Qara yanvar: əvvəl və sonra… yenə əvvəl (2)
Şakir Yaqubov
Bütün bunlar dəryada damla idi. Daha bir variant ağıla gəldi: SSRİ-nin hansı şəhərində kimin tanışı varsa, zəng vuraq, həqiqəti deyək. İndi sovet mətbuatının, SSRİ mərkəzi televiziyası və radiosunun həmin axşam Qorbacovun deyəcəyi sözlərdən savayı bir söz deməyəcəyi yəqin idi. Burasını da bilirdik ki, dediklərimizi çap etməyəcəklər, hər halda, ürəyimizi boşaldırdıq…
Bu sətirləri yazdığım vaxtdan sonra nə qədər yaşayacağımı bilmirəm, ancaq onu dəqiq bilirəm ki, şənbə günü təxminən dörd saat iştirakçısı olduğum bir səhnə dönə-dönə gözlərim önündə canlanacaq: yaş fərqi 30-35 il olan kişilər sonsuz intizarla telefonun dillənməsini gözləyirlər. Zəng çalınan kimi aparatın üstünə cumur, ehtirasla dəstəyi qamarlayıb qulaqlarına sıxır və ucadan, vahiməli əks-səda verən bir səslə deyirlər: “Allo, vı nas slışite?. U nas po radio zvuçit traurnaya muzıka…” (“Bizi eşidirsinizmi? Bizdə radioda matəm musiqisi çalınır…”). Sonra qəhər qurğuşun kimi boğazlarına çökür və bir müddət nədən, necə söz açmağı sanki unudurlar. Nəhayət, özlərini ələ alaraq telefon xəttinin o başındakı adamların (əsasən SSRİ-nin müxtəlif teleqraf agentlikləri başçılarının və ya hətta onların ailə üzvlərinin, Moskvada işləyən əcnəbi jurnalistlərin) səbrinin tükənəcəyini başa düşür, dərhal həqiqət barədə onlara ün yetirirlər…
Özbəkistanın “Yoş leninçi” qəzetinin redaktoru Jabbor Razzakovun telefonu vardı məndə. Daşkənd birinci cavab verdi. Jabbor deyildi, müavini idi. Yadımda qalan budur: ondan təkidlə xahiş edirdim ki, müsibətimizi təcili surətdə SSRİ xalq deputatı Muxtar Şaxanova çatdırsın – Ali Sovetin sessiyalarının translyasiyalarından onu mübariz, döyüşkən deputat kimi tanıyırdım… Səsimin boğulduğunu gorən Rəfail müəllim dəstəyi əlimdən aldı… (Qəribə idi, mən israrla Şaxanov… Muxtar… deyirdim, telefonun o başındakı müsahibim də təsdiqləyirdi. Üstündən beşcə gün keçəndən sonra, yanvarın 25-də axşam “Kommunist” (indiki “Azərbaycan”) nəşriyyatının mətbəəsində Oljas Süleymenovla söhbət zamanı birdən-birə başa düşdüm ki, ağıllı-başlı səhv salmışam: Daşkənd universitetinin rektoru Erkin Yusupovu nəzərdə tutub… Qazaxıstan Yazıcılar İttifaqı idarə heyətinin katibi Muxtar Şaxanovun adını çəkmişəm, müsahibim də bunu üzə vurmayıb…
Bunlar təfsilatdır, oxucu üçün bəlkə də əhəmiyyəti yoxdur, ancaq indi fikirləşirəm ki, həmin dəqiqə hansı vəziyyətdə olduğumuzu göstərmək üçün lazımdır).
Redaksiyanın təzə əməkdaşı Sabir İsmayılov (o, jurnalist diplomunu Rusiyanın hansısa universitetində qazanmışdı; müstəqilliyimizin bərpasının ilk illərində Prezident Administrasiyasında, dövlət müşavirinin köməkçisi vəzifəsində işləyirdi və elə o zaman da kirayə qaldığı evdə meyiti tapıldı – Ş.Y.) qonşu otaqdan Frunze şəhərinə (indiki Bişkekə) zəng vurmuşdu – orada tələbə yoldaşı olurdu.
