Qanunçuluğun böhranı
- 16 İyun 2020
- comments
- Səidə Hüseynova
- Posted in AktualManşetŞərh
Hüquqşünas Ənnağı Hacıbəyli Konstitusiya Məhkəməsinin 31 may 2020-ci ildə çıxardığı qərarı qınayıb. Novator.az-ın məlumatına görə, özünün “Facebook” səhifəsində şərh yayan hüquqşünas qeyd edir ki, son illər Azərbaycanda beynəlxalq qurumların təkidli tələbləri ilə mülkiyyətin müdafiəsinə yönələn qanunlar qəbul edilib: “Tikinti bumu və törəmə kapital talanı şəraitində bu qanunlardan ən önəmlisi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun sayıla bilər. Doğrudur, hakimiyyət çeşidli üsullarla qanunun ilkin mətnindən geri çəkilməyə ardıcıl cəhdlər edir – bu qanunu və qanunvericiliyi dəyişir, ona məhdudlaşdırıcı əlavələr edir, başqa qanunlarda mürtəce normalar nəzərdə tutur. Məsələn, qanunun qəbul edilib qüvvəyə minmiş ilkin mətnində dövlət ehtiyacları yalnız dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi kimi verilirdi. Sonradan dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi və dəniz limanının ərazisinin artırılması da qanuna daxil edildi.
Qanuna daha böyük qanunsuz müdaxilə hökumətin “şəhərin abadlaşdırılması, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı durumda olan binaların sökülməsi” bəhanəsi ilə verilən qərarlarıdır. Bu bədnam qərarlar mülkiyyətə əsassız, qanunsuz, ölçüsüz müdaxilələrin baş alıb getməsinə rəvac verib. İstənilən arxalı adam gözü düşmüş ərazinin söküntü zonasına daxil edilməsi, binanın guya qəzalı durumda olması barədə rəy verilməsinə, mülkiyyəti istədiyi qiymətə əldə etməyə nail ola bilir. Ölkədə məhkəmə müdafiəsinin səmərəli olmadığı şəraitdə əksər vətəndaşlar verilən qeyri-adekvat kompensasiya ilə yetərlənməyə məcbur olurlar.
Bu şəraitdə Konstitusiya Məhkəməsinin (KM) “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə qərarı diqqət cəlb etməyə bilməzdi. Qərar KM-in statusu və formal-hüquqi nüfuzuna uyğun olsa idi, bu bədnam praktikanın, ölkədə geniş yayılmış məhkəmə özbaşınalıqlarının, qanunsuz qərarların qarşısını ala bilər, mülkiyyətin gerçək müdafiəsinə şərait yarada bilərdi. Lakin qərarla tanışlıq KM-in son illər qəbul etdiyi bir çox qərarlarda olduğu kimi bu səviyyəyə yüksələ bilmədiyini, çeşidli güclərin əlində alətə çevrildiyini bir daha sübut etdi. Ölkədə haqqın gücü gücün haqqı (əslində haqsızlığı) qarşısında acizdir və bu durumun davam etməsində KM-in günahı bütövlükdə məhkəmə sisteminin günahını üstələyir.
Qərarda dartışılacaq şeylər çoxdur, ona görə də mətləbi uzatmamaq üçün bir neçə məqamla yetərlənməli olacam.
Vətəndaşın mənzilini zorla, polisin iştirakı ilə əlindən alıb sökən MTK-ya, Səbail Rayon İcra Hakimiyyətinə və Səbail Rayon Polis İdarəsinə qarşı mənzil və mülkiyyət hüququnun pozuntusunun tanınması, dəymiş ziyana görə kompensasiya ödənməsi barədə iddiası təmin olunub, məhkəmə qərarı icra edilib, kooperativ pulu ödədikdən sonra məhkəmə qərarlarından KM-ə şikayət edib. Görünür, KM qərarı mütləq “sındırmalı” olub və nəticədə nəinki ali konstitusiya ədalət mühakiməsi orqanına, hətta ümumiyyətlə ədalət mühakiməsinə yaraşmayan bir qərar ortaya çıxıb. Ən ziyanlısı isə odur ki, KM bu qərarı qanunvericilik norması səviyyəsinə qaldırıb – qaydalar təkmilləşdirilənədək hüquq tətbiq edənlər bu kateqoriyadan olan mübahisələr üzrə KM-in bu qərarında əks olunmuş hüquqi mövqeləri rəhbər tutmalıdırlar.
Şəhərsalma və Tikinti Məcəlləsinin (ŞTM), “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun çeşidli, bəzən hətta mətləbə dəxli olmayan müddəalarını sadalayan KM görün hansı nəticəyə gəlir: “Nazirlər Kabinetinin qərarı qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır”.
