AZƏRTAC prezident İlham Əliyevin Rusiyadan yayımlanan “Mir” televiziya kanalına müsahibəsinin mətnini yayıb.
Koronavirus pandemiyası ilə bağlı sualı cavablandıran dövlət başçısı deyib ki, Azərbaycanda insanların sağlamlığını və həyatını qorumaq məqsədilə lap əvvəldən məhdudlaşdırıcı tədbirlər görülüb: “Tədbirlər özünü doğrultdu. Bu tədbirlər tədricən sərtləşdirildi və son nəticədə biz xüsusi karantin rejiminin tətbiqinə gəlib çatdıq. Bizim bütün resurslarımızın səfərbərliyə alınması, pasiyentlərin layiqincə müalicəsini təmin etmək məqsədilə tibbi preparatların, zəruri avadanlıqların əldə edilməsi üzrə böyük təşkilati iş aparıldı. Qısa müddətdə tibbi maskaların və dezinfeksiyaedici vasitələrin istehsalı üzrə müəssisə işə salındı. Yaxın vaxtlarda həkimlər üçün xüsusi geyimlər istehsal edən müəssisə işə salınacaq. Hər birində 200 çarpayı olmaqla 10 yeni xəstəxananın istifadəyə verilməsi planlaşdırılır. Bu, yeni tikinti texnologiyaları – modul tipli texnologiyalardır.
Bu günədək 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin müalicəsi üçün ayrılıb, o cümlədən bu yaxınlarda 575 pasiyent üçün nəzərdə tutulan ən müasir xəstəxana açılıb. Həmçinin koronavirusla mübarizəyə cəlb edilən tibbi heyətin sosial təminatı üçün tədbirlər görülüb. Bu kateqoriyadan olan tibb işçilərinin əməkhaqqı müvafiq olaraq 3, 4 və 5 dəfə artırılıb.
Yeni laboratoriyalar alınıb. Bu gün laboratoriyaların sayı artıq 23-dür. Bu bizə gündə bir neçə min test keçirmək imkanı yaradır. Ümumilikdə 160 mindən çox test keçirilib və əhalinin bir milyon nəfərinə düşən testin sayına görə Azərbaycan ön sıralardadır.
Görülən bütün tədbirlər, o cümlədən məhdudlaşdırıcı tədbirlər bir məqsəd daşıyıb – vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını təmin etmək və onların həyatını qorumaq.
Aprelin 14-dən başlayaraq Azərbaycanda müsbət dinamika müşahidə edilir. Sağalanların sayı yoluxanların sayından çoxdur. Bunun nəticəsində aprelin 27-dən başlayaraq və sonra mayın 4-də karantin rejimi yumşaldıldı. Karantin rejimi mayın sonunadək qüvvədədir. Biz vəziyyətin müvafiq daimi monitorinqini gələcəkdə də davam etdirəcəyik və əgər görsək ki, yumşaltma xarakteri daşıyan tədbirlər yoluxanların kəskin artmasına gətirib çıxarır, o halda məhdudlaşdırıcı tədbirləri yenidən gücləndirməli olacağıq.
Dünya Səhiyyə Təşkilatının baş direktorunun mart ayının sonunda mənə ünvanlandığı məktubda koronavirusla mübarizə işində Azərbaycanın nümunəvi ölkə olduğu bildirilib. İlk növbədə milli səviyyədə işləməklə həmçinin beynəlxalq birliyin daha sıx birləşməsinə, diqqətin bu problemə cəlb edilməsinə, habelə koronavirusa müqavimət üzrə birgə işlərin gücləndirilməsinə çalışırıq. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının sədridir. Apreldə və mayda iki sammit keçirildi. Özü də birinci sammit – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti dünyada bu mövzuya videokonfrans formatında həsr edilən ilk sammit idi. Dövlət və hökumət başçılarının böyük sayda iştirakı ilə bu tədbirlərin uğurlu keçirilməsi nəticəsində biz ümumi bəlaya qarşı mübarizədə vahid yanaşmalar əldə etdik. Eləcə də həm tibbi sahədə, həm də pandemiyanın bütün ölkələrə böyük zərər vurduğu iqtisadi sahədə müxtəlif səviyyələrdə işçi qruplar yaradıldı.
Həmçinin Azərbaycan bir neçə ölkəyə zəruri maliyyə və texniki, o cümlədən tibbi preparatlar və qoruyucu vasitələr yardımı edib. Biz pandemiyaya qarşı mübarizə işinə Dünya Səhiyyə Təşkilatı vasitəsilə iki dəfə donor töhfəsi etdik. Mart ayında Dünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında donor sazişi imzalandı. Sazişə müvafiq olaraq biz bu bəla ilə qlobal səviyyədə mübarizə üçün Dünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırdıq. May ayında isə Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın virusdan daha çox zərər çəkən üzvlərinə yardım göstərilməsi üçün Dünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə etdik”.
