Qara yanvar: əvvəl və sonra… yenə əvvəl (3)
Şakir Yaqubov
Yanvarın 22-də letuçkafason yığıncaqda Rəfail Nağıyev qəti fikrimizi elan etdi: “Kommunist”i buraxmaqdan söhbət gedə bilməz, ona görə “Səhər”i hazırlayacağıq.
Dəfn mərasimini xüsusi qrup işıqlandıracaq – rəhbəri Vaqif Bəhmənlidir.
İkinci qrup – redaksiyada qalanlar respublikanın müxtəlif yerlərindən materiallar hazırlayacaq.
Yazılanların ümumi redaktorluğu Məzahir Süleymanzadəyə həvalə olunur.
Rəfail Nağıyev digər qəzetlərin redaktorları ilə əlaqədə hərbi senzordan qəzetin çapına icazə alacaq, materialları senzordan keçirəcək və ümumi rəhbərliyi aparacaq.
Texniki heyətlə iş – makinaçıların və sürücülərin işinin, mətbəədə növbətçiliyin təşkili və əməkdaşlar üçün hərbi komendantlıqdan buraxılış vərəqələrinin alınması, fotomaterialların toplanması, nömrənin tərtibi və sair işlər məsul katib kimi mənə tapşırılır.
Yığıncaqdan birbaşa hərə aldığı tapşırığın ardınca yollanır.
Qızğın iş gedir. Materiallar üst-üstə qalaqlanır. Azərbaycan SSR Ali Sovetinin dünən, yanvarın 21-də axşam başlanan fövqəladə sessiyası yanvarın 22-də səhərə yaxın işini başa çatdırıb – bu barədə xəbərimiz var; bir qayda olaraq rəsmi materiallar teletaypla, Azərinform vasitəsilə daxil olur, ancaq indi sessiyadan bir xətt də material almamışıq. Telefon zənglərimiz heç yana çatmır – nəinki şəhər, bütün Azərbaycan matəm içindədir.
Bu yandan isə SİTA ən müxtəlif materiallar verir – Qorbaçovun mərkəzi televiziya ilə çıxışından tutmuş sərhədyanı rayonlardan qərəzli reportajlara qədər.
Hər birini az qala zərrəbinlə, dönə-dönə oxuyuruq – hamısında bizi günahkar çıxarırlar, amansız kütləvi qırğına, qoşunların Bakıya yeridilməsinə, Bakıda fövqəladə vəziyyətin elan edilməsinə hər vasitə ilə haqq qazandırırlar.
Məsələn, “İzvestiya” qəzetinin müxbirləri V.Litovkin və S.Mostovşikov redaksiyadan yüzcə addım aralıdan – 26 Bakı komissarı Rayon Partiya Komitəsi binasının qarşısından gecə reportajı veriblər: SİTA xətti ilə yayılan həmin cızmaqarada adı, milliyyəti bilinməyən qoca kaftar əsgərlərə dua-səna edir ki, nə yaxşı özlərini yetiriblər, yoxsa bu Azərbaycan “boyevik”ləri xalqa göz verib işıq vermirlər.
Qorbaçov deyir ki, “Sovet Ordusunun və Daxili Qoşunların əsgər və zabitləri SSRİ Konstitusiyasının və qanunun müdafiəsi sahəsində öz borclarını yerinə yetirirlər” və s.
Rusdilli xalqlar əleyhinə psixozu dolayısı şiddətləndirən yazılar da gözə dəyir. Hamısının da üstündə danışıqsız icra edilməsi tələb olunan qrif var: “Nömrəyə”. Verməsən, sabah haqq-hesab tələb edəcəklər: niyə? nə üçün? kimin mənafeyi naminə? və s. (Yeri gəlmişkən, sonralar – dəqiqliyinə qəlbən inanmadığımız məcburi materialları verməkdən müxtəlif bəhanələrlə boyun qaçırdığımız vaxtlarda yuxarı dairələrdə hətta belə bir “xoruz” buraxmışdılar: guya redaksiyalarda “Xalq Cəbhəsinin ekstremistləri yuva salmışlar” və xalqı konstitusiyaya zidd hərəkətlərə təhrik edirlər…).