Redaktor müavini Məzahir Süleymanzadə Gürcüstan qəzetlərindən birinə xəbər yetirməklə məşğul idi…
Kimsə Azərinformdan xidməti telefon məlumat kitabçasını gətirdi. Bu hesaba SSRİ-nin, demək olar, bütün informasiya agentliklərinə dərdimizi yetirə bildik. Agentliyin direktoru olmayanda müavininə, xidməti telefonları bağlı olanda isə evlərinə zəng etməkdən savayı əlacımız qalmırdı.
Estoniya Teleqraf Agentliyi direktorunun həyat yoldaşının ürəkdən, yana-yana dediyi “Derjites, rebyata, derjites” sözləri, Rəfail Nağıyevin isə “Bu, Qorbacovun Pribaltikada keçirmək istədiyi əməliyyatın baş məşqidir” kəlmələri indi də qulaqlarımda səslənir. (Dünyanın işinə bax: təxminən bir il sonra, mən bu hisslər barədə müstəqil “Səhər” qəzeti üçün qeydlərimi hazırladığım vaxt mərkəzi televiziyanın diktoru Vilnüsdə “qara yanvar” – qoşunun “cavab atəşi acmağa məcbur olması” barədə SİTA-nın məlumatını oxuyurdu…).
Azərinformdan Elman Cəfərli gəldi (indi haqq dünyasındadır; 90-cı illərin əvvəllərində mənimlə təxminən iki il dövlət qəzeti “Həyat”da baş redaktorun müavini işlədi – Ş.Y.), əlində teletayp lentləri vardı. “SİTA-dan gələn kanal bağlıdır, – dedi, – Moskvadan heç nə almırıq. Bunlar bizdən gedən materialların surətidir”.
Birincisi SİTA-nın direktoru Leonid Kravçenkonun (sonralar – 91-ci ilin avqustuna qədər – SSRİ Dövlətteleradiosunun sədri işlədi, 90-cı ilin yayında Azərbaycandan Sov.İKP XXVIII qurultayına nümayəndə seçildi…) adına ünvanlanmış xidməti məktub idi, Saveli Perets yazmışdı. Vəziyyətin obyektiv təsviri olmasa da, dövrün ruhunu dəqiq əks etdirdiyi üçün onun mətnini bütünlüklə verməyi lazım bilirəm: “Hörmətli Leonid Petroviç! Bakıda gecə çox ağır olmuşdur. Gecəyarısı şəhərə qoşun yeridilmişdir. Tanklar şəhərin əsas magistrallarında avtobuslardan, trolleybuslardan, yük avtomobillərindən qurulmuş qalaqları süpürüb atmışdır. Müqavimət göstərənlər, yaxud sadəcə, yolda dayananlar da süpürülüb atılmışdır.
Bakıda qoşun hissələrinin yerləşdiyi rayonda – Salyan kazarmaları deyilən yerdə bir neçə saat vuruşma getmişdir. Nəticədə bu magistrallar və bu rayon həqiqi mənada qana boyanmışdır.
Aeroporta gedən yol meyitlə doludur. Bakı Şəhər Soveti İcraiyyə Komitəsindən alınan məlumata görə, onlarca adam öldürülmüş, yüzlərlə adam yaralanmışdır. Müəssisələr, şəhərin xidmət bölmələri, mətbəələr işləmir. Qəzetlər yenə çıxmır. Dünən, güman edildiyinə görə, hərbçilər respublika televiziyası və radiosunun yardımçı enerji stansiyasını partlatmışdır. Televiziya və radio işləmir.
Azərinformun hərbi-hüquq şöbəsinin müdiri Hüseynov (keçmiş DTK-çı Əsildar Hüseynov – Ş. Y.) gecə Salyan kazarmaları rayonunda olmuş və qanlı qırğını öz gözləri ilə görmüşdür.
