Qara yanvar: əvvəl və sonra… yenə əvvəl (1)
Şakir Yaqubov
…Arxada qalan illərdə 20 yanvar faciəsi ilə bağlı çox deyilib, çox yazılıb, amma o məşum hadisələrdən uzaqlaşdıqca nağıl danışanların sayı azalmaq əvəzinə daha da çoxalır – hətta bunların arasında yaxından tanıdığın adamlar olanda cızdağın çıxır. Bilmirsən nə edəsən, kimə deyəsən, kimin ağzını yumasan.
20 yanvardan mən də yazmışam – amma çox-çox “qədimlərdə”, necə deyərlər, yaramız qaysaq bağlamamış. Birinci dəfə 1991-ci ilin yanvarında, “Səhər” qəzeti müstəqil nəşr kimi fəaliyyətə başlayanda yazdım – üç nömrədə, azı 20 min işarəlik.
Düz bir il sonra “Azərbaycan” nəşriyyatında “Mən şahidəm ki…” adlı kitabım çıxdı.
2003-cü ildə nəşr olunmuş “Taleyimdən keçənlər” adlı kitabımın mühüm hissəsi də “Qara yanvar”a həsr olunub.
Nəhayət, 2015-ci ildə Məzahir Süleymanzadə ilə birgə “Qara yanvar dialoqu” adlı kitabımız çıxıb. Orada da çoxlu təzə faktın olmasına baxmayaraq əsas məqsəd o faciənin ilk çağlarını xatırlatmaq idi.
Mən yenə həmin günlərə qayıtmaq və nəyin necə olduğunu bir daha xatırlatmaq istəyirəm: 1991-ci ilin yanvarında dərc olunmuş “Bu həmin “Səhər”dir ki…” yazısına isnad etməklə həm də özümün həmin günlərdə nə ilə məşğul olduğumu bir daha yada salmaq istəyirəm…
***
…1990-cı il yanvarın 20-də mən redaksiyaya gələndə saat 10 olardı. Evdən isə təxminən səhər 7 radələrində çıxmışdım – Biləcəri yoxuşunun başından metronun elə həmin gün qeyri-iradi “Qanlı meydan” (indi “20 Yanvar”) adını qazanmış stansiyasına qədər təxminən iki kilometrlik yola üst-üstə iki saatadək vaxt getmişdi, o iki kilometrdə gördüklərim, eşitdiklərim gözlərimə və yaddaşıma əbədilik həkk olunub – istəsəm də silə bilmərəm. Onlar barədə danışmağı da artıq hesab edirəm – onsuz da hər şey aydındır: görən görüb, bilən bilir… Həmin iki saatda anbaan şüurumda qətiləşən, möhkəmlənən fikir bu idi ki, tezliklə özümü redaksiyaya çatdırmalıyam…
İlk zərbəni metro qatarında aldım. Günü bu günə qədər məşğuliyyətinin nədən ibarət olduğunu bilmədiyim, küçə və meydanlarda yaxa yırtanlardan biri kimi tanıdığım cavan oğlan dişlərini qıcırdaraq soruşdu: “İşə gedirsən? Kimə lazımdır sizin o qəzet?”
O məni tanıyırdı, xasiyyətimə də az-çox bələd idi, özünə və özü kimilərinə – özləri konkret bir işin qulpundan yapışmayan, peşəsi başqalarına şəbədə qoşmaq olan, əsl mənada camaatın əsəbləri ilə oynayan, meydanda boğazına güc verməyi postunda öz işini səliqə-sahmanla, canı-dildən görməkdən üstün tutanlara münasibətimdən də az-çox xəbərdar idi.
Bunu da bilirdi ki, “o qəzet”in, yəni “Kommunist”in vicdanlı işçiləri amansız mənəvi repressiya şəraitində baş verə biləcək faciənin qarşısını almaq üçün az iş görmürdülər. Azı on gün olardı ki, “Kommunist”də boğazdan yuxarı deyilmiş bir cümlə də dərc olunmurdu, üstəlik, iki gün idi respublikada heç bir qəzet çıxmırdı.
Ona heç nə demədim, ancaq sözlərinin deyiliş tərzi məni üşütdü. Üzümü yana çevirməli oldum. Güman ki, məni söysə də, həmin an ona cavab verməyəcəkdim.
…Redaksiyada on-on iki adam vardı. Qəribə bir hiss bürümüşdü hamının varlığını, heç kim bir-birinin üzünə baxmaq istəmirdi – sanki hamı suçlu bir iş üstündə tutulmuşdu.
