözlərinə görə, benefisiar sahibliyin açıqlanması həmçinin kimin nə qədər gəlir əldə etdiyini izləməyə, vergi, rüsum və digər ödənişlərin toplanmasından əmin olmağa imkan yaratmaqla bərabər yaxşı idarəetməyə də töhfə verir. “Hədəfi şəffaflığı inkişaf etdirmək və ictimai açıqlamanı rəhbər prinsip kimi tətbiq etmək olan ölkələr ictimaiyyətin benefisiar sahiblik məlumatına çıxış imkanlarının artırılmasında maraqlı olacaq. İqtisadi və siyasi hakimiyyətin bir əldə cəmləşdiyi totalitar ölkələr isə benefisiar sahibliklə bağlı məlumatların açıqlanması prosesini müxtəlif bəhanələrlə mümkün olduğu qədər yubadacaq”.
İctimai Birliklərin MHŞT Koalisiyasının üzvü, iqtisadçı ekspert Zöhrab İsmayıl da deyir ki, Azərbaycan benefisiar sahibliklə bağlı standartları tətbiq etsə, ən azı neft şirkətlərinin kimə məxsus olduğu bəlli olar: “İctimaiyyət bilərdi ki, həmin şirkətlərin son faydalanan sahibləri kimdir. Bu da çox önəmlidir”.
İqtisadçı əlavə edir ki, tanınmış xarici neft şirkətləri ilə bağlı məlumatlar açıqdır: “Azərbaycanda birgə müəssisələr, kiçik şirkətlər var ki, şəffaf deyillər. Hətta Çindən gəldiyini bildirən şirkət var. Standart tətbiq edilsə, onlardan kimin faydalandığını biləcəyik”.