“Əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir”. İyunun 9-u Bakının Bilgəh qəsəbəsində modul tipli xəstəxana kompleksinin açılışında danışan prezident İlham Əliyev belə deyib.
Həkim kollektivi ilə görüşündə dövlət başçısı koronavirus xəstələri üçün qurulan modul tipli xəstəxanaların sayının dördə çatdığını vurğulayıb: “Ümid edirəm ki, yaxın gələcəkdə – təxminən ayın sonuna qədər qalan 6 xəstəxana da istifadəyə veriləcək, beləliklə, bizim əlavə iki min çarpayımız olacaq və bu, koronavirusla mübarizədə imkanlarımızı daha da genişləndirəcək.
Bu 10 xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərində yük bir qədər azalır. Özəl sektorun nümayəndələrinə və eyni zamanda vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb və ilkin olaraq prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılıb. Ancaq bu gün sahibkarlar və vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir.
Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanır və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır. Son 10 gün ərzində yoluxanların sayı artır. Bu da ondan irəli gəlir ki, yumşalma dövründə bəzi vətəndaşlar məsuliyyətsizlik göstərib. Buna baxmayaraq vəziyyət tam nəzarət altındadır. Bizim xəstəxanalarda kifayət qədər yerimiz var, reanimasiya şöbələrimizdə də həmçinin. Eyni zamanda əlavə iki min çarpayılıq 10 xəstəxanada koronavirus xəstələrinin müalicəsi nəzərdə tutulur. Hələ ki, buna ehtiyac yoxdur. Ancaq biz bütün addımlarımızı elə atırıq ki, ən kritik vəziyyətə hazır olaq, ən böhranlı vəziyyətdə də bütün xəstələrə tibbi xidmət göstərilsin.
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünya praktikası tam başqadır. Bir çox ölkədə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Bu onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir.
Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq. Bu məqsədlə yeni laboratoriyalar alınıb. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur.
Koronavirus xəstələrini müalicə etmək üçün bizim ən qabaqcıl xəstəxanalar ayrılıb. Bu xəstəxanaların sayı 20-dən çoxdur.
Eyni zamanda karantin şəraitində qalan vətəndaşlar üçün də xüsusi şərait yaradılıb. Onlar 4-5 ulduzlu otellərdə, eyni zamanda Atletlər Kəndində yerləşdirilir.
Minlərlə insan xaricdən təxliyə edilib və bu proses davam etdirilir, təbii ki, qrafik üzrə.
Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”.
Prezident vətəndaşları tibbi maskalardan istifadə etməyə çağırıb: “Bu, qapalı şəraitdə mütləqdir. Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, – bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, – gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları, həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb.
İndi bütün ölkələrdə yumşaldıcı addımlar atılır, o cümlədən Azərbaycanda. Buna baxmayaraq mən onu da demişdim ki, əgər görsək xəstələrin sayı kəskin artır, yenə də məhdudlaşdıracağıq. Bu məhdudlaşdırıcı addımların səbəbi də bəllidir. Bəzi insanlar məsuliyyətsizlik göstərirlər. Ancaq bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda oldu. Bu onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir.
Koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Həkimlərin ümumi rəyinə görə, peyvənd icad olunana qədər insanlar bu xəstəlikdən əziyyət çəkəcəklər. Ona görə biz də hazır olmalıyıq ki, yeni davranış qaydaları çərçivəsində yaşayaq. İndi bunun başqa yolu yoxdur. Bu davranış qaydaları insanlara o qədər də əziyyət vermir. Sadəcə dediyim qaydalara əməl etmək və daha məsuliyyətli olmaq lazımdır.
Bu müddət ərzində Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə ölkə daxilində. Çünki iki seçim var idi – ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik. Mən bildirmişdim ki, keçən ay əldə edilmiş nəticələrdə kiçik də olsa, artım var – 0,2 faiz. Ancaq təxmin edirdim ki, beş ayın yekunları artıq tənəzzülü əks etdirəcək, belə də oldu. Mənə verilən məlumata görə, ümumi daxili məhsul beş ayda 1,7 faiz aşağı düşüb. Ancaq yenə də bir çox inkişaf etmiş ölkələrlə müqayisədə bizdəki tənəzzül çox kiçikhəcmlidir. Bununla paralel olaraq bildirməliyəm ki, sənaye istehsalı bir qədər artıb. Qeyri-neft sektorunda sənaye 14 faiz artıb. Kənd təsərrüfatı 3,6 faiz artıb. İnsanların orta əməkhaqqı 740 manata yaxınlaşıb. Bu, təqribən 430 dollardan çoxdur. İnflyasiya 3 faizdən aşağıdır, yəni proqnozlaşdırılmış səviyyədədir.
Ona görə bütövlükdə baxanda bizim iqtisadi fəaliyyətimiz də bu müddət ərzində çox uğurlu olub. Ancaq iqtisadiyyat tənəzzülə uğrasa da, bərpa ediləcək, insanların həyatını isə bərpa etmək mümkün deyil. İnsanların həyatı qiymətsizdir. Ona görə bu günə qədər və bundan sonra bizim üçün əsas amil insanların təhlükəsizliyi, sağlamlığıdır. Artan dinamika, xəstələrin, yoluxanların artan dinamikası göstərir ki, yumşalma tendensiyası buna gətirib çıxarıb. Amma yenə də vəziyyət nəzarət altındadır. Burada əsas amil yoluxanların və sağalanların arasında olan nisbətdir. Bu günə qədər nisbət elədir ki, bizim səhiyyə sistemimiz bunu qəbul edə bilir. Bir çox ölkələrdə ölüm hallarının kütləvi xarakter almasının əsas səbəbi odur ki, o ölkələrdə səhiyyə sistemi çöküb. Yəni xəstələri qəbul edə bilmirlər və beləliklə, kütləvi ölüm halları müşahidə edilir. Bu gün mövcud səhiyyə imkanlarımız bizə tam imkan verir ki, vəziyyət nəzarət altında qalsın. Ancaq hər kəs bilməlidir ki, bu vəziyyəti biz qorumalıyıq. Qorumalıyıq və müsbət meyillərin artırılmasına çalışmalıyıq və çalışırıq”.