Heç nəyə baxmadan ciddi seçim gedir: Rəfail Nağıyev rəsmi kanallarla daxil olmuş hər materialı dönə-dönə oxuyur və çoxunu kənara tullayıb, “Qətiyyən yaramaz!” deyir.
Qaydaya görə, saat 12-dək cari nömrə üçün müəyyən qədər materialı yığılmaqdan ötrü mətbəəyə göndərməliyik. Mətbəə isə işləmir. Xəbər çıxır ki, Mətbuat prospektindəki redaksiyaların başçıları “Kommunist” nəşriyyatı direktorunun yanına yığışıblar – mətbəə fəhlələri ilə işə başlamaq barədə danışıqlar gedir. Bizim mövqeyimiz belədir: bir halda ki, televiziya işləmir, radio hərbçilərin əlindədir, radio jurnalistləri etiraz əlaməti olaraq işə çıxmırlar, komendantın əmrlərini də oxumağa diktor tapılmır və bunu hərbçilərin özləri edirlər – qəzetlər çıxmalıdır; xalqa məlumat vermək, özümüzü düşdüyümüz informasiya blokadasından çıxarmaq üçün, bugünkü böyük faciəmizdən sabahkı nəsillərə yazılı məlumat vermək üçün qəzetlər çıxmalıdır.
Rəfail Nağıyev nəşriyyata yollanır. Çox gec qayıdır – təxminən saat 5 radələrində. O vaxta qədər bizdə əsas materiallar, nömrənin cizgiləri hazırdır.
Fikir ayrılığı yoxdur: birinci səhifəyə iri şəkil veririk – təbii ki, dəfn mərasimindən olacaq.
“Səhər”in başlığı dörd sütunluqdur, səhifədə isə beş sütun var. Aydın məsələdir: həmin “artıq” sütunda nömrənin məzmununu açan cümlə verməliyik. Cümlə hazırdır – mən göz yaşlarımı zorla boğa-boğa Pərinaza diktə edirəm: “Əzəli və əbədi məskənimiz – Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda həlak olmuş günahsız Vətən övladlarının xatirəsinə həsr edilir”.
Rəfail müəllim redaktor uzaqgörənliyi ilə mətndə düzəlişlər aparır: “Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda” ifadəsini “Azərbaycanın tam suverenliyi və ərazi bütövlüyü uğrunda” sozləri ilə, “həlak olmuş” kəlməsini “şəhid olmuş” ifadəsi ilə əvəz edir.
Hamılıqla qəbul edirik və həmin an ağlımıza da gəlmir ki, şənbə gecəsi qurbanlarını ilk dəfə biz “şəhid” adlandırırıq.
Şəhidlərin dəfn mərasimindən reportaj hazırdır. Hidayət Elvüsal, rəsmən məzuniyyətdə olan Rusvat Bayramov, Bəxtiyar Sadıqov, Tahir Rüstəmov, Araz Qurbanov, Dilman Musayev və Zülfüqar Rüfətoğlu onu adət etmədiyimiz bir tərzdə hazırlayıblar: Hökumət evinin qarşısındakı meydandan Dağüstü parka qədər qəm karvanının keçdiyi yol boyunca hərəsi bir nöqtədə dayanıb, həmin nöqtədəki əhval-ruhiyyəni qələmə alıb.
