İnsanların biri-biri ilə təması koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejimlərindən, ümumiyyətlə pandemiya başa çatandan sonra necə olacaq? Novator.az xəbər verir ki, Britaniya alimləri insanların pandemiyadan sonra da çox ehtiyatla təmasda olacağı qənaətindədir.
Adi günlərdə insanın başqaları ilə təmasını sayıb qurtarmaq mümkün deyil. Bu baxımdan indiki karantin, özünütəcrid dövrü bir çox adamın həyatında heç kimə toxunmamaq baxımından ən uzun dövrdür. Çox adam ümid edir ki, bu, müvəqqətidir. Ancaq bəzi ölkələrdə artıq karantin rejimi ləğv edilib və adamlar normal həyata qayıtmaq problemi ilə üzləşiblər. Bir-birimizlə qarşılıqlı əlaqəni necə quraq ki, həm təhlükəsiz olsun, həm də bir-birimizdən və özümüzdən narazı qalmayaq.
Aylardır ki, adamlar sosial məsafə saxlayırlar. Bütün ömrü boyu öyrəndiyi nəzakət və sevgi normalarını pozmaq həqiqətən adamlara ağır gəlir. Hamı düşünür ki, koronavirus bəlası olmasaydı insanlarla yenə rahatca görüşər, yolda köməyə ehtiyacı olanların əlindən tutardı.
Bəli, insanlar faktiki olaraq yenidən dünyaya çıxmağa hazırlaşırlar. Əvvəlki vərdişlər birdəfəlik aradan qalxa bilərmi?
Britaniyalı psixoloq Kari Koper deyir ki, çox güman, toxunma və qulağa pıçıldama kimi təmaslar hələ bir müddət olmayacaq: “Əlaqələr bir az mürəkkəbləşəcək və əvvəlki kimi hərtərəfli olmayacaq”.
Digər britaniyalı alim Erika Hyus isə belə deyir: “Hər kəs ayrı olmağı düşünür, amma birlikdə”.
Tədqiqatlar göstərir ki, britaniyalıların yalnız 7%-i koronavirus tam nəzarət altına alınmayınca iş yerlərlərinin yenidən açılmasını istəyir. Belə vəziyyətdə britaniyalıların 70%-i normal həyata qayıtmağın qəti əleyhinədir. Kanadalıların 70%-i, avstraliyalıların və amerikalıların 60%-i, Fransa və Braziliya əhalisinin yarısı, çinlilərin isə 40%-i eyni düşüncədədir.
İlkin Nizami