Milli Məclisin 31 may iclasında İnzibati Xətalar Məcəlləsinə ilk oxunuşda dəyişikliklər edilib. Novator.az-ın məlumatına görə, 211-ci maddə 211.1-ci maddə hesab olunub. Həmin maddə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslərə 100 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslərə 1500 manatdan 2000 manatadək məbləğdə cərimə, yaxud bir ayadək müddətə inzibati həbs cəzası, hüquqi şəxslərə 2000 manatdan 5000 manatadək məbləğdə cərimə nəzərdə tutur.
Məcəlləyə əlavə olunan 211.2-ci maddəyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələblərinin pozulmasına, habelə vəzifəli şəxslərin həmin tələblərin pozulmasının qarşısını almamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimələnir.
Xətanı inzibati tənbeh almış şəxsin təkrar törətməsi halında fiziki şəxslərə 100 manat məbləğində, vəzifəli şəxslərə 200 manat məbləğində, hüquqi şəxslərə 400 manat məbləğində cərimə kəsilir.
Nazirlər Kabinetinin qərarına əsasən, bu hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:
– şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);
– bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);
– dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;
– fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;
– açıq sahəli ofislərdə və istehsalat yerlərində;
– tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;
– ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;
– insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.