Azərbaycanda daha 315 nəfər koronavirus infeksiyasına yoluxub, 229 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 5 xəstə vəfat edib. Nazirlər Kabineti yanında operativ qərargah iyunun 9-da belə məlumat yayıb.
Hesabata görə, ölkədə ümumən 8191 nəfərin koronavirusa yoluxması müəyyən edilib, onların 4606-sı müalicə olunaraq sağalıb, 98-i dünyasını dəyişib, 3487-si xəstəxanalarda yatır.
Başqa bir rəsmi məlumata əsasən, ölkə üzrə xüsusi karantin rejimi iyulun 1-dək uzadılıb. Rejim iyunun 15-də bitməli idi.
Novator.az bildirir ki, 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyi 410 mindən çox adamın həyatına son qoyub. Azərbaycanda ilk yoluxma fevralın 28-də, ilk itki martın 12-də qeydə alınıb.
Ölkədə xüsusi karantin rejimi bu məhdudiyyətləri nəzərdə tutur:
– yük daşımaları istisna olmaqla ölkə ərazisinə giriş-çıxışın dayandırılması;
– xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından sərnişin daşımalarının dayandırılması;
– bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;
– “ASAN xidmət” və DOST mərkəzləri istisna olmaqla digər dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;
– dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;
– bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması (açıq havada idman yarışlarının tamaşaçısız keçirilməsi istisna olmaqla);
– tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;
– qrup halında fərdi tədris və repetitor xidmətlərinin (o cümlədən bu sahədə evlərdə xidmət) dayandırılması;
– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;
– istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;
– muzey və sərgi zalları istisna olmaqla digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;
– iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyətinin dayandırılması;
– ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;
– Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində bütün müştərilərə saat 22-dən 8-dək yerində xidmətin dayandırılması;
– tibb müəssisələrində müalicə alan şəxslərin ziyarətinin qadağan edilməsi;
– idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
– masaj və hamam xidmətlərinin göstərilməsinin dayandırılması.
14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək isə Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək. Hökumətin qərarına görə, bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla); əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.
Sakinlər qeyd olunan müddətdə yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin 102 xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almaqla tərk edə bilər.
Yalnız aşağıdakı qurum və xidmətlərin fəaliyyətinə icazə verilir:
– siyahısını Nazirlər Kabineti müəyyənləşdirən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;
– hüquq mühafizə və hərbi xidmət nəzərdə tutulmuş orqanların fəaliyyəti;
– xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;
– sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;
– kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);
– elektrik enerjisinin istehsalı və təchizatı;
– meliorasiya və su təsərrüfatı;
– rabitə xidmətləri;
– teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;
– dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;
– boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;
– fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);
– neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
– çörək məsullarının istehsalı (15 iyun saat 16:00-dan etibarən);
– fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər.
İyunun 6-dan 8-dək Bakı, Lənkəran, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda analoji qadağa qüvvədə olub.
Hökumət təhsil müəssisələrini bir həftəliyə bağladı
Novruz şənlikləri ləğv olundu. Toy və yas tövsiyəsi
Azərbaycanda ilk itki, yeni məhdudiyyətlər
Operativ qərargahdan məhdudiyyətlər
Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qapadılır
Ölkədə 15 günlük yeni məhdudiyyətlər tətbiq olundu
Karantini yumşaltmaq qərarı verildi
Karantin uzadıldı, şərtlər yeniləndi
Yeni qərar: karantin necə yumşaldılır?
Koronavirus: karantin yenilikləri, rəsmi hesabat
Yoluxma və itki artır, qadağalar gəlir