AZƏRTAC prezident İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezidenti, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri və digər nümayəndələri ilə iyunun 16-da keçirdiyi videokonfransın mətnini yayıb.
İlham Əliyev deyib ki, koronavirus pandemiyası ənənəvi həyat tərzinə ciddi şəkildə müdaxilə edir: “Bununla belə, biz özümüzü reallığa uyğunlaşdırmalıyıq. Azərbaycanda vəziyyət nəzarət altındadır. Eyni zamanda biz qlobal miqyasda da fəaliyyət göstəririk. Azərbaycan 29 ölkəyə humanitar yardım göstərib və bu proses davam edir. Biz özümüzü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdiririk.
Əsas diqqəti insanların koronavirusdan qorunmasına yönəltdik və bunun bizim iqtisadi artımımıza çox mənfi təsir göstərəcəyini aydın şəkildə başa düşürük. Bizim bu il üçün çox böyük perspektivlərimiz var idi və ilin birinci rübü çox ümidverici idi. İndi beş ayın nəticələri ümumi daxili məhsulda kiçik azalmanın – təxminən 1,7 faiz azalmanın olduğunu göstərir. Lakin iqtisadiyyatın bəzi sektorlarında, xüsusilə neft və qazla əlaqəli olmayan sektorlarda artım qeydə alınıb. Bu səbəbdən bu gün biz məhdudiyyət tədbirlərini uzlaşdırırıq, eyni zamanda biz ölkəmizi açmağa və həyatımızın müxtəlif sahələrinin fəaliyyətini bərpa etməyə başlayırıq. Ümidvaram ki, bu balanslaşdırılmış yanaşma bizə pandemiyaya qarşı uğurlu mübarizəni davam etdirməyə kömək edəcək. Eyni zamanda biz özəl sektora, xüsusilə pandemiyadan əziyyət çəkən sahələrə, turizm və onunla əlaqəli sahələrin bərpasına yardım edəcəyik”.
“Microsoft” şirkəti ilə əməkdaşlıqdan danışan prezident deyib ki, pandemiya ilə vəziyyət təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxmağa məcbur edir: “Mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atıldı. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq”.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan koronavirus xəstəliyi 446 mindən çox adamın həyatına son qoyub.
Azərbaycanda ümumən 10662 nəfərin koronavirusa yoluxması müəyyən edilib, onların 5948-i müalicə olunaraq sağalıb, 126-sı vəfat edib, 4588-i aktiv xəstədir.