Mod.gov.az-ın 20 may məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı təlimlərdə qoşun növlərinin komandanları, birlik komandirləri və vəzifəli şəxslərin qəbul edilən qərarlara dair məruzələrini dinləyib, qoşunların idarə olunması üzrə tapşırıqlar verib.
Təlimlərə cəlb edilən qüvvə və vasitələrin ərazilərdə yerləşməsi, idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarında açılması, raket və zenit artilleriya komplekslərinin ehtiyat atəş və start mövqelərini tutması başa çatdırılıb.
Azərbaycan Ordusu mayın 18-dən təlimlər keçirir. Təlimlərdə döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qisimlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanır. 10 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunan təlimlər mayın 22-dək davam edəcək.