Neftin qiymətinin düşməsi barədə sualı cavablandıran prezident deyib ki, birinci rübdə sosial-iqtisadi inkişafın nəticələrinin müsbət olmasına baxmayaraq gələcəkdə enmə istisna deyil: “Buna baxmayaraq biz koronavirusdan daha çox zərər görən sahələrdə işləyən insanlara yardım üçün minimum 2 milyard dollar həcmində mühüm maliyyə resurslarını səfərbər etmişik. Bizdə belə vətəndaşların sayı təqribən 700 mindir. Bu gün həmin insanların işləmək imkanından məhrum olduqları nəzərə alınaraq onların əməkhaqqının mühüm hissəsi dövlətdən ödənir. Həmçinin dövlət sektorunun məcburi məzuniyyətə göndərilən işçiləri əməkhaqqını tam həcmdə alırlar. Bu qəbildən insanların sayı isə bizdə 900 mindən çoxdur. Aşağı gəlirli insanlar kateqoriyasına aid olan 600 min nəfərə, o cümlədən işsizlərə, qeyri-formal sahədə məşğul olanlara da sosial müavinət ödənir. İşsizlərin sayının kəskin artmasına yol verməmək məqsədilə bu il haqqı ödənilən 90 min ictimai iş yeri yaradılması haqqında qərar qəbul olunub, habelə Azərbaycanda 80 mindən çox ailə ünvanlı sosial yardım alacaq. Bu, sosial-iqtisadi tədbirlərin tam paketi deyil. Biz buraya vergi güzəştlərini, vergi tətillərini, kommunal ödənişlər və bank kreditləri xidmətlərində müəyyən güzəşt şərtlərini də əlavə edə bilərik”.
Rusiya ilə münasibətlərdən danışan prezident deyib: “Münasibətlərimizin inkişafı üçün ən əlverişli perspektivlər var, çünki Rusiya-Azərbaycan münasibətlərinin çox möhkəm təməli qoyulub. Bu münasibətləri hər iki tərəf strateji tərəfdaşlıq kimi xarakterizə edir. Bizim qarşılıqlı siyasi əlaqələrimiz çox fəaldır, dövlət başçıları səviyyəsində çoxlu görüşlər olur, görüşlər müntəzəm keçirilir.
Son illərdə biz iqtisadi planda əmtəə dövriyyəsinin artımını görürük ki, bu da iqtisadi əməkdaşlığın fəallaşdığına dəlalət edir. Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarında Rusiya kapitalı ilə yüzlərlə şirkət çalışır.
Biz nəqliyyat sahəsində çox fəal əməkdaşlıq edirik. Biz mühüm Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsini birgə reallaşdırırıq. Həm Rusiya, həm də Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün infrastruktur layihələri praktiki olaraq həyata keçirilib. Hazırda biz nəqliyyat-logistika istiqamətləri ilə bağlı məsələlər üzərində işləyirik. Məqsəd yük daşımalarını artırmaq və bununla da qonşu ölkələrimizə daha əlverişli şərait yaratmaq, tranzit potensialını möhkəmlətməkdir.
Energetika sahəsində kifayət qədər çox layihələr var və Rusiya ilə Azərbaycanın enerji sistemlərinin birləşdirilməsini qeyd etməliyəm. Ya Azərbaycanda, ya da Rusiyada qəza olanda biz dərhal bir-birimizə kömək edir və həmrəylik nümayiş etdiririk. Ona görə də perspektivlər haqqında danışarkən düşünürəm ki, biz əldə edilmiş nəticəyə istiqamətlənəcək, qeyd etdiyim həmin istiqamətlər və gələcəkdə yeni istiqamətlər üzrə də işləyəcəyik.
Bu gün biz 7 yol xəritəsinin reallaşdırılması üzrə ikitərəfli formatda işləyirik. Bunlar həyat fəaliyyətinin bütün vacib sahələrini əhatə edən konkret layihələrdir. Hər bir istiqamət üzrə dəqiq plan, zaman müddəti, yol xəritələrinin reallaşdırılması üçün prezidentlərin tapşırıqları var. Bütün bunlar ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, əməkdaşlıq səviyyəsini, əmtəə dövriyyəsinin və qarşılıqlı investisiyaların artımını möhkəmləndirəcək”.
“Mir” Dövlətlərarası Teleradio Şirkətini 1992-ci ildə Müstəqil Dövlətlər Birliyi yaradıb. Hazırda bu quruma Rusiya, Belarus, Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan daxildir.