Mayın 12-si Sumqayıtda “Gilan Tekstil Park”ın tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak edən prezident İlham Əliyev müəssisələrin bir qrup işçisi ilə görüşüb.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı deyib ki, koronavirus pandemiyası ilə əlaqədar tibbi sənayenin inkişafı daha aktual mövzuya çevrilib: “Bu sahə Azərbaycanda az inkişaf edib, bir çox hallarda biz idxaldan asılı idik və bu gün də bu davam edir. Ancaq koronavirus pandemiyası hər bir ölkə üçün gözlənilməz bir bəla oldu və bütün ölkələr ilk növbədə öz daxili resurslarını səfərbər etməyə çalışdı və pandemiyaya qarşı mübarizə üçün lazım olan tədbirləri görməyə başladı, o cümlədən Azərbaycan.
Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məhz bu addımlar nəticəsində biz bu günə qədər vəziyyəti tam nəzarətdə saxlayırıq və yoluxanların sayı kifayət qədər azdır. Əlbəttə, indiki şəraitdə karantin rejiminin təmin edilməsi pandemiyaya qarşı mübarizə işində əsas məqsədlərdən biridir. Bu müddət ərzində hər bir ölkə gördü ki, çətin vəziyyətdə, çətin şəraitdə bəzi ölkələr özlərinə qapanır, bəzi ölkələr ancaq öz daxili bazarlarını təmin etmək üçün çalışır. Əlbəttə, müəyyən çətinliklər də yarandı, xüsusilə tibbi ləvazimatların, tibbi avadanlıqların alınması və ölkəmizə gətirilməsi üçün. Bir daha gördük ki, tibbi sənayenin inkişafı böyük əhəmiyyət daşıyır. Son müddət ərzində bu istiqamətdə müəyyən addımlar atıldı, Pirallahı adasında iki müəssisə fəaliyyətə başladı, biri dərman preparatları müəssisəsi, digəri isə tibbi şprislərin istehsalı.
Tibbi maska istehsalı Azərbaycanda ümumiyyətlə yox idi, nəzərdə də tutulmurdu. Çox sevindirici haldır ki, özəl sektor böyük sosial təşəbbüs göstərərək, dövlətin çağırışına cavab verərək qısa müddət ərzində həm həkimlər, həm də adi vətəndaşlar üçün lazım olan bu vasitələri istehsal etməyə başlayıb. Bu gün bu müəssisədə fəaliyyətə başlamış tibbi maska fabriki ölkəmizdə ikinci istehsalat sahəsidir. Birinci müəssisə də Sumqayıt şəhərində yerləşir, Sumqayıt Kimya Sənaye Parkının ərazisində”.
Prezident qeyd edib ki, koronavirus pandemiyası ilə bağlı vəziyyəti nəzarətdə saxlamaq o qədər də asan məsələ deyil: “Biz bütün səylərimizi insanların sağlamlığının qorunmasına yönəltdik. Pandemiyanın ilk günlərindən bizim üçün seçim etməkdə heç bir tərəddüdlü məqam olmadı. Mən birmənalı şəkildə demişdim ki, ilk növbədə vətəndaşların sağlamlığı, onların həyatıdır. O ki qaldı iqtisadi vəziyyətə, hər kəs üçün aydın idi, iqtisadiyyat zərər çəkəcək, nəinki bizim iqtisadiyyatımıza, bütün dünya iqtisadiyyatına böyük ziyan vurulacaq. İndi artıq ilkin hesablamalar üzə çıxır və deyilir ki, inkişaf etmiş ölkələrdə bu il iqtisadiyyat 7-10 faiz düşə bilər və bu da təbiidir. Ancaq bizim əsas vəzifəmiz vətəndaşları qorumaq idi. Ona görə məhdudlaşdırıcı tədbirlərin böyük rolu oldu. Əgər biz bu addımları atmasaydıq, indi vəziyyət nəzarətdən çıxa bilərdi, necə ki, bir çox ölkədə, o cümlədən inkişaf etmiş ölkələrdə, səhiyyə sistemi bizdən qat-qat inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıb, xəstələr üçün xəstəxanalarda yataqlar çatmır, xəstələr bəzi hallarda xəstəxanalara ümumiyyətlə qəbul edilmir. Artıq sirr deyil ki, bir çox ölkədə yüngül simptomlu xəstələri xəstəxanalara qəbul etmirlər. Onlara deyilir ki, gedin öz evinizdə qalın və faktiki olaraq onlar müalicəsiz qalırlar. Bizdə isə bütün xəstələri, bütün yoluxanları, hətta onun simptomu olmasa belə, mütləq xəstəxanalara qəbul edirik. Biz ən müasir xəstəxanalarımızı koronavirus xəstələrinin ixtiyarına vermişik”.
İlham Əliyev qabaqlayıcı tədbirlərin Azərbaycanın bu vəziyyətdən az itkilərlə çıxmasına imkan verdiyini vurğulayıb: “Başqa ölkələrlə, o cümlədən əhalisi bizimlə eyni sayda olan ölkələrlə müqayisədə Azərbaycanın vəziyyəti qat-qat yaxşıdır. Ancaq bu o demək deyil ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməliyik. Koronavirus qeyb olmayıb, koronavirus dolaşır. Peyvənd icad edilənə qədər bu problem mövcud olacaq. Ona görə vətəndaşlar da buna hazır olmalıdırlar. Biz üç həftənin müsbət dinamikasını nəzərə alaraq aprelin 27-dən etibarən yumşalma addımlarımızı atmağa başladıq. Çünki başa düşürük ki, bu, hər kəs üçün çox çətin dövrdür. Ancaq gördük ki, yumşalma tədbirləri başlayan kimi yoluxanların sayı artmağa başladı. Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar. Ona görə mən bir daha Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, bu qaydalara əməl etmək o qədər də çətin deyil. Həkimlər, mütəxəssislər deyirlər ki, indi əsas şəxsi gigiyenaya fikir vermək, dezinfeksiya vasitələrindən istifadə etmək, bir metr yarım, iki metr məsafə saxlamaq və maska taxmaq lazımdır. Çətin məsələ deyil. Ona görə bütün vətəndaşlardan bir daha xahiş edirəm ki, bu qaydalara əməl etsinlər. İndi biz yumşalma addımlarımızı artırırıq və siz bilirsiniz ki, bütün dünyada bu proses gedir. Hətta bu gün yüzlərlə vətəndaşı vəfat edən ölkələr artıq açılırlar. Çünki başqa cür mümkün deyil. Biz də yavaş-yavaş bu istiqamətdə gedirik. Ancaq burada əsas məsələ vətəndaşların məsuliyyətidir.
İndiki şəraitdə uğurumuzun əsas şərti vətəndaşların məsuliyyəti olmalıdır. Əks təqdirdə bu xəstəlik nəzarətdən çıxacaq. Biz bunu açıq deməliyik və bilməliyik ki, dövlət nə qədər iş görsə də, vəziyyət nəzarətdən çıxacaq, kütləvi yoluxma halları baş verəcək, insanlar kütləvi qaydada vəfat edəcək, xəstəxanalarda yerlər, reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmayacaq. Beləliklə, Allah eləməsin, biz indi böyük böhran içində olan ölkələrin vəziyyətinə düşə bilərik. Biz buna qətiyyən yol verə bilmərik. Ona görə mən bir daha bütün vətəndaşlara çağırış edirəm, məsuliyyətli olun, intizamlı olun, qaydaları pozmayın, özünüzü, öz yaxınlarınızı, öz tanışlarınızı qoruyun ki, biz bu bəladan az itkilərlə çıxa bilək”.