Demokratik Qüvvələrin Milli Şurasının sədri, tarixçi alim Cəmil Həsənli 2016-cı ildə imzalanmış Azərbaycan-İran sazişindən yazıb.
2016-cı il fevralın 23-ü Tehranda Azərbaycan və İran hökumətləri arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq sazişi imzalanıb. Milli Məclis həmin sazişi 2016-cı il iyunun 16-da yekdilliklə təsdiqləyib.
Bu işlər çərçivəsində İrandan Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə körpülərin salındığı bilinib.
Novator.az-ın məlumatına görə, Cəmil Həsənli özünün “Facebook” səhifəsində yazır ki, Azərbaycanla İran arasında 2016-cı ildə imzalanmış saziş beynəlxalq münasibətlər tarixində təsadüf edilməyən sənəddir: “Heç bir normal hakimiyyət işğal altında olan ərazilərindən başqa ölkəyə istifadə imkanı verə bilməz. Sənəddə yer alan ərazi bütövlüyünün tanınması və istehsal olunan enerjinin üçüncü tərəfə verilməməsi sırf deklarasiya xarakteri daşıyır və diplomatik tələdir. İran BMT sənədləri çərçivəsində bizim ölkənin ərazi bütövlüyün onlarla müqavilə, saziş və protokolda 2016-cı ilə qədər tanıyıb. Bunun ən etibarlısı 2002-ci ildə iki ölkə arasında imzalanmış dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında müqavilədir.
Deyirlər tikinti 2006-cı ildən başlanıb. Əminliklə deyim ki, Azərbaycan rəsmilərinin şifahi və ya gizli razılığı olmadan İran tikinti işləri apara bilməzdi. Əgər bunu İran Azərbaycan hakimiyyətindən xəbərsiz edirdisə və Azərbaycan hakimiyyəti buna razı deyildisə, etiraz notaları ortada olmalı idi. Notalar nəticə vermədikdə beynəlxalq ictimaiyyətə və birliklərə müraciət edilməli idi. Heç biri olmayıb.
30 ildən çox universitetdə beynəlxalq münasibətlər tarixi üzrə mühazirələr oxumuşam. Əminliklə deyim ki, erməni separatçılarının razılığı olmadan İran onların nəzarəti altında olan ərazilərdə böyük tikinti işləri apara bilməzdi. Burada qonşu dövlət, yüngül desək, qeyri-səmimilik edir. Ermənistan və ya Dağlıq Qarabağla tikinti danışıqlarını kim aparıb və gizli razılaşmalar nədən ibarətdir? Buna aydınlıq gətirilməlidir. Əks təqdirdə ermənilərin nəzarət etdikləri işğal ərazisində tikinti işlərinə razılıq verilməsinin izahı yoxdur və belə razılıq olmadan tikintinin aparılması nonsensdir.
“Xudafərin” və “Qız Qalası” layihəsi Azərbaycana iqtisadi cəhətdən sərfəli deyil. Su anbarlarından suvarma üçün istifadəyə baxsaq, İran 80 min hektar ərazini suvara bilir, Azərbaycan 8 min. Suvarılacaq 8 min hektar ərazi də Azərbaycanın nəzarətində deyil. Əvəzində sazişin imzalandığı 2016-cı ildə Dağlıq Qarabağ rejimi Araz boyu – Cəbrayıl, Fizuli, Zəngilan ərazilərində müasir texniki bağlar salınmasına böyük vəsait ayırıb. 2010-ci ildə 80 milyon kilovat-saat elektrik enerjisi istehsal edən Qarabağ separatçıları 2016-cı ildə 480 milyon kilovat-saat enerji istehsal edib və hətta enerjinin artığını Ermənistana da verib. Haradandır bu enerji?
Araz üzərindən körpülərin salınması ilə təkcə beynəlxalq sanksiya altında olan İrana deyil, separatçı rejimə də xaricə çıxış, həyat yolu verilib, onun iqtisadi cəhətdən möhkəmlənməsinə, hərbi gücünün artmasına şərait yaradılıb. Kim təminat verə bilər ki, bu gizli yoldan yararlanaraq düşmənin üzərimizə gələn hərbi texnikası öz yanacaq ehtiyatın tutmayıb?
Müharibə başa çatmamış, hərbi əməliyyatlar ehtimalı olan ərazidə böyük su bəndlərinin tikilməsi də ölkəmizin təhlükəsizliyinə birbaşa təhdiddir. Su anbarlarına iki mərminin atılması Azərbaycanın Mil və Muğan ərazilərinin su altında qalması deməkdir. Bunu fikirləşən varmı?
Digər tərəfdən tikinti işləri Cəbrayıl rayonun 4 kəndini su altında qoyub. Araz çayının yatağının dəyişməsi Azərbaycanın İranla olan sərhədlərinin dəyişilməsi faktını doğurub. Məlum olduğu kimi, ölkənin sərhədlərində ən kiçik dəyişiklik belə ümumxalq referendumu ilə ola bilər. Tikinti layihələşdiriləndə bu mühüm amil nəzərə alınmayıb”.
1952-ci il təvəllüdlü Cəmil Həsənli tarix elmləri doktorudur. Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb.
1993-cü ildə (aprel-sentyabr) Azərbaycan Respublikası prezidentinin müşaviri vəzifəsini tutub. AXCP sədrinin müavini olub, 2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib. 2013-cü ildə Milli Şuranın namizədi kimi prezident seçkisində iştirak edib.