…Saat 12 radələrində üçüncü mərtəbədə, redaksiya rəhbərliyinin yerləşdiyi iş otaqları ilə üzbəüz foyedə yığışdıq, dili söz tutanlar əvvəl özləri üçün, sonra isə hamının eşidə bilməsi üçün ucadan ürəklərini boşaltmağa başladılar. Söz sözü gətirdi, üçümüz – redaktor müavinləri Rəfail Nağıyev, Məzahir Süleymanzadə və mən fövrən bəyan elədik ki, “bu qanlı qırğının, amansız faciənin birbaşa səbəbkarı respublikanın rəhbəri Vəzirov və onun komandası olduğuna görə Cəmil Əlibəyovun daha redaktor kimi bu kollektivə dönüşünə bəraət yoxdur”.
Cəmil müəllim bir aya yaxınıydı müalicə alırdı – “Leçkomissiya” xəstəxanasından təxminən bir həftə qabaq çıxmışdı, müalicəsini ev şəraitində davam etdirsə də, ara-sıra redaksiyaya gəlir, “yuxarı”dan aldığı müəyyən məlumatları müavinlərinə, mənə çatdırır, “çətin günlərdə şəraiti düzgün qiymətləndirə bilməyimiz üçün” bəzi xırda-para göstəriş-məsləhətlərini verirdi; sonuncu dəfə yanvarın 18-də günortadan qabaq redaksiyada olmuşdu – mən onunla qaçaraq qalxdığım pilləkənin başında qarşılaşmışdım: ürəyimə qəribə bir duyğu dolduğuna görə yanvarın 3-də “Leçkomissiya”ya yerləşdirdiyim həyat yoldaşımı iznsiz-filansız xəstəxanadan çıxarıb evə gətirmiş və sonra da işə qayıtmışdım – Cəmil müəllimlə də bu zamankı ani görüşdə haradan gəldiyimi ala-babat formada izah eləməyə çalışmışdım, o da ayrılıq məqamında, sanki nəyisə bilirmiş kimi, “Bacarsan, qəzeti buraxarsan” deyib ikinci mərtəbədən üzüaşağı enmişdi.
…Yığıncağımızın son sözü bu oldu: “Bu gunə qədər nə etmişiksə, necə yaşamışıqsa, bunların hamısı qalır 90-cı il yanvarın 20-dən o tayda. İndən belə vicdanımızın əleyhinə getməyə, ürəyimizin hökm etmədiyi kimi yazmağa haqqımız yoxdur”.
Etiraf edirəm: “Cəmil müəllimin redaktor qalmağa mənəvi haqqı yoxdur” hökmünü verəndə emosional stress vəziyyətində olmuşam, eyni zamanda baş vermiş faciə ilə bağlı düşüncəmi dilə gətirmişəm – həmin anlarda mən 20 yanvarın günahını istisnasız olaraq Azərbaycan rəhbərliyində görürdüm və şəxsi qənaətimə görə, bu misilsiz qırğına rəvac verən rəhbərlik daha rəhbər kürsüsündə oturmamalıydı. Həm də təkcə Əbdürrəhman Vəzirov yox, respublika səviyyəli bütün digər vəzifə sahibləri!
Amma az vaxt ötdü, bəzi mətləblər aydınlaşdı və mən yəqin elədim ki, qanlı şənbə gecəsinə aparan yol xeyli uzun, bu yol boyunca marığa yatan “tənzimləyicilər”in sayı isə xeyli çox imiş! Və respublika rəhbərliyi də bu “tənzimləyicilər” zəncirində bir həlqəymiş! Belə olan təqdirdə – Vəzirovla çox isti münasibətləri olsa da, respublikanın 1 nömrəli qəzetinə başçılıq etsə də! – Cəmil Əlibəyovu hansısa bir məsələdə ciddi şəkildə təqsirləndirmək, təbii ki, sağlam məntiqə sığmayan söhbət idi. Amma buna baxmayaraq, mənim düşüncəmə görə, 20 yanvara qədərki rəhbərliyin, o cümlədən “Kommunist” qəzeti redaktorunun əvvəlki vəzifədə qalması, hamıyla birgə şəhidlərə ağı deməsi ən azı mənəvi məsuliyyət baxımından düzgün olmazdı…
Hər nəsə, söz deyilmişdi, “qiyam” baş vermişdi, “qiyamçılar” da dediklərini danmırdılar. Bizim ona asi kəsilməyimizi Cəmil müəllim yanvarın 21-də axşamtərəfi, Mərkəzi Komitənin qəbul otağında Məzahirlə məndən öyrəndi. Bizi oraya Cəmil müəllimin özü çağırmışdı; onda mən ailə üzvlərimlə birgə o vaxtkı iş yoldaşlarımdan birinin Tbilisi prospektinin (indiki Moskva prospekti) başındakı evində idim. Məzahir zəng vurdu, dedi ki, Cəmil müəllim Mərkəzi Komitədədir, bizi çağırır.
Necə, nə ilə getməyim yadımda deyil, qəbul otağının qarşısında Cəmil müəllimlə qabaqlaşdıq. Quruca salam-kəlamdan sonra ənənəvi redaktor göstərişlərini verdi – üzümüzə gələn həftənin ilk nömrəsində nə verməliyik, nədən yazmalıyıq, necə yazmalıyıq.
Məzahir sakitcə, amma qətiyyətlə dedi: “Bu söylədikləriniz nə üçündür? Onsuz da siz daha redaktor deyilsiniz. Biz iclasda bu qərara gəlmişik…”
Bunu eşidən kimi Cəmil müəllim Mərkəzi Komitənin binasına girdi, təxminən beş dəqiqədən sonra qayıdıb: “Mən istefa ərizəsini yazıb katibə verdim, – dedi, – Allah işinizi avand eləsin”.
Biz onun ideoloji işlər üzrə katib Rafiq Zeynalovu nəzərdə tutduğunu dərhal anladıq. Dedi və Mərkəzi Komitə ilə qonşuluqdakı yaşayış binasının arasındakı yola tərəf düzəldi…
Bir də təxminən iki ay sonra redaksiyada üz-üzə gəldik. İstefasını qəbul etməmişdilər. Redaksiyadan da üç-beş nəfərlik dəstə “rəhbər üçlük”dən, yəni bizdən xəlvəti bir neçə dəfə Cəmil müəllimin evinə getmiş, geri qayıtmasını xahiş etmiş, Mərkəzi Komitəyə teleqram göndərərək redaktorun öz işini davam etdirməsinə tərəfdar olduqlarını bildirmişdilər.
Eşitdiyimizə görə, MK bürosunun üzvləri də işini davam etdirməyi təkidlə məsləhət görmüşdülər, amma redaktoru fikrindən daşındırmaq mümkün olmamışdı. Belədə məsələni yerindəcə, kollektivin üzvləriylə redaktorun üzbəsurət dinlənilməsi şəraitində həll eləməyi qərara almışdılar. Ona görə də MK-nın ideoloji iş şöbəsinin təzə müdiri Fazil Muradəliyev kollektivin son qənaətini öyrənmək üçün Novruz bayramı ərəfəsində Cəmil müəllimlə birgə redaksiyaya gəlmişdi.
Redaksiya heyətinin geniş tərkibli iclasında xeyli adam danışdı: Cəmil müəllimi əvvəlkitək ağsaqqal mərtəbəsində, redaktor kürsüsündə gördüklərini bildirdilər; biz üçümüz – “asi”lər isə, sadəcə olaraq, elementar əxlaq prinsiplərinə görə sözümüzü danmadıq. Ürəyimiz sınmışdı: haqlı, ya haqsız. Daha bunun bir elə də önəmi yoxuydu. Cəmil müəllim dönsəydi – ya özümüz getməliydik, ya da o bizi “yola salmalıydı”…
Cəmil müəllim etimad, dəvət üçün hamıya – MK-ya da, 16 ay çiyin-çiyinə işlədiyi jurnalistlərə də, “kişi kimi dediyinin üstündə duranlara” da təşəkkür eləyib səliqə-sahmanına, “abadlaşdırılmasına” heç vaxt diqqət yetirmədiyi redaktor otağını biryolluq tərk etdi. Əl verib xudahafizləşdiyi sonuncu adamsa mən oldum…
Respublikanın təzə rəhbərliyi onu “Yazıçı” nəşriyyatına baş redaktor göndərdi…
Söhbətimin əvvəlinə qayıdıram.
…Otaqların çoxu açıq olsa da, hamının üz tutduğu qapı – redaktor müavini Rəfail Nağıyevin otağının qapısı idi. Dünəndən, srağagündən “Kommunist” nəşriyyatının mətbəəsi bağlı idi, qəzetin çıxıb-çıxmayacağı barədə danışmağa dəyməzdi. Cari işlə məşğul olmaq lazım idi.
Nəydi o “cari iş”? Dərhal ağıla gələn bu oldu: həmin dəqiqələrdə miqyasını təsəvvür edə bilmədiyimiz amansız müsibət barədə həqiqəti bir yana çıxarmaq. Hara? Hara mümkünsə!
Həqiqi mənada hakimiyyətsizlik şəraiti yaranmışdı o vaxt respublikada. Və bu, kütləvi informasiya və məlumat vasitələri sahəsində də özünü göstərirdi. Ən müxtəlif səbəblər üzündən (mən həmin səbəblərin nədən ibarət olduğunu bilirəm və güman edirəm ki, indi bunları sadalamağın əhəmiyyəti yoxdur – o mənada ki, vəziyyəti dəyişdirmir) yanvarın 20-də Azərinformun (indiki AZƏRTAC-ın) direktoru, Dövlətteleradionun sədri, “Kommunist”in, “Vışka”nın və “Sovet kəndi”nin (az sonra “Bərəkət”in, daha sonralar isə “Həyat” qəzetinin) redaktorları (indiki dillə deyilsə: “baş redaktorları”) vəzifə başında deyildilər.
Təkcə “Bakinski raboci”nin qanına, iliyinə qədər qəzetçi olan baş redaktoru Gennadi Qluşkov yerindəydi, ondan da aldığımız cavab bu oldu: “Hesab edin ki, bu gündən baş redaktor deyiləm. Etiraz əlaməti olaraq…”.
Qluşkov bundan 5-6 ay əvvəl qəzetdə dərc etdirdiyi məqaləsi, sonra isə Azərbaycan SSR Ali Sovetinin sessiyasındakı prinsipial çıxışı ilə sübut etmişdi ki, Azərbaycanın çörəyini yeyənlərin heç də hamısı nankor olmur. Ona görə indiki sözləri də çox təbii səsləndi: “Nə etmək istəyirsinizsə, mən də sizinləyəm”.
Yığıncaqdan sonra birinci işimiz Azərbaycan Jurnalistlər İttifaqı idarə heyətinin ”Dunya xalqlarına müraciət”inin mətnini tərtib etmək oldu (daha doğrusu, bu işi Rəfail müəllimlə beynəlxalq həyat və tərcümə şöbəsinin müdiri Akif Qəhrəmanov gördü): “Azərbaycanın paytaxtı qana qəltan edilib. Moskvanın göstərişi ilə göndərilmiş tanklar adamları amansızcasına basıb keçmişlər, Bakının küçələri azərbaycanlıların meyitləri ilə doludur. Azərbaycan jurnalistləri dinc əhaliyə qarşı vəhşi terrora hiddətli etirazlarını bildirir və bütün dünya xalqlarını öz azadlığı, istiqlaliyyəti, vətəninin ərazi bütövlüyü uğrunda çarpışan Azərbaycan xalqı ilə həmrəy olmağa çağırırlar”.
Azərinform direktorunun müavini – ”səksəninci illərin Bakısına əllinci illərin
komsomolçusu ağlı ilə qayıtmış” (məşhur ədəbiyyatşünas Yaşar Qarayevin sözləridir) Vəzirovun curlarından, başına ağıl qoyanlardan biri olan Saveli Perets – o, “Bakinski raboçi”də altı-yeddi il əvvəl dərc edilmiş A2 ölçülü bir səhifəlik məqalədə həmmüəllifim olmuşdu – (“şef” Azərbaycanda “işini görub” Moskvaya qayıtdıqdan az sonra İsrailə köçüb getdi və dərhal da xalqımıza qarşı ermənipərəst yazılarla çıxış etməyə başladı – sözgəlişi bunu da deməliyəm) mətni SİTA-ya verməyə boyun oldu. Lakin biz başa düşürdük ki, hələ bir gün əvvəl Mixail Qorbaçovun Bakıya qoşun yeritməkdən savayı özgə əlacı olmadığı (?) barədə xarici rəylər yayan SİTA bu müraciəti qəbul etməyəcək və heç bir informasiya orqanına ötürməyəcək.
Bəs nə etməli? Gərək ki, Zülfüqar Rüfətoğlu təklif verdi: bəlkə Xarici İşlər Nazirliyi vasitəsilə yayaq?! Təklif ağıla batdı. Hökumət telefonu ilə naziri axtarmağa başladıq. Nəhayət, nazirliyin hansısa bir əməkdaşı ilə razılaşdıra bildik: qoy İran və İraq konsulluqlarından (sovet dövründə bu ölkələrin SSRİ-də səfirlikdən savayı ayrı-ayrı iri şəhərlərdə, o cümlədən Bakıda konsulluqları vardı – Ş.Y.) nümayəndə çağırsınlar, müraciəti rəsmi şəkildə təqdim edək: bəlkə onların vasitəsilə sözümüz SSRİ sərhədini aşa bildi.
Zülfüqar və daha bir nəfər – gərək ki, Araz Qurbanov nazirliyə yollandı. Soraq gəldi ki, MK binasının qabağında mitinq olacaq. Müraciətin bir nüsxəsini Tahir Rüstəmova verib ora göndərdik – qoy oxusun, qoy xalq bilsin ki, Azərbaycan jurnalistləri, hər halda, “Kommunist”in işçiləri, təsəvvür olunduğu kimi müti qul deyillər.