Redaksiyada oturub ağır dərdi siqaret tüstüsüylə bol-bol ciyərlərinə, ürəyinə çəkən Vaqif Bəhmənli isə mahir bənna kimi daşı daş üstünə qoyub əzəmətli qala divarı ucaldıb…
Reportaj hazır idi, əla idi, özünə layiq başlığı da olmalı idi. Başlıq isə yox idi. Bədahətən dedim: “Vətən bu gün ağı deyir…”. Otaqda olanların heç birinin cınqırı da çıxmadı – Məzahir tələsik qələmlə reportajın sərlövhəsini yazıb materialı mənə uzatdı: mətbəəyə göndərmək olardı (mən sərlövhənin həqiqətən uğurlu olduğunu sonra başa düşdüm – Gennadi Qluşkov onu “Bakinski raboci”nin matəm nömrəsinə ümumi başlıq vermək üçün bizdən icazə istəyəndə. Peşəkar qəzetçilər təsdiqləyərlər: yazı sərlövhəsinin qəzet “papağı”na, özü də özgə dildə çıxan qəzetin “papağı”na çevrilməsi faktına nadir hallarda təsadüf edilir…).
…Hərbi komendantlığın Nəsimi rayon sahəsindən üçüncü dəfə, səkkizin yarısında kor-peşman qayıtdım. Bəzi həmkarlarımın yazdığı kimi, “səkidən səkiyə adlamaq üçün” deyil, müəyyən olunmuş vaxtda, konkret desəm, gecə saat 22-dən səhər saat 7-dək evdən, idarədən kənarda olmağa icazə verən buraxılış vərəqəsini vermədilər bizə.
Orada qarşılaşdığım yekəpər bir polkovnikin sözləri indi də qulaqlarımda səslənir: “Hansı qəzetdir o? Milli dildə çıxan qəzet? Lazım deyil sənin o qəzetin! Çıxırsa, qoy “Vışka” çıxsın, “Bakinski raboci” çıxsın…”.
Və bir də etirazıma cavab: “Tüpürüm sənin “Kommunist”inə də, Mərkəzi Komitənə də… İndi səni otuz sutkalığa qoduqluğa atarıq, onda bilərsən ki, sovet zabiti ilə ağızlaşmaq nə deməkdir!”.
Onsuz da bilirdim ki, sovet zabiti kimdir və onunla ağız-ağıza vermək nə deməkdir: gündüz ana torpağa tapşırdığımız şəhidlərin al qanını səkilərdən, yollardan hələ yumamışdılar…
(Çox sonralar həmin polkovnikin iliyinəcən şovinist, faşist əhval-ruhiyyəli qudurğan general Aleksandr Lebed olduğunu biləndə, onun göstərişi ilə neçə-neçə günahsız soydaşımızın qanına qəltan edildiyi, istintaq təcridxanalarına atıldığı barədə təkzibedilməz faktlar üzə çıxanda “heç nədən özümə iş açmaq” istədiyimi anladım…)
Əgər səhərə qəzet buraxacaqdıqsa (buna isə qəti şübhəm yoxuydu), iş işdən keçmişdi – çox gec idi və adi iş normalarına, qaydalarına görə bu vaxt səhifələrin dördü də metal yığımlarla doldurulub bərkidilməli idi. Halbuki bizdə indi “xammal”dan başqa heç nə yox idi…
…Kiçik bir qrup qalmışdı redaksiyada: Rəfail müəllimi gözləyirdik. Əvəzində Ali Sovetin sədri Elmira Qafarovanın köməkçisi Balaş Abbaszadə (indi o da haqq dünyasındadır – Ş.Y.) gəlib çıxdı – qoltuğunda bir yığın material vardı. Elmira xanımın 20 yanvar bəyanatının mətni, Azərbaycan SSR Ali Soveti sessiyasının gedişi barədə rəsmi məlumat, sessiyanın materialları: “Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında” qərar, “SSRİ Ali Sovetinə, müttəfiq respublikaların ali sovetlərinə, Sovet İttifaqının xalqlarına, bütün dünyanın parlamentlərinə, Birləşmiş Millətlər Təşkilatına müraciət”…
