Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna səfər ediblər. AZƏRTAC xəbər verir ki, onlar Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olublar. Arayışa görə, ziyarətgahda yeni avtomobil dayanacağı, mərasim zalları və digər yerlər tikiləcək.
Sonra prezident və birinci xanım Şamaxı rayonuna ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalara baxıblar. Məlumata əsasən, rayona 10 sərnişin avtobusu ayrılıb, kommunal təsərrüfat texnikaları, təcili tibbi yardım avtomobilləri və digər ağır texnika alınıb.
Bildirilib ki, texnika və nəqliyyat vasitələri seçilərkən rayonun turizm potensialı, seysmik ərazidə yerləşməsi və landşaftı nəzərə alınıb: “Sərnişindaşımanın lazımi səviyyədə təşkili üçün 10 avtobus ayrılıb. Rayonun kommunal təsərrüfatında məişət tullantıları daşıyan, küçə süpürən və yuyan, qartəmizləyən və digər müasir texniki vasitələrdən istifadə ediləcək. Şamaxının səhiyyə potensialına 3 təcili tibbi yardım avtomobili və 1 reanimasiya maşını əlavə olunacaq. Bərpa-quruculuq və abadlıq işlərində istifadə etmək üçün ağır və yüngül tonnajlı yük maşını, ağır tonnajlı buldozer, çoxfunksiyalı ekskavator və digər texniki vasitələr ayrılıb”.
Köməkçisi Anar Ələkbərova ölkənin başqa şəhərlərinin də belə texnika və nəqliyyat vasitələri ilə təchizatını təşkil etmək üçün təkliflər hazırlanması barədə tapşırıq verən İlham Əliyev deyib: “Avtobuslar gərək bu gündən xətlərə çıxsın. Ondan sonra təcili tibbi yardım maşınları. Şamaxı rayonunun təchizatı ilə bağlı görülən işlər indiki mərhələdə kifayətdir. Həm prezidentin ehtiyat fonundan, həm də dövlət büdcəsindən vəsait ayrıldı. Gərək biz prinsipcə bütün şəhərlərimizdə texnika ilə təchizatı yüksək səviyyəyə qaldıraq. Bu baxımdan Şamaxı birinci şəhərdir. Mən demişəm, digər şəhərlərdə, bir çox yerlərdə şəhər nəqliyyatı bərbad vəziyyətdədir. Kommunal texnikanın çatışmazlığı problemlər yaradır, təkliflər hazırlayın, bizim bütün şəhərlərimizdə müasir texnika təchizatı təmin edilməlidir – həm sərnişin nəqliyyatı, kommunal texnika, həm də təcili tibbi yardım maşınları.
Bakı şəhərində bu öz həllini tapıb. Baxmayaraq ki, Bakıda da hələ köhnədən qalan avtobuslar var, onlar da yavaş-yavaş yeniləri ilə əvəzlənir. Bir çox şəhərlərə təcili tibbi yardım maşınlarının göndərilməsi təmin edilib. Ancaq vaxt keçir, onların da istismar müddəti başa çatır, sıradan çıxır, qəzaya uğrayır. İndi Şamaxı rayonunun timsalında biz prinsipcə görürük ki, əhalini nəzərə alaraq nə qədər texnika lazımdır. Ona görə digər rayonlarda da nə qədər texnika lazımdır, biz bunları kompleks şəkildə, tədricən həll edək.
Mən göstəriş vermişdim ki, Şamaxı şəhərinin avtomobil yollarının da təmiri ilə bağlı tədbirlər görülsün. Kənd yollarının bir çoxu asfaltlanıb, hətta ucqar kəndlərə də asfalt yollar çəkilib. Amma şəhər yolları o qədər də yaxşı vəziyyətdə deyil. Ona görə də həm kənd yollarının çəkilişinin davam etdirilməsi, eyni zamanda Şamaxı şəhərinin yol infrastrukturunun müasirləşməsi ilə əlaqədar əlavə tədbirlər görülməlidir. Dayanacaqlar da pis vəziyyətdədir. Ona görə bu yeni texnika bütün şəhər infrastrukturunun müasirləşməsinə xidmət göstərəcək. Əsas məsələ insanların sağlamlığı və təhlükəsizliyidir. Bu müasir təcili tibbi yardım maşınları hər yerdə lazımdır, özü də ən aparıcı şirkətlərin istehsalıdır. Əlbəttə ki, yeni avtobuslar həm rahatlıq gətirəcək, həm də təhlükəsizlik baxımından çox vacibdir”.
Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr-evi uşaq bağçasının və rayonun Meysəri kəndində əsaslı təmir olunan körpələr evi-uşaq bağçasının açılışlarına da qatılan İlham Əliyev və Mehriban Əliyeva həmçinin 51 mənzilli yaşayış binasına baş çəkiblər, zəlzələdən zərər çəkənlər üçün yeni tikilmiş çoxmərtəbəli binalarda yaradılmış şəraitlə maraqlanıblar, Pir Ömər Sultan ziyarətgahında olublar.