“Koronavirus heç bir yerə qeyb olmayıb, dolaşır və dolaşacaq”
Mayın 7-si Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışına qatılan prezident İlham Əliyev tibb işçiləri ilə görüşdə çıxış edib. O deyib ki, son 16 ildə ölkədə 700-dən çox səhiyyə ocağı tikilib və ya əsaslı təmir edilib: “Biz hesab edirdik ki, mövcud xəstəxana fondu, xüsusilə müasir xəstəxanaların fəaliyyəti uzun illər ərzində tələbatımızı ödəyəcək. Ancaq koronavirus pandemiyası öz qaydalarını diktə edir, ona görə yeni xəstəxanaların tikintisi labüddür. Əlbəttə, xəstəxana tikintisi çox vaxt aparır, həm layihələndirmə işləri, onun texniki tərəfi, yerin seçilməsi.
Biz yeni texnologiyalara üstünlük verərək düzgün seçim etdik ki, modul tipli, tez bir müddətdə yığılan və sonra sökülə və başqa yerə daşına biləcək xəstəxanaların tikintisini təmin edək. Mən bir müddət bundan öncə ictimaiyyətə bu haqda məlumat vermişdim və bu gün bu xəstəxananın açılışını qeyd edirik. Cəmi bir ay ərzində 200 çarpayılıq xəstəxana istifadəyə verilir.
Koronavirusa qarşı mübarizədə bu xəstəxana və bundan sonra tikiləcək xəstəxanalar böyük rol oynayacaq. Ölkəmizin müxtəlif bölgələrində 10 belə xəstəxananın tikintisi nəzərdə tutulur. Çarpayı sayının artırılması hər bir ölkə üçün koronavirusa qarşı mübarizədə xüsusi rol oynayır.
Yeni xəstəxanaların tikintisi gələcəyə hesablanıb. Çünki hazırda mövcud xəstəxana fondu bizim tələbatımızı ödəyir və 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin sərəncamına verilib, o cümlədən ən yeni və ən müasir 575 çarpayılıq “Yeni klinika”. Orada hazırda xəstələr müalicə olunurlar. Bu, gələcəyə hesablanmış düzgün addımdır, çünki heç kim bilmir pandemiya nə qədər davam edəcək, heç kim bilmir bunun gələcək mərhələləri nədən ibarət olacaq. Ona görə biz tam hazır olmalıyıq.
Bizim atdığımız bütün addımlar qabaqlayıcı xarakter daşıyır. Bu xəstəxananın və bundan sonra buna oxşar 9 xəstəxananın istifadəyə verilməsi 1-2 ay ərzində nəzərdə tutulub. Bütün bu addımlar qabaqlayıcı xarakter daşıyırdı və məhz buna görə hesab edirəm ki, koronavirusla mübarizədə biz birinci mərhələdə qalib gələ bilmişik. Ancaq mübarizə davam edir, koronavirus heç bir yerə qeyb olmayıb, dolaşır və dolaşacaq və bunu hər kəs bilməlidir”.
Dövlət başçısı qeyd edib ki, sərt karantin rejimi qaydalarına görə Azərbaycan ilk mərhələni az itkilərlə başa vurub: “Görəndə ki, artıq 3 həftə ərzində hər gün sağalanların sayı yoluxanların sayından xeyli çoxdur, onda biz artıq yumşalma tədbirləri görməyə başladıq. Ancaq əfsuslar olsun ki, bəzi adamlar bunu karantin rejiminin ləğvi kimi qəbul etdilər. Əfsuslar olsun ki, bəzi adamlar karantin rejiminə əməl etmirlər.
Yumşalma tədbirləri yalnız bir məqsədi güdürdü ki, insanların öyrəşdiyi həyat tərzi müəyyən dərəcədə bərpa olunsun. Karantin rejiminin yumşaldılması o demək deyil ki, karantin başa çatıb, xeyr. Karantin rejimi ən azı mayın 31-nə qədər qüvvədə olacaq və ondan sonra əgər lazım olarsa, uzadılacaq.
Son günlərin mənzərəsi, sözün düzü, məni çox üzür və narahat edir. Çünki son 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çoxdur və əgər bu dinamika kəskin artarsa, – mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin, – biz məcbur olub karantin rejimini əvvəlki vəziyyətə gətirəcəyik, sərtləşdirəcəyik, qaydaları pozanlara qarşı da daha ciddi cəza tədbirləri görüləcək ki, biz vəziyyəti daim nəzarətdə saxlayaq.
