Koronavirus pandemiyasına görə tətbiq olunan toy qadağası Azərbaycanın nikah statistikasına güclü təsir edib. Novator.az bildirir ki, 2020-ci ilin ilk dörd ayında nikahların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz azalıb.
Azərbaycanda toy mərasimləri martın 16-dan yasaqdır.
Dövlət Statistika Komitəsinin yanvar-aprel hesabatında qeyd olunur ki, mayın 1-dək Azərbaycanda 13 min 738 nikah rəsmiləşib. Bu, 2019-cu ilin yanvar-aprel ayları üzrə göstəricidən 4535 nikah və ya 25 faiz azdır. 2019-cu il mayın 1-dək ölkədə 18 min 273 nikah qeydə alınmışdı.
Əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin yanvar-aprel aylarına nəzərən 5,6-dan 4,2-yə düşüb.
2019-cu ilin ilk dörd ayı ilə müqayisədə boşanmalar da azalıb, 5562-dən 4287-yə enib. Bu, 1275 fakt və ya 23,5 faiz azalma deməkdir.
Əhalinin hər 1000 nəfərinə düşən boşanmalar 1,7-dən 1,3-ə geriləyib.
Doğum üzrə də azalma var. 2019-cu ilin yanvar-aprel aylarında 44 min 741 nəfər doğulmuşdu. 2020-ci ilin eyni dövrünün göstəricisi 34 min 749-dur. Rəsmi hesabat 9992 nəfər və ya 23,2 faiz azalmanı göstərir.
Əhalinin hər 1000 nəfərinə doğum göstəricisi 13,8-dən 10,6-ya yuvarlanıb.
Ölənlərin sayında isə 384 nəfər artım olduğu bildirilir. 2019-cu ilin yanvar-aprel aylarında 20 min 135 nəfər dünyasını dəyişmişdi, bu ilin eyni dövründə 20 min 519 nəfər vəfat edib.
Əhalinin təbii artımı (doğulanlar və ölənlərin nisbəti) üzrə geriləmə olub. 2019-cu ilin ilk dörd ayının göstəricisi 24 min 606 nəfər, bu ilin eyni dövrünün göstəricisi 14 min 230 nəfərdir. Təbii artım 10 min 376 nəfər və ya 42,1 faiz azalıb.
Əhalinin hər 1000 nəfərinə təbii artım göstəricisi 7,6-dan 4,4-ə düşüb.
Rəsmi açıqlamaya görə, 2020-ci ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 0,1 faiz artaraq mayın 1-nə 10 milyon 81 min 581 nəfərə çatıb. Daimi yaşamaq üçün 571 nəfər gələnin, 328 nəfər gedənin rəsmiləşdiyi bildirilir.