Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupun yeni siyahısında jurnalistlər və ictimai-siyasi fəallar da yer alır. Akif Qurbanov, Ənnağı Hacıbəyli, Günay İsmayılova, Xalid Ağalıyev, Xədicə İsmayıl, İntiqam Əliyev, Rövşən Hacıbəyli, Samir Kazımlı, Sevinc Vaqifqızı, Tural Ağayev və Yalçın İmanovun daxil olduğu İşçi Qrupun iyunun 10-da açıqladığı siyahıda 108 nəfərin adı var.
Siyasi məhbus kimi tanınan şəxslərin 4-ü jurnalistdir: Araz Quliyev, Elçin İsmayıllı, Ziya Əsədli, Polad Aslanov.
Novator.az bildirir ki, Polad Aslanov 12 iyun 2019-cu ildə tutulub. Məhkəməsi gedir. Onu Dövlət Təhlükəsizliyi Xidməti dövlətə xəyanət ittihamı ilə həbs edib. 2019-cu ilin sonunda Polad Aslanova öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə ittihamı da irəli sürülüb.
Araz Quliyev 9 sentyabr 2012-ci ildə tutulub, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Elçin İsmayıllı 17 fevral 2017-ci ildən həbsdədir. Ona 7 il azadlıqdan məhrumetmə cəzası kəsilib.
Ziya Əsədli 5 sentyabr 2017-ci ildə həbs olunub. Cəzasının müddəti 3 ildir.
12 ictimai-siyasi fəal siyasi məhbus sayılır: Fuad Əhmədli, Orxan Baxışlı, Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov, Paşa Umudov, Tofiq Yaqublu, Zamin Salayev, Qorxmaz Əliyev, Aqil Hümmətov, Niyaməddin Əhmədov, Səid Məmmədzadə.
Aqil Hümmətov psixiatriya xəstəxanasına salınıb.
Paşa Umudov 15 oktyabr 2019-cu ildə tutulub. Hələ cəza almayıb. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunur.
Tofiq Yaqublu 22 mart 2020-ci ildə həbs edilib. İstintaqı gedir. Silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinir.
Zamin Salayev 20 aprel 2020-ci ildə tutulub. Ona böhtan və təhqir ittihamları ilə 2 il 3 ay həbs cəzası verilib. Zamin Salayevin üstündə qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə də cinayət işi var.
Niyaməddin Əhmədov 15 may 2020-ci ildə terrorçuluğu maliyyələşdirmə ittihamı ilə həbs edilib. İstintaqı gedir.
Səid Məmmədzadə 16 may 2020-ci ildə tutulub. Ona bıçaqla xəsarət yetirmək ittihamı verilib, iş istintaq mərhələsindədir.
Fuad Əhmədli 18 avqust 2016-cı ildə tutulub. Ona 4 il azadlıqdan məhrumetmə cəzası kəsilib.
Orxan Baxışlı 7 may 2018-ci ildən həbsdədir. Cəzasının müddəti 3 ildir.
Saleh Rüstəmov 8 may 2018-ci ildən həbsdədir. 7 il 1 ay azadlıqdan məhrumetmə cəzası alıb.
Aqil Məhərrəmov 25 may 2018-ci ildə tutulub. Ona 4 il həbs cəzası kəsilib.
Babək Həsənov 25 may 2018-ci ildə tutulub. Cəzasının müddəti 3 ildir.
Qorxmaz Əliyev 18 oktyabr 2019-ci ildə tutulub. Cəzasının müddəti 8 aydır.
Siyahıdakı şəxslərin 43-ü inanclı fəal, 3-ü ömürlük məhkum, 1-i siyasi girov (xaricdən yayılan “Turan TV”nin əməkdaşı Türkel Azərtürkün bacanağı Emin Saqiyev), 3-ü Səid Dadaşbəyli qrupunun üzvləri, 42-si 2018-ci ilin Gəncə hadisələrinə görə tutulanlardır.
Avropa Şurası 2012-ci ildə müəyyənləşdirdiyi meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.