Nazirlər Kabineti koronavirus pandemiyasına görə tətbiq olunan xüsusi karantin rejimində “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun 25-ci maddəsinə və özünün 28 fevral 2020-ci il qərarı ilə təsdiqlənən “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi qaydaları”na əsaslanır.
Novator.az bildirir ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun 25-ci maddəsi “Xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq sahəsində vəzifələr” adlanır. Həmin maddəyə əsasən, dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər.
Həmçinin qeyd olunur ki, yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda hökumət, baş dövlət sanitariya həkimləri özlərinin səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə, dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər.
Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin-təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir.
Nazirlər Kabinetinin 28 fevral 2020-ci il qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi qaydaları” isə dərc olunmayıb.
Novator.az-ın məlumatına görə, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn yazır ki, rəsmilərdən mayın 31-də bitəcək xüsusi karantin rejiminin ilin sonuna qədər uzana biləcəyi barədə işarələr gəlir: “Bu baxımdan karantin rejiminin hüquqi bazasını təkmilləşdirməyə, daha doğrusu, formalaşdırmağa zərurət yaranıb. Azərbaycanda fövqəladə vəziyyət elan edilmədiyindən xüsusi karantin rejimi adı ilə tətbiq edilən bir sıra məhdudiyyətlər qanunsuzdur. Bir sıra konstitusional, təməl azadlıq və hüquqlar, məsələn, seçki, referendum, sərbəst toplaşma, ifadə azadlığı, siyasi-təşkilati fəaliyyət azadlığı, karantin rejiminin tətbiqi nəticəsində vətəndaşa, təşkilat və müəssisələrə dəyən zərərə görə ödənc almaq hüququ yalnız qanunda nəzərdə tutulmuş həcm və çərçivələrdə məhdudlaşdırıla bilər. Azərbaycanda xüsusi karantin rejiminin hüquqi əsası kimi göstərilən “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun 25-ci maddəsində xüsusi karantin rejimi anlayışı yoxdur. Habelə bunun praktikada tətbiqi ilə bağlı sistemli, konkret normativ hüquqi qaydalar mövcud deyil. Odur ki, hüquq və azadlıqların uzunmüddətli pandemiya dövründə həyata keçrilməsinin üsul və formaları müəyyən edilməli, o cümlədən qanunvericilik bazası yaradılmalıdır. Əks halda pandemiya situasiyasından yararlanaraq hüquq və azadlıqların müddətsiz məhdudlaşdırılmasına, siyasi məqsədlərlə sui-istifadəyə meyil yarana bilər”.
1957-ci il təvəllüdlü Pənah Hüseyn milli azadlıq hərəkatının liderlərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl dövlət katibi, sonra baş nazir postlarını tutub. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.
Hökumət təhsil müəssisələrini bir həftəliyə bağladı
Novruz şənlikləri ləğv olundu. Toy və yas tövsiyəsi
Azərbaycanda ilk itki, yeni məhdudiyyətlər
Operativ qərargahdan məhdudiyyətlər
Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qapadılır
Ölkədə 15 günlük yeni məhdudiyyətlər tətbiq olundu
Karantini yumşaltmaq qərarı verildi
Karantin uzadıldı, şərtlər yeniləndi