İqtisadçı alim Qubad İbadoğlu iyunun 7-si Bakıda xüsusi karantin rejiminə nəzarət edən polis əməkdaşlarının həm də “Jeep Wrangler Military Edition” modelli bahalı maşından istifadə etdiyini yazır. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, 2020-ci ilin büdcəsində kəskin artıma məruz qalan xərc maddələrindən biri də məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanması xərcləri olub: “Bu xərc maddəsi ötən illə müqayisədə bütövlükdə 655 milyon 331 min 737 manat və ya 49,7 faiz artırılıb. Artımın 448 milyon 726 min 224 manatı və ya 68,5 faizi hüquq mühafizə orqanlarının payına düşür.
2020-ci ilin büdcəsində müdafiə və təhlükəsizliyin təmin edilməsi, məhkəmə hakimiyyəti, o cümlədən hüquq mühafizə orqanları, prokurorluğun saxlanması xərcləri üçün bütövlükdə 5 milyard 827 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsaitlər bir çox hallarda maaşların artırılmasına, sosial vəziyyətin yaxşılaşdırılmasına deyil, bahalı maşın və avadanlıqların alınmasına xərclənir. Ona görə də düzənlikdə yerləşən paytaxt Bakıda polislər asayişi “Military Edition Jeep Wrangler”lə qoruyurlar. Ola bilər ki, həmin maşın şəxsi mülkiyyətdə olsun, amma yenə də sahibi polis serjantı deyil, yəqin rəisdir.
Həmin maşının qiyməti 65 min dollardan 125 min dollaradək və ya 110 mindən 212 min manatadəkdir. Hələ bu qiymətlərə gömrük ödənişləri daxil deyil, onu da nəzərə alanda maşının dəyəri 150 min manatdan 300 min manatadək dəyişə bilər”.
Özünün “Facebook” səhifəsində şərh yayan iqtisadçı onu da qeyd edir ki, dünyanın inkişaf etmiş ölkələrində koronavirusun yayılma tempi azaldığı zamanda Azərbaycanda, Ermənistanda və Rusiyada yeni yoluxma dalğası başlayıb: “Azərbaycanda müşahidə olunan artımın üç başlıca səbəbi var. Birincisi pis idarəçilikdir. Bu özünü çevik və düzgün qərarların qəbul edilməməsində və zəruri tədbirlərin həyata keçirilməməsində göstərdi. Məsələn, bizim apardığımız kampaniya vasitəsilə metro və iri ticarət mərkəzləri gec olsa da bağlandı, amma çox tez də açıldı. Ticarət mərkəzlərində, xüsusilə Bakıdakı “Sədərək” və “Binə” mərkəzlərində karantin rejiminin qaydalarına riayət olunmur.
Yoluxmada artımın ikinci səbəbi xalqın immunitetinin zəif olmasıdır. Çünki keyfiyyətsiz qida məhsullarından istifadə edirik. Digər tərəfdən də psixoloji durum, ümidsizlik insanların fiziki fəallığa, idmana həvəsini öldürüb. Belə olan halda hansı daxili müqavimətdən, immunitetdən danışmaq olar?
Xalqın virusdan qorunmaq instinkti də çox zəifdir, insanlar laqeyddirlər, hakimiyyətə inanmır, virusu oyun sayırlar. Amma gerçəkdən bu virus var və çox təhlükəlidir”.