Radio-translyasiya şəbəkəsi ilə müntəzəm olaraq Vladimir Sergeyeviç Dubinyakın (o vaxt Bakının hərbi komendantı idi – Ş.Y.) müraciəti verilir. Müraciətdə deyilir ki, qoşunlar mövcud quruluşu devirməyə çağıran Azərbaycan Xalq Cəbhəsinin ultimatumuna cavab olaraq yeridilmişdir. Bakılılara təklif olunur ki, küçələrə çıxmasınlar, təmkinlərini qoruyub saxlasınlar.
Azərbaycan Xalq Cəbhəsi öz kanalları vasitəsi ilə bəyanat verərək ona qarşı irəli sürülən ittihamları rədd etmiş, xalqı işğalçı qoşunlara müqavimət göstərməyə çağırmışdır.
Azərinformdan yalnız mən sizinlə əlaqə saxlayıram. MK-dan heç bir göstəriş yoxdur. Birtəhər hərbi komendanta zəng vurub xahiş etdim ki, heç olmazsa, müraciətini bizə göndərsin və minimum informasiya versin. Təəssüf ki, iş qeyri-müəyyən vədlərdən o yana getmir.
SİTA-nın müxbirləri Fomin və Budris bizdədirlər. Demidov isə hərbçilərin yanındadır. İndinin özündə, saat 10-da da (Moskva vaxtı ilə) agentliyin binası yaxınlığında atəş səsləri eşidilir.
Əlavə məlumat alsam, sizə xəbər edəcəyəm… Vəziyyət dəyişməsə, əməkdaşların
təhlükəsizliyi naminə, güman ki, saat 13-14 radələrində rabitəni kəsəcəyəm”.
İkinci lent Azərinformun rəsmi materialı kimi SİTA-ya verilmiş Azərbaycan Jurnalistlər İttifaqının “Dunya xalqlarına muraciət”i idi. Həmin lentin sonunda SİTA buraxıcısının nəzərinə belə bir qeyd də vardı: “Bakı Şəhər İcraiyyə Komitəsi sədrinin ilkin məlumatına görə, 55 nəfər öldürülmüş, 180 nəfər yaralanmışdır”.
Redaksiyada kortəbii surətdə 10-15 nəfərlik kiçik qrup yaranmışdı. Bu qrup məlumat toplamaq, vəziyyəti öyrənmək, həqiqəti xəbər vermək üçün ağıla gələn hər vasitəyə əl atırdı. Əsas iş telefonla – hökumət telefonları ilə görülürdü. Rəfail Nağıyevlə Məzahir Süleymanzadənin otaqları özünəməxsus qərargaha dönmüşdü: bütün fəaliyyət planı burada cızılırdı, məlumat, göstəriş buradan verilirdi, əməkdaşlar buraya toplaşırdı. Stenoqrafçı Nazilə ilə makinaçı Pərinaz ailələrini, ailə qayğılarını, ailə üzvlərinin təhlükəsizliyini unudub bizimlə həmdərd olmuşdular, göz yaşları axa-axa nəyisə makinada çap edirdilər, kimisə sakitləşdirir, kiməsə təsəlli verirdilər, telefonda asılı qalmış bizləri, heç olmazsa, bir stəkan çay içməyə, yavan çörəkdən bir loğma kəsməyə məcbur edirdilər.
…Tədricən rəsmi materiallar gəlirdi. Azərinformun ictimai-siyasi xəbərlər baş redaksiyasının baş redaktoru Azər Ələsgərov Şeyx həzrətlərinin müraciətinin mətnini və hərbi komendantın 1 nömrəli əmrini gətirdi: hər ikisi rus dilində idi, qəzetdə veriləcəkdisə, tərcümə olunmalı idi.
Elman qəti imtina etdi və həmin an üçün çox təbii bir tərzdə dedi: “Ümumiyyətlə, mən bundan sonra rus dilindən heç nə tərcümə etməyəcəyəm”. (Azərinformun ştatlı tərcüməçisi idi, çörəyi SİTA və Azərinform materiallarının tərcüməsindən çıxırdı və təbii ki, sözünün üstündə dura bilməzdi. İlk günlərin sarsıntısı keçəndən sonra, ümumiyyətlə, ictimai-siyasi ədəbiyyatın ən yaxşı tərcüməçilərindən olan Elman yenə sevimli peşəsi ilə məşğul olmağa başladı).