Sən demə, Nazirlər Kabinetinin və kooperativlərin bütün dərdi-səri köhnə binalarda əziyyət çəkən vətəndaşları ağ günə çıxarmaq imiş. Nə olsun ki, torpağı ancaq dövlət ehtiyacları üçün almaq olar, nə olsun ki, konkret halda belə ehtiyac olmayıb, nə olsun ki, bu halda yalnız mülkiyyətçi ilə razılaşma və bazar dəyəri ilə kompensasiya ödəməklə mülkiyyəti almaq olar, mülkiyyətçi razı deyilsə, alan tikintini yubatmalı deyil ki! Bəs polis nə üçündür?
Konstitusiyanın 43-cü maddəsinin I hissəsi mənzil hüququnu neqativ formada ifadə edir. Həmin maddəyə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Neqativ beləcə neqativ nəticələr doğurur – maddənin II hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. KM-in başı neqativə qarışdığından unudub ki, dövlət hakimiyyət orqanları (görünür, kooperativlər də bura daxildir) xüsusi tədbirlər görərkən öncə mülkiyyət hüququnun tələblərinə əməl etməli, mülkiyyət hüququna müdaxilənin KM-in də göstərdiyi qaydalarına əməl etməlidirlər.
Mənzil Məcəlləsinin 28-ci maddəsinə istinad isə əsl tapıntı sayıla bilər.
Bu maddədə müəyyən edilən qaydaya görə:
a) məhkəmə qərarı ilə mülkiyyətçiyə qəzalı durumda olan mənzilin (binanın) təmiri üçün ağlabatan müddət müəyyən edilməli;
b) məhkəmə qərarı icra edilmədikdə və ya mülkiyyətçi təmirdən imtina etdikdə qəzalı durumda olan mənzil məhkəmə qərarı ilə açıq hərracdan satılmalı;
c) təmirin mümkünsüzlüyünü məhkəmə təsdiq etdikdə mülkiyyətçi binanı sökməkdən və yenidən tikməkdən imtina etdikdə və ya sökülməni müəyyən edilmiş müddətdə həyata keçirmədikdə, mənzil 3 ay ərzində açıq hərracdan satılmadıqda binanı dövlət almalıdır.
Alan orqan və icra hakimiyyəti Mənzil Məcəlləsinin bu maddəsinin qaydalarına da əməl etməyib.
Buna baxmayaraq KM yazır: “Göründüyü kimi, Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının (?) əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr ŞTM-in müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz”.
Yaxşı, indi necə başa düşək, icra hakimiyyəti qəzalı binanı sökərkən əhalinin həyat və sağlamlığının qeydinə qalır, ya qəzalı evini təmir etmək istəməyən (?!) mülkiyyətçiyə sanksiya tətbiq edir? Aydın olmaq üçün deyim ki, qanunvericilik, özəlliklə və başlıca olaraq Mülki Məcəllə mülkiyyətdən məhrum etmənin bütün bu hallarında mülkiyyətçiyə əmlakın bazar dəyəri ilə kompensasiya verilməsini birmənalı nəzərdə tutur. Mülkiyyətdən məhrumetmə ya əmlakın dövlət ehtiyacları üçün alınması, ya da mülkiyyətçi ilə razılaşma yolu ilə mümkündür. Bunlar ana qaydalardır və Mənzil Məcəlləsinin istinad olunan proseduruna əməl edilmədiyindən kompensasiyanın məbləği hərrac qiyməti ilə deyil, bazar dəyəri ilə ödənməlidir. Hüquqda sistematik təfsir deyilən bir şey var. Məhdudiyyətləri və qanunsuzluqları əsaslandırmaq əvəzinə ondan yararlanmaq daha hörmətli çıxış yoludur…
Daha sonra oxuyuruq: “KM-in Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə ŞTM-in müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməyib. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur”.
KM daha sonra tövsiyə edir ki, qanunvericilik təkmilləşdirilsin. Nəyə görə?
Çünki: a) mülkiyyətçilər öz əmlak hüquqlarından sui-istifadə edir, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb edirlər; b) mülkiyyətçilərlə razılığın əldə olunmasının mümkünsüzlüyü isə başqa mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
KM-in bu qərarda nədənsə yadına düşməyən Mülki Məcəllənin 16, 560-cı maddələrində hüquqdan aşırı yararlanma, onun qadağan edilməsi, bu halda mübahisələrin həlli qaydası nəzərdə tutulub. Bunun praktik həlli üçün qanunvericilikdə və məhkəmə praktikasında qiymətləndirici anlayışlar deyilən qanunvericilik texnikası qaydaları var ki, məhkəmələr onlardan yaralanmaqla problemi (mübahisəni) həll edə bilərlər. Ona görə də bu tövsiyə mənasızdır və sadəcə qərarı əsaslandırmaq üçün bəhanədən başqa bir şey deyil.