Azərbaycan dövlətinin siyasəti və operativ qərargahın bu işlərə gündəlik rəhbərlik etməsi əsas bir məqsədi güdür ki, biz vətəndaşların həyatını, sağlamlığını qoruyaq. Eyni zamanda bu məhdudlaşdırıcı rejim çərçivəsində insanlara maksimum imkan yaradaq ki, onlar öyrəşdiyi gündəlik həyat tərzindən çox da uzaqlaşmasınlar. Ona görə biz bu yumşaldıcı tədbirləri görmüşük. Ancaq biz nəyi görürük? Onu görürük ki, bəzi məsuliyyətsiz vətəndaşlar heç bir qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, özlərini elə aparırlar ki, sanki virus artıq məhv olub. Buna qətiyyən yol vermək olmaz. Ona görə bu adamlara qarşı ciddi tədbirlər görüləcək. Hamı bunu bilsin və nəticə çıxarsın. Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün. Qətiyyən mümkün deyil.
İndi ölkəmizin bəzi bölgələrində sanki pandemiyanın yeni mərhələsi başlayır, xüsusilə Gəncə şəhərində. Buna çox ciddi yanaşmaq lazımdır. Ona görə indiki karantin rejimində Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran üçün xüsusi rejim var. Nəyə görə? Çünki bu yerlərdə, bu şəhərlərdə xəstələrin sayı, yoluxma halları daha çoxdur. Son günlərdə yoluxanların demək olar ki, 30, 40, 50 faizi Gəncə şəhərinin payına düşür. Deməli, orada vəziyyət narahatlıq doğurmalıdır. İndi bu araşdırılır, səbəbi nədir? Əsas səbəb insanların və rəhbər orqanların vaxtında tədbirlər görməməsidir. Harada ki, vaxtında tədbirlər görülür, harada ki, qəbul edilmiş qaydalar icra edilir, orada vəziyyət nəzarət altındadır. Biz nəzarəti gücləndirəcəyik. Ona görə karantin rejimi ilə bağlı sərtləşdirici tədbirlər istisna deyil.
Bir daha demək istəyirəm ki, biz virusla mübarizədə birinci mərhələdə qalib gəlmişik. Virus qeyb olmayıb, burada dolaşır və dolaşacaq. Bunu həkimlər, mütəxəssislər çox yaxşı bilirlər, istərdim ki, vətəndaşlar da bunu bilsinlər. Maarifləndirmə işləri daha geniş vüsət almalıdır. Bəziləri hesab edir ki, bəli, virus daha yoxdur, bütün dünya böhran içindədir, Azərbaycan isə sanki dənizdə bir adadır, burada hər şey yaxşıdır və yaxşı olacaq. Əlbəttə, bir çox ölkələrə nisbətən yaxşıdır, ancaq buna mütləq formada yaxşı demək olmaz.
Əlbəttə, vətəndaşlar şəxsi gigiyenaya riayət etməlidirlər. Hesab edirəm ki, uzun müddət bundan sonra bu, bir növ yeni reallıqdır və biz bu reallıqla barışmalıyıq, istəsək də, istəməsək də. Maska taxmaq, məsafə saxlamaq, gündə bir neçə dəfə sabunla əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək bir qayda olmalıdır.
İndi bilirsiniz, biz bəzən özümüzü bir neçə ölkə ilə müqayisə edirik, deyirik, – bəli, mən də bu gün bunu deyirəm, – həqiqətdir ki, bir çox inkişaf etmiş ölkədə vəziyyət acınacaqlıdır, böhranlıdır. Azərbaycandan fərqli olaraq o ölkələr bilmirlər ki, bu böhranla necə bacarsınlar. Amma digər tərəfdən biz görürük ki, o ölkələrdə, inkişaf etmiş ölkələrdə, məsuliyyət, nizam-intizam yüksək səviyyədə olan ölkələrdə insanlar məsafə saxlayırlar. Biz televiziyada görürük, növbə var, adamlar öz aralarında bir metr yarım, iki metr məsafə saxlayırlar, maska