AZƏRTAC mayın 28-də qeyd olunan Respublika Günündən rəsmi xəbərlər yayıb.
102 il əvvəl – 1918-ci il may ayının 28-də Azərbaycanın istiqlal bəyannaməsi qəbul edilib, Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Müstəqil respublika 1920-ci ilin aprel ayındakı bolşevik işğalınadək yaşayıb.
Prezident İlham Əliyev bu gün Bakının İstiqlaliyyət küçəsindəki cümhuriyyət abidəsini ziyarət edib.
Dövlət başçısı həmçinin Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışına qatılıb, bir qrup məcburi köçkünlə görüşüb.
Arayışa görə, 2018-ci ildə ərazidə “Qobu Park-1”, ötən il “Qobu Park-2” yaşayış kompleksləri istifadəyə verilib. Birinci yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, ikinci yaşayış kompleksində 1300 ailəlik onmərtəbəli 13 bina inşa olunub.
“Qobu Park-3” yaşayış kompleksində onmərtəbəli 13 yaşayış binası tikilib. Kompleksin ərazisində 280 yerlik uşaq bağçası, 960 yerlik məktəb binası da var.
Dövlət başçısı məcburi köçkünlərlə görüşdə deyib ki, torpaqlar işğaldan azad ediləndən sonra gözəl binalar, şəhərciklər tikiləcək, ermənilərin dağıtdığı şəhərlər yenidən qurulacaq: “Dağıdılmış və məhv edilmiş milli irsimiz sənədləşdirilib. Biz öz tarixi keçmişimizi yaxşı bilirik və yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğal olunmuş torpaqlar azad ediləndən sonra bütün binalar yenidən qurulacaq, o cümlədən dağılmış tarixi abidələrin mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin görülməsi də nəzərdə tutulur.
Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amil var – bizim hərbi gücümüz və biz bunu göstərmişik. 2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar torpaq işğalçılardan azad edildi. Cocuq Mərcanlı kəndinin timsalında biz görürük ki, işğaldan azad olunacaq digər torpaqlarda hansı işlər görüləcək və hansı sürətlə görüləcək. Biz Cocuq Mərcanlını uğurlu hərbi qələbədən sonra cəmi bir il ərzində yenidən qurduq və indi orada həyat qaynayır, köçkünlər öz doğma torpağına qayıdıblar. Bəzən belə fikirlər səsləndirilir ki, bəzi köçkünlər torpaqlar işğaldan azad olunandan sonra qayıtmaya bilərlər. Amma mən tam əminəm ki, bütün köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar, necə ki, Cəbrayıl köçkünləri. Onlar uzun illər başqa yerlərdə yaşayıblar, o cümlədən Bakı şəhərində. Ancaq imkan olan kimi onlar hətta növbəyə durmuşdular ki, tezliklə öz doğma torpağına qayıtsınlar. Eyni zamanda işğaldan azad olunan Şıxarx qəsəbəsi. İndi orada da böyük şəhərcik salınıb. O, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən Azərbaycanın tarixi məkanıdır, işğaldan azad olunan ərazidə böyük şəhərcik salınıb. Biz bu gün işğal altında olan bütün digər torpaqlarda da bərpa işləri görəcəyik. Azərbaycan öz suverenliyini təmin edəcək.
Son illər ərzində demək olar ki, bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, dünyanın bütün aparıcı ölkələri həmçinin. Bu yaxınlarda Dağlıq Qarabağda keçirilmiş qondarma “prezident seçkiləri” bunu bir daha göstərdi. O saxta prezidenti, dırnaqarası prezidenti heç kim tanımadı. Dünyanın aparıcı ölkələri açıq formada bəyanat verdilər. ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya, ondan sonra Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatlar bəyanat verdilər ki, bu seçkilər tanınmır, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Ona görə beynəlxalq hüquq, hərbi qüdrətimiz, eyni zamanda, iqtisadi üstünlüyümüz torpaqlarımızın azad olunmasında əsas rol oynayacaq.
Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına. Ona görə ordu quruculuğu mənim prezident kimi fəaliyyətimdə həmişə ön plandadır. Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Əlbəttə ki, sadaladığım bütün bu müsbət amillər, eyni zamanda, demoqrafik vəziyyət bizim üstünlüyümüzü bundan sonra da təmin edəcək. Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır”.