Komendantın əmrini Azər müəllim tərcümə etməyə razı oldu, şeyxülislamın məktubunu isə redaksiyanın beynəlxalq həyat və tərcümə şöbəsinin müdiri Akif Qəhrəmanova verdik – mülahizə belə idi: kamil tərcüməçidir, üstəlik, “İslam” və “Şəriət” kitablarını tərcümə edib, necə deyərlər, şeyxin dilini yaxşı bilir…
Perets rabitəni saat 13-14-də kəsəcəyinə söz versə də, Azərinformdan savayı daha bir informasiya orqanında iş getdiyini görüb fikrindən daşındı. Günün ikinci yarısında onun Kravçenkoya ikinci məlumat məktubunun mətnini gətirdilər: “Hörmətli Leonid Petroviç! Şəhərdə vəziyyət son dərəcə gərgin olaraq qalır. Qüvvələrdə qütbləşmə baş vermişdir – Azərbaycan KP MK-nın binası qarşısında 50 minədək adam toplaşmışdır. Küçələrdə duran tanklarla onların yolunu kəsmişlər, əsgərlər tam döyüş vəziyyətini almışlar. Adamların başqa bir dəstəsi Lenin adına meydandadır. Burada artıq 250-300 min adam yığışıb. Onlara heç kim mane olmur. Meydanda və MK binası qarşısında toplaşmış adamların başı üzərində qara matəm bayraqları dalğalanır.
Tələf olanların kədərli siyahısı böyüyür. “Təcili yardım” xəstəxanası həkimlərinin
məlumatına görə, artıq 640 nəfər yaralanan və ölən vardır. MK binasının yaxınlığında olan fotoxronikadan indicə bizə zəng vurdular: orada adamlara güllə atırlar.
Elan edilmişdir ki, sabah (əslində isə yanvarın 22-də – Ş. Y.) saat 12-də Lenin adına meydanda dəfn mərasimi olacaqdır. Bizdə olan məlumata görə, respublika hökuməti üç günlük matəm elan etmək niyyətindədir.
Sizin müxbirlər Fomin və Budrisə kömək etmək istədik, onları respublika Daxili İşlər Nazirliyinə göndərdik, lakin qəbul etməyib geri qaytardılar.
Nə MK-nın mətbuat mərkəzi, nə Daxili İşlər Nazirliyinin, nə də hərbi komendantın mətbuat mərkəzi işləyir. Hərbi komendantdan böyük əziyyətlə bakılılara müraciəti və 1 nömrəli əmri ala bildim. Onları yaymağa hazırıq, lakin əfsus ki, harayasa vermək imkanı yoxdur – SİTA-nın rabitə kanalından savayı rabitə kanallarının hamısı bağlıdır. Adamların təhlükəsizliyi məqsədilə rabitəni kəsirəm”.
Əlimiz daha heç yana, heç nəyə çatmır. Başlıcası budur ki, mətbəə işləmir və qəzet çıxmır. Biz – həmin on-on beş nəfər isə çıxıb gedə bilmirik. Nəhayət, nisbətən uzaqda yaşayan və metro ilə gedə bilənləri, o cümlədən bizə qayğıkeşlik göstərən qızları evlərinə göndəririk.
Təxminən axşam 9-da biz üçümüz – Rəfail Nağıyev, Məzahir Süleymanzadə və mən sürücü Əzim kişi ilə redaksiyanı tərk edirik. Sabah bazardır, iş günü deyil – qəzet çıxmır, bazar ertəsi redaksiyada görüşüb hər şeyi qətiləşdirməliyik; bundan sonra yaşayaqmı? Yaşayacağıqsa, necə yaşamalıyıq, necə işləməliyik? Ən qəribəsi isə budur ki, qəzetin çıxmamasına görə dəli olmuşuq, eyni zamanda BÜTÜN BUNLARDAN SONRA “Kommunist” adlı qəzeti buraxa biləcəyimizi də ağlımıza gətirmirik.
Yolda fikrimiz bir qədər də durulur: “SƏHƏR”i buraxmalıyıq!..