Prezident İlham Əliyev iyunun 24-ü 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxış edib. AZƏRTAC xəbər verir ki, korpusda orta simptomları olan infeksion koronavirus xəstələrin qəbulu və müalicəsi üçün şərait yaradılıb. Üç korpusdan ibarət olan, ümumilikdə 100 palata və 200 çarpayılıq xəstəxana kompleksi mərkəzləşdirilmiş oksigen generator sistemi, həmçinin xüsusi havalandırma sistemi ilə təchiz olunub. Bu sistem havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürəcək.
Tibb işçisi ilə görüşdə İlham Əliyev deyib ki, ölkədə daha dörd modul tipli xəstəxana açılıb: “Onların ikisi Bakıda, biri Sumqayıt şəhərində, biri Abşeron rayonunda artıq fəaliyyətə başlayıb. Yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək, xəstəxanaların sayı 10-a çatacaq. Bu bizə imkan verəcək ki, əlavə 2 min çarpayı əldə edək.
Bu xəstəxanaların tikintisi qərarı aprel ayında qəbul edilib. O vaxt xəstələrin sayı az idi. Eyni zamanda aprel ayında xəstələnənlərin və sağalanların arasında fərq müsbət idi. Daha çox insan sağalırdı, nəinki xəstələnirdi. Amma buna baxmayaraq hesab etdik ki, əlavə çarpayıların əldə edilməsi də faydalı ola bilər. Həyat göstərdi ki, bu nə qədər düzgün qərar idi. Çünki bu gün xəstələrin sayı artır və beləliklə, bizə yeni çarpayılar lazımdır.
Koronavirusla əlaqədar ilkin mərhələdə qabaqlayıcı tədbirlərimiz bizi böyük fəlakətdən qorudu. Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır. Cəmi 13 min insan yoluxub. Onların böyük əksəriyyəti sağalıb və xəstəxanalardan çıxıb. Qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin çox böyük faydası olub.
May ayının əvvəlindən artıq yumşalma meyilləri başladı. Bunun da səbəbi o idi ki, sağalanların sayı yoluxanların sayından çox idi. Ancaq son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Bu qaydalar haqqında bəlkə min dəfə deyilib. Həm mən demişəm, həkimlər deyib, tibb mütəxəssisləri deyib, müxtəlif insanlar deyib. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir – maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik. Çünki görürdük ki, xəstələnənlərin sayı, dinamikası artır və belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz. Ona görə bu həftənin əvvəlindən Bakı şəhərində və bir neçə digər şəhərdə daha da sərt karantin rejimi tətbiq edilir. Bunun əsas və yeganə səbəbi odur ki, əfsuslar olsun, bəzi insanlar elementar qoruyucu qaydalara əməl etmirlər. Bu sərtləşdirilmiş rejim nə qədər davam edəcək, bunu həyat və koronavirusun yayılması göstərəcək.
Həkimlər yaxşı bilirlər və artıq ictimaiyyətə də dəfələrlə bu fikir çatdırılıb ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Hər kəs yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar. Odur ki, biz bu addımı atdıq və hesab edirəm ki, düz etmişik.
Biz çalışmalıyıq ki, bu vəziyyətdən şərəflə çıxaq. Ancaq dövlətin addımları kütləvi surətdə ictimaiyyətdən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək.
İndi hər kəs peyvəndi gözləyir, o cümlədən də biz. Amma bəzi həkimlərin fikrinə görə, peyvənd də bəlkə bu koronavirusu tam məhv edə bilməyəcək. Kim bilir? Bu peyvənd hələ icad edilməyib. Hələ bunun üzərində iş aparılır. Amma yoluxanların sayı artır, beləliklə, təhlükə də artır. Ona görə burada ancaq və ancaq vətəndaşların məsuliyyəti ön planda olmalıdır.
Dövlət nə lazımdırsa, onu edir. Bundan artıq nəsə etmək mümkün deyil. Çünki nə lazım idisə, biz onu etmişik və edəcəyik. Bu məqsədlər üçün istənilən vəsaiti xərcləməyə hazırıq, vəsaitimiz də var və heç kimdən də asılı deyilik. Bəzi ölkələrdən fərqli olaraq heç kimə müraciət etmirik.
Dövlət nəzarəti, ictimai nəzarət, vətəndaşların nizam-intizamı və məsuliyyəti artmalıdır. Əgər biz görsək ki, nizam-intizam bundan sonra da pozulur, onda fikirləşərik, daha hansı təsirli addımlar atılsın ki, bu qaydaları pozanlara qarşı daha ciddi tədbirlər görülsün”.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyi 481 min nəfərin həyatına son qoyub.
Azərbaycanda ilk yoluxma fevralın 28-də, ilk itki martın 12-də qeydə alınıb.
Nazirlər Kabineti yanında operativ qərargahın 24 iyun məlumatında yoluxanların ümumi sayı 14 min 305 nəfər göstərilib: onların 7768-i müalicə olunaraq sağalıb, 174-ü vəfat edib, 6363-ü aktiv xəstədir.
Ölkədə xüsusi karantin rejimi var: sərhədlər qapadılıb, dəfn istisna olmaqla yas mərasimləri, kütləvi tədbirlər, toy məclisləri yasaqlanıb və başqa məhdudiyyətlər tətbiq olunub.
İyunun 21-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərləri və Abşeron rayonunda iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, muzey və sərgi zalları, bərbərxanalar, gözəllik salonları bağlanıb, evdən çıxmaq icazə əsasında mümkündür.