Mülkiyyətçi ilə razılığın əldə olunmasının qeyri-mümkünlüyünün başqa mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına səbəb olması da ŞTM-ə əlavələr edilməsinə əsas vermir, çünki birincisi, bu qaydalar qanunvericilikdə – Mülki Məcəllənin 244-249-cu maddələrində, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda ətraflı göstərilib, ikincisi, qanunvericilik texnikasının qaydaları baxımından da belə olmamalıdır, üstəlik, həmin qaydalar ŞTM-in deyil, Mülki Məcəllənin nizamlama predmetinə daxildir.
Qaldı balans məsələsi, yeganə mənzilin mülkiyyətçisi ilə bina tikən milyonçu oliqarx arasında hər hansı balans olmadığından KM onu tapmağa borclu da deyil – necə deyərlər, yoxdan Allah da bezardır.
Nəhayət, qərarın 3-cü bəndi barədə. Qərarın bu bəndində deyilir: “Qeyd edilən qaydalar təkmilləşdirilənədək hüquq tətbiqedici bu kateqoriyadan olan mübahisələr üzrə Konstitusiya Məhkəməsi Plenumunun hazırkı qərarında əks olunmuş hüquqi mövqeləri rəhbər tutsun”.
Bu bənd “Konstitusiya Məhkəməsi” haqqında qanuna uyğun deyil və əslində heç bir praktik önəmi yoxdur. Çünki qərarda bu kateqoriyadan olan mübahisələrin həlli qaydasını müəyyən edən konkret heç nə yoxdur və onlar hələ müəyyən ediləcək. Bəlli olmur ki, “qeyd edilən qaydalar təkmilləşdirilənədək” bu kateqoriyadan olan işlər necə həll edilməlidir. Bundan başqa, “hüquq tətbiqedici” kimlərdir, qanunvericiliyin məhkəmə tətbiqinin geniş üsullarından, o sıradan göndərici dispoizisiya, analogiya və s. istifadə praktikası olmayan hüquq tətbiqedicilərə, mübahisənin zəif tərəfi olan mülkiyyətçilərə bu bənd nə verəcək?
Konstitusiya Məhkəməsi ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Onda olan səlahiyyət ölkənin heç bir orqanında və vəzifəli şəxsində yoxdur, o, ölkə başçısının vəzifəsindən kənarlaşdırılması, ali qanunverici orqanın formalaşdırılması məsələsini, hakimiyyətlər arasında yaranan mübahisəni həll edə, qanunları qüvvədən sala, ölkənin ali məhkəmə hakimiyyətinin qərarlarını ləğv edə bilər. Bu qədər uca məqama yüksəldilmiş orqanın qərarları nümunə olmalı, mümkün qədər mübahisə doğurmamalı, hüququn və onun müdafiəsinin örnəyinə çevrilməlidir.
Vəkili daha çox müştərisinin maraqlarına uyğun, onun mənafeyini müdafiə etməyə şərait yaradan halları qabartmaq maraqlandırır. Çünki onun başlıca vəzifəsi müştərisinin hüquqlarını və qanuni maraqlarını müdafiə etməkdir. O həm də ədalət mühakiməsində tərəfin təmsilçisidir. KM isə tərəflərin, məhkəmələrin, hətta müəyyən hallarda hakimiyyətin, özəlliklə ali qanunverici hakimiyyətin fövqündə dayanan orqandır. Onun tərəfə çevrilməsi qanunun üstünlüyü kimi bir ana prinsipin kobud şəkildə pozulması deməkdir. Bu, artıq hüquq deyil, hüququn “ali icraat” səviyyəsində deqradasiyasıdır. Son illər KM-in bir çox qərarları belə icraatın məhsuluna çevrilib. Ümumiyyətlə, KM-də şikayətlərin qəbulu və Plenuma çıxarılmasında kütləvi hal almış “seleksiya”, KM-in çeşidli sifarişlərin icraçısına çevrilməsi, tərəf kimi çıxış edərək ana normaları deyil, qanunsuz və əsassız məhdudiyyətləri əsaslandırmaq üçün aşırı canfəşanlıq etməsi onun fəaliyyətinin acı təəssüf doğuran qabarıq cəhətləridir. Siyasi işlər (özəlliklə seçkilərlə bağlı işlər) üzrə çıxarılan qərarları anlamağa çalışsaq da, KM-in istənilən gücün tərəfinə çevrilməsini anlamaq mümkünsüzdür. KM artıq kooperativlərin də tərəfinə çevrilirsə, bu, hüquq adına görünməmiş biabırçılıqdır. Tərəfin arxasında kimin dayanmasından asılı olmayaraq bu, ölkədə qanunçuluğun böhranı deməkdir”.