2019-cu ilin dekabrında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan koronavirus xəstəliyi 439 mindən çox adamın həyatına son qoyub.
Azərbaycanda ilk yoluxma fevralın 28-də, ilk itki martın 12-də qeydə alınıb. Nazirlər Kabineti yanında operativ qərargahın son hesabatında yoluxanların ümumi sayı 10324 nəfər göstərilib: onların 5739-u müalicə olunaraq sağalıb, 122-si dünyasını dəyişib, 4463-ü xəstəxanalardadır.
Martda 5 nəfər, apreldə 19 nəfər, mayda 39 nəfər, iyunda 59 nəfər həyatını itirib.
Novator.az-ın məlumatına görə, iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu özünün “Facebook” səhifəsində yazır ki, sürətlə artan virus Azərbaycanda hər kəsin qapısını döyə və ölkəni daha fəlakətli vəziyyətə sala bilər: “Zamanında virusun yayılmasının qarşısının alınması üçün çoxsaylı təşəbbüslərlə çıxış etmişəm. İlkin mərhələdə bəzi təkliflər – sərhədlərin bağlanması, dərslərin dayandırılması, metronun qapanması, 190 manat birdəfəlik yardım alanların sayının 200 min nəfərdən 600 min nəfərə qaldırılması və sair – gec də olsa nəzərə alındı, amma sonradan hakimiyyətdə arxayınlaşma yarandı, məktəblər və sərhədlərdən savayı bütün obyektlər sürətlə açıldı”.
İqtisadçı bəzi təxirəsalınmaz tədbirlər təklif edir: “Testlərin sayı maksimum artırılmalıdır. İndiyədək 386 min 898 koronavirus testi aparılıb. Bu göstərici yüksəlməli və əhalinin 7-10 faizini əhatə etməlidir.
Testləri pozitiv çıxan şəxslər ailədən və cəmiyyətdən təcrid edilməli və xəstəxanalarda yerləşdirilməlidir.
Prezident İlham Əliyevin aprelin 7-də imzaladığı sərəncama əsasən, hər birində 200 çarpayı olan modul tipli altı xəstəxananın quraşdırılması üçün 14,8 milyon manat ayrılıb. İndiyə qədər cəmi 4 modul tipli modul tipli xəstəxana quraşdırılıb. Bu o deməkdir ki, cəmi 800 çarpayılıq xəstəxana istifadəyə verilib. İlk xəstəxana mayın 7-də, digər üç xəstəxana iyunun 9-da açılıb. Daha 6 kompleksin bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur. Nə zaman? Nə qədər gözləməliyik?
Virusa yoluxan xəstələrin artım sürəti ilə istifadəyə verilən xəstəxanalardakı çarpayı sayı arasında böyük fərq var. Əslində modul tipli xəstəxanaları 10 gün ərzində quraşdırmaq olar. Çünki həmin xəstəxanalar çadırdandır, tikilmir, sadəcə quraşdırılır və komplektləşdirilir. Təklif edirəm müvəqqəti olaraq idman arenaları və sərgi mərkəzləri xəstəxanaya çevrilsin. Bakıda və rayonlarda çox belə obyekt var.
Karantin rejiminin sərtləşdirilməsi ilə insanlarda karantin mədəniyyətinin formalaşması arasında əlaqə olmalıdır. Həftəsonu qapanmalarından sonra hər şey əvvəlki axarına qayıdacaqsa, yenə də iri ticarət mağazaları, bütün iş yerləri açıq olacaqsa, belə mübarizə effekt verməyəcək.
İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslər aprel-may aylarında rəsmi yaşayış minimumu – 190 manat məbləğində birdəfəlik ödəmə alıb. İyun ayı üçün də190 manatlıq birdəfəlik yardım verilməli və onun ödənməsi dairəsi genişləndirilməlidir.
Həkimlərin əməyinin stimullaşdırılması gücləndirilməli, koronavirusdan həyatını itirən həkimlərin ailələrinə ən azı 10 min manat məbləğində birdəfəlik yardım verilməlidir”.