Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsi mayın 7-də İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin həbsi ilə bağlı məlumat yayıb. Rəsmi açıqlamaya görə, toplanmış materiallar üzrə Vilyam Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirməyi, eləcə də xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunub.
Məlumata əsasən, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti Vilyam Hacıyevin xidmət etdiyi və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirib: “Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
İstintaq araşdırmaları zamanı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzilləri Vilyam Hacıyevin rüşvət müqabilində qanunazidd verməsinə əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğləri Vilyam Hacıyevin ələ keçirməsinə dair məlumatlar əldə edilib.
Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırmalar davam etdirilir”.
Prezident İlham Əliyev Vilyam Hacıyevi İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən mayın 6-da azad edib.
Novator.az bildirir ki, Vilyam Hacıyev 1957-ci ildə Xanlar (indiki Göygöl ) şəhərində doğulub. Mülki aviasiya və texnologiya üzrə iki ali təhsili var.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
1979-1998-ci illərdə Mülki Aviasiya İdarəsində müxtəlif vəzifələrdə çalışıb.
Gəncənin Nizami Rayon İcra Hakimiyyətində şöbə müdiri; başçının müavini olub.
26 mart 2004-cü ildən Xanlar Rayon İcra Hakimiyyətinin, 7 fevral 2006-cı ildən Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub.
14 aprel 2012-ci ildən İmişli Rayon İcra Hakimiyyətinin başçısı idi.