Gözləri sevincdən alışıb yanır: materialları çatdırdığına, bizi redaksiyada tuta bildiyinə görə… O, Elmira Qafarovanın bəyanatının radio ilə efirə necə verildiyindən və bunun hərbi senzor ucun ağır nəticələrindən, sessiyanın gedişindən, bizim üçün materialları necə əldə etməsindən vəcdlə danışır. Bizimsə gözlərimizdə öləziməkdə olan ümidin qığılcımlarından başqa heç nə yoxdur: fəhmlə anlayırıq ki, bundan belə qəzet buraxmaq mümkün olmayacaq…
Səhərdən bəri ağır sarsıntı içərisində, ac-susuz, ayaq üstə olan, səhhətindən şikayətlənən Rəfail müəllimin gəlişi o qığılcımların üstünə buz kimi su çiləyir: mətbəə bağlıdır, fəhlələr tətil edirlər, üstəlik, hərbi senzor BİZİM BURAXMAQ İSTƏDİYİMİZ qəzetin çıxmasına heç cür razı olmur…
Şübhələrimizi tamam-kamal dağıtmaq üçün o, stolun üstünə makinada rus dilində yazılmış, imzalı-möhürlü bir vərəq qoyur: “Kommunist”in redaktor müavini Rəfail Nağıyev, “Bakinski raboci”nin redaktoru Gennadi Qluşkov və “Vışka”nın redaktor müavini Osman Mirzəyev Bakıda fövqəladə vəziyyətin tətbiq olunmasına etiraz əlaməti kimi redaktə etdikləri qəzetlərin buraxılışından qeyri-müəyyən müddətə imtina edirlər. Rəsmi bəyanatdır, dörd nüsxədən ibarət çap edilib, imzalarla və möhürlə təsdiqlənib, bir nüsxəsi hərbi komendantlığa təqdim olunub. Vəssalam.
Buradaca həm gülüş, həm də təəssüf doğuran bir məsələni qeyd etməliyəm. Qara yanvarda informasiya blokadasından çıxmaq üçün göstərdiyimiz cəhdlər barədə şəhidlərin ili ərəfəsində “Səhər” qəzetində dərc etdirdiyim qeydləri çapa hazırlayanda bu etiraz bəyanatı ilə bağlı faktı dəqiqləşdirmək üçün işin içində olan həmkarlarımla fikir mübadiləsi elədim. Qeydlərimin mötəbər alınmasını ürəkdən arzu edənlər bir ağızdan məsləhət gördülər ki, yazıda Osman Mirzəyevin adını çəkməyim – hər necə olsa, rəsmi şəxsdir, prezidentin mətbuat katibidir və Qara yanvarda onun da belə “özfəaliyyət”lə məşğul olması faktı ona xeyir gətirməz.
Könülsüz məsləhətə qulaq asdım. “Bu həmin “Səhər”dir ki…” adlı qeydlərim çıxandan sonra Osman müəllim zəng vurdu, yazının Prezident Aparatında da rəğbətlə qarşılandığını bildirdi, sözarası gileyini çatdırdı: “Bəs mənim adımı niyə cəkməmisən?”
Qaş qayırdığım yerdə, necə deyərlər, göz çıxardığımı başa düşüb üzrxahlıq elədim. Səhvimi sonrakı il “Mən şahidəm ki…” kitabımda düzəltdim…
Yeri gəlmişkən, bu qeydlər “Səhər” qəzetində dərc olunduqdan sonra geniş ajiotaj doğurdu, tanıyan da, tanımayan da zəng vurub, məktub yazıb rəylərini bildirirdi. Bütün bunlar xoş idi, amma “Kommunist”də birgə işimiz vaxtı da münasibətlərimizdə bir məhrəm pərdə saxladığımız qocaman jurnalist – məndən təxminən 25 yaş böyük olan Hidayət Zeynalovun zəngi lap gözlənilməz oldu: “Mən iki gündür ki, Zaqataladan qayıtmışam. Sən lap tarix yazıbsan, təəssüf edirəm ki, Bakıda olmadığıma görə adım bu tarixə düşməyib… Ha istədim ki, qayıdım, amma hadisələrə görə yol-riz təhlükəli, bəzi yerlərdə də bağlı olduğuna görə istədiyimi eləyə bilmədim”.