Prezident İlham Əliyev dövlət dili normalarına riayət edilməsini nəzərdə tutan qanunları imzalayıb. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda yeniliklər Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarının qorunması sahəsində öhdəliklər müəyyənləşdirir.
Novator.az bildirir ki, İnzibati Xətalar Məcəlləsinə salınan 533-1-ci maddəyə əsasən, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 400 manatadək məbləğdə, hüquqi şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilir.
Qanunların tətbiqi ilə bağlı prezident fərmanında Milli Televiziya və Radio Şurasına teleradio yayımı sahəsində dövlət dilindən istifadənin və dövlət dili normalarına riayət edilmənin təmin olunması ilə bağlı qaydalar müəyyənləşdirmək səlahiyyəti verilib.
Milli Televiziya və Radio Şurası teleradio yayımları üzrə, Azərbaycan Mətbuat Şurası digər kütləvi informasiya vasitələri üzrə inzibati xəta protokolu tərtib edə biləcək.
Digər inzibati xətalar üzrə protokol tərtib etmək səlahiyyəti Dövlət Reklam Agentliyində olacaq.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi üzrə nəzarət “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisi üzrə nəzarət Dənizkənarı Bulvar İdarəsindədir.
Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında pozuntular üzrə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi də protokol tərtib edə biləcək.
Dövlət Dil Komissiyasına prezident sədrlik edir. Komissiya yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsdir.