Ədliyyə Nazirliyinin 12 may məlumatına görə, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində, o cümlədən Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan 33 məhkum koronavirus infeksiyasına yoluxub, həmin şəxslər təcrid olunaraq xüsusi karantinə yerləşdirilib.
Novator.az bildirir ki, Müsavat Partiyasının başqanı Arif Hacılı bununla bağlı şərh yayaraq hələ mart ayının birinci yarısında hakimiyyətə koronavirus fonunda həbsxanaların qapılarının açılması, siyasi məhbusların, eyni zamanda ağır olmayan cinayətlərə görə məhkum edilənlərin, cəzasının çoxunu çəkmiş məhbusların azadlığa buraxılması təklifi verdiyini xatırladıb: “Dəfələrlə təkrar etdiyim bu təklif nəzərə alınmadı. İndi həbsxanalar virusun yayılma mərkəzinə çevrilir. Hər kəs bilir ki, həbsxanalarda virusa yoluxanlar yalnız elan olunan 33 nəfər deyil və həmin sayda qalmayacaq, hökmən ətrafa da yayılacaq. Hakimiyyətin səriştəsiz, acımasız siyasəti nəticəsində sadə insanlar, xalq əziyyət çəkir.
İlham Əliyevə, digər iqtidar yetkililərinə bir tövsiyəm var. Yazdıqlarımızı yalnız bizi təqib etmək, sıxışdırmaq, həbs etmək məqsədilə yox, həm də nəticə çıxarmaq, düzgün idarəçiliyi öyrənmək, yanlışları düzəltmək üçün oxuyun”.
Martın 5-də özünün “Facebook” səhifəsində müraciət yayan Arif Hacılı 2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatdığını xatırladaraq qeyd etmişdi ki, cəzaçəkmə müəssisələri koronavirus infeksiyasının yayılması üçün ən təhlükəli yerdir: “14 və 16 saylı cəzaçəkmə müəssisələrində məhbus olarkən soyuqdəymə, qrip xəstəliklərinin daim davam etdiyinin şahidi olmuşam. Özüm fasiləsiz olaraq, aylarla qripli idim. Koronavirus həbsxanalarda yayılsa, ölənlərin sayı rekord həddə çatacaq.
Çıxış yolu var. Həbsxanaların qapılarını açmaq. Məhbusların mühüm qismini müvəqqəti də olsa azadlığa buraxmaq. İranda 54 min məhbus koronavirusa görə müvəqqəti azadlığa buraxılıb. Azərbaycan həbsxanalarının da qapılarını açın, məhbusları azadlığa buraxın!”
Martın 30-da Arif Hacılı özünün “Facebook” səhifəsində məqalə yayaraq yenə həmin problemi qaldırmış, hakimiyyəti siyasi məhbusları azadlığa buraxmağa, digər məhbuslar üçün amnistiya verməyə çağırmışdı.
Aprelin 6-da prezident İlham Əliyev koronavirus infeksiyası ilə əlaqədar əfv sərəncamı imzalayaraq azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfəri cəzanın çəkilməmiş hissəsindən azad edib. Həmin sərəncamla azadlığa buraxılanlar arasında siyasi məhbus sayılan iki nəfər də yer alıb: Abbasov Fəramiz Zeynal oğlu və Binyədov Eldar Əli Ağa oğlu.
2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus xəstəliyi 212 ölkə və əraziyə yayılıb, 293 mindən çox adam ölüb.
Azərbaycanda 2693 nəfərin koronavirusa yoluxması bilinib, onların 1735-i müalicə olunaraq sağalıb, 33-ü vəfat edib, 925-i xüsusi rejimli xəstəxanalardadır.