Nazirlər Kabineti koronavirus pandemiyası dövründə Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımağın müvəqqəti qaydalarını təsdiqləyib. Qaydaların icrası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə həvalə olunub.
Novator.az bildirir ki, qaydalara görə, sərnişinlər və uçuşları icra edən bütün aviadaşıyıcılar əvvəlcədən bunlar haqqında məlumatlandırılmalıdırlar:
– uçuşdan əvvəl 48 saat ərzində koronavirus testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırlar. Belə müayinə xərclərini sərnişinlər ödəyir. Ölkədaxili uçuşlarda Azərbaycan vətəndaşları üçün müayinələr ödənişsiz əsaslarla aparılır;
– arayışların yoxlanması və üzərində müvafiq qeydlərin aparılmasını terminalların girişində fəaliyyət göstərən tibb personalı həyata keçirir. Sərnişinlərin uçuşa qeydiyyatı və hava gəmisinə daxil olması bu arayışlar əsasında baş tutur;
– Azərbaycana uçuşları icra edən bütün aviadaşıyıcılar uçuşdan əvvəl 48 saat ərzində koronavirus testindən keçən, nəticələri neqativ olan sərnişinləri arayış əsasında uçuşa qəbul edir. Sərhəd nəzarəti zamanı belə arayışı təqdim edə bilməyən Azərbaycan vətəndaşları iki həftəlik karantinə alınır, xarici ölkələrin vətəndaşları isə ölkə ərazisinə buraxılmır və aviadaşıyıcı hesabına həmin uçuşla geri qaytarılır;
– Azərbaycan ərazisinə gəlmək məqsədilə və ölkədaxili reyslərdə təyyarəyə minərkən koronavirus testinin neqativ nəticələri barədə arayış təqdim edən və ölkənin hava limanına daxil olduqdan sonra müvafiq müayinə və testləşdirmədən keçən Azərbaycan və xarici ölkə vətəndaşları iki həftəlik karantinə alınma öhdəliyindən azad oluna bilərlər.
Hava limanı ərazisində və uçuş zamanı tibbi maskalardan istifadə məcburidir. Tibbi maskaların xüsusi tələb (məsələn, qeydiyyat və minik zamanı, uçuşqabağı təhlükəsizlik baxışı və sərhəd nəzarəti proseduru icra olunarkən səlahiyyətli şəxsin tələbi ilə) və zərurət olmadan (məsələn, qidalanma zamanı) çıxarılmasına yol verilmir.
Aviaşirkətlərin bütün reyslərində əl yükünün daşınmasına icazə verilmir. Yalnız şəxsi istifadə əşyalarının (noutbuk, portfel, qadın çantası və s.) daşınması mümkündür.
Əhali sıxlığının qarşısının alınması məqsədilə qarşılayan və yola salan şəxslərin terminala girişi qadağandır.
Aerovağzal kompleksinə və sərnişin terminalına yalnız hava limanının və hava limanı ərazisində fəaliyyət göstərən qurumların əməkdaşlarının və sərnişinlərin (sağlamlıq imkanları məhdud sərnişinlər və yetkinlik yaşına çatmayan sərnişinlər xüsusi əməkdaşlarla müşayiət olunurlar) daxil olmasına icazə verilir.
Hərarəti 37,5 dərəcədən yuxarı olan şəxslər aerovağzal kompleksinə buraxılmır, hava limanının girişindəki tibb məntəqəsinə yönləndirilir, koronavirusa şübhəli simptomlar müəyyən edildikdə xüsusi avtomaşın vasitəsilə sonrakı müayinə üçün müvafiq tibb müəssisəsinə göndərilirlər.