Dövlət Neft Fondu 2020-ci ilin yanvar-may aylarında Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsindən 2 milyard 106 milyon dollar gəlir əldə edib.
İyunun 3-də yayılan rəsmi xəbərdə o da qeyd olunur ki, beş ayda “Şahdəniz” yatağı üzrə kondensatın satışından 120 milyon dollar götürülüb.
Novator.az bildirir ki, Dövlət Neft Fondu Mərkəzi Bankın yanvar-may aylarında keçirdiyi valyuta hərraclarında 3 milyard 637 milyon dollar məbləğində vəsait satıb.
Yanvarın hərraclarında fond 300,2 milyon dollar, fevralın hərraclarında 543,4 milyon dollar, martın hərraclarında 1 milyard 928,3 milyon dollar, aprelin hərraclarında 531,1 milyon dollar, mayın hərraclarında 334 milyon dollar sərf edib.
Birinci rübün sonuna Dövlət Neft Fondunun aktivləri 41 milyard 349,5 milyon ABŞ dollarına bərabər olub.
2020-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb. Azərbaycan nefti “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92, iyuna 38,14 dollarla başlayıb.