AZƏRTAC prezident İlham Əliyevin Ağcabədidəki “ASAN Həyat” kompleksinin açılışında iştirakından geniş material yayıb.
Arayışa görə, iyunun 3-də istifadəyə verilən “ASAN Həyat” kompleksinə “ASAN xidmət”, “ASAN kommunal” mərkəzləri, “ASAN vəkillik” bürosu, Uşaq Psixoloji Sosial İnkişaf Mərkəzi və vətəndaşların istirahəti, əylənməsi üçün sahələr daxildir.
Mərkəzlə tanışlıqdan sonra İlham Əliyev ASAN könüllüləri ilə görüşüb. O, mərkəzin xoş təəssürat bağışladığını vurğulayıb: “Həm xarici görünüşü, həm də daxili dizaynı, tərtibatı çox gözəldir. Ən önəmlisi odur ki, burada vətəndaşlara 320 xidmət göstəriləcək. Səkkiz yüz min insan bu imkanlardan istifadə edə bilər.
Biz qısa müddət ərzində “ASAN xidmət” mərkəzlərinin sayını 19-a çatdırdıq və bu proses davam etdirilir. Hazırda səkkiz mərkəzin tikintisi nəzərdə tutulur. Onların bəziləri demək olar ki, hazırdır, bəzilərində isə işlər davam etdirilir. Bütün ölkəmizi “ASAN xidmət” mərkəzləri ilə əhatə edəcəyik.
“ASAN xidmət” ölkəmizin intellektual məhsuludur. Bu intellektual məhsulu ixrac edirik. Bir neçə ölkə ilə bizim “ASAN xidmət” mərkəzlərinin o ölkələrdə yaradılması ilə əlaqədar müqavilələr imzalanıb. Bəzi ölkələrdə “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb.
“ASAN xidmət” insanları ictimai xidmətlər sahəsində rüşvətxorluqdan, korrupsiyadan qoruya bildi. İctimai xidmətlər demək olar ki, ən korrupsiyalaşmış sahələrdən biri idi. İnsanlar onlara qanun çərçivəsində təqdim ediləcək bir arayış üçün həftələrlə, bəzən aylarla qapı-qapı gəzirdilər, məmurlardan xahiş edirdilər, bir çox hallarda onlara lazım olan sənədləri rüşvət müqabilində alırdılar. Bu praktika Azərbaycanda tamamilə aradan qaldırılıb. Harada güclü iradə var, düşünülmüş siyasət var və icraedici mexanizmlər təkmilləşib, orada həmişə nəticə də olacaq.
Mən çox şadam ki, “ASAN xidmət” mərkəzlərində işləyənlərin mütləq əksəriyyəti, demək olar ki, hamısı gənclərdir, o cümlədən könüllülər bütün mərkəzlərdə fəaliyyət göstərirlər. Mənə verilən məlumata görə, Ağcabədi “ASAN xidmət” mərkəzində 200-dən çox işçi və 45 könüllü fəaliyyət göstərəcək”.
Dövlət başçısı qeyd edib ki, Ağcabədi əhali baxımından ölkənin ən böyük rayonlarından biridir: “Ağcabədi Qarabağ torpağında yerləşir və son illərdə rayonun inkişafı üçün çox iş görülüb. Ağcabədidə infrastruktur tamamilə təzələnib. Elektrik enerjisi ilə bağlı əvvəlki illərdə problemlər var idi. İndi bu problemlər aradan qaldırılır.
Ağcabədidə qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur. Cəmi bir neçə il bundan əvvəl burada insanlar ümumiyyətlə qazın nə olduğunu unutmuşdular. Şəhərin, kəndlərin qaz təchizatı yox idi. İndi qaz təchizatı 90 faizdən çoxdur.
Mənə verilən məlumata görə, Ağcabədi rayonunun şəhər və kənd yollarının 60 faizi yenidən qurulur. Qalan 40 faiz üçün də bizim proqramlarımız var. Biz bütün yolları abadlaşdıracağıq.
İçməli su layihəsi öz həllini tapır. Suvarma suyu ilə bağlı 115 subartezian quyusu qazılıb və əlavə 30 quyu qazılacaq.
Rayon mərkəzi xəstəxanası tikilib. Ölkəmizin rayonlarda yerləşən ən böyük xəstəxanalarından biridir. Özü də müasir standartlara cavab verən avadanlıqla təmin edilib.
Olimpiya İdman Kompleksi, Qarabağ Muğam Mərkəzi, “ASAN Həyat” kompleksi – bütün bunlar mənim təşəbbüsümlə və dövlət büdcəsi hesabına görülmüş işlərdir. Ona görə Ağcabədi rayonunun infrastrukturuna, sosial obyektlərinə, insanları narahat edən problemlərin həlli üçün nəzərdə tutulmuş layihələrə çox böyük vəsait qoyulub. Bu bir daha onu göstərir ki, ölkəmizin hər bir yerində işlər bu səviyyədə görülməlidir, plan üzrə, ardıcıllıqla, prioritetləri düzgün müəyyənləşdirməklə.
Kənd təsərrüfatını texnika ilə tam təmin etmişik. Nəinki Ağcabədi rayonunu, bütün ölkəmizi, taxılyığan, pambıqyığan kombaynlarla tam təmin etmişik, özü də dünyanın ən qabaqcıl şirkətlərinin istehsalı olan kombaynlarla. Bizim kəndlilər, fermerlər bunu görməyiblər. Sovet vaxtından qalan sınıq-salxaq kombaynları güc-bəla ilə təmir edirdilər, çalışırdılar ki, onlara xidmət göstərsinlər. Onlar da dəqiqəbaşı sınırdı, sonra sıradan çıxırdı. Bir neçə il ərzində texnika təchizatı, ümumiyyətlə, mövcud deyildi. Ona görə torpaqlar qalmışdı başsız, əkin-biçin getmirdi. Bunu da həll etmişik.
İndi bütün infrastruktur yaradılıb, texnika ilə təchiz edilib. İndi gərək sahibkarlar öz sözünü desinlər. Ağcabədidə dörd iri fermer təsərrüfatı yaradılıb. Taxılçılıqda fermer təsərrüfatlarının xüsusiyyəti ondadır ki, məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan qat-qat üstündür, o cümlədən pambıqçılıqda. Biz ölkəmizi bu yolla inkişaf etdirəcəyik və iqtisadiyyatımızın şaxələndirilməsini təmin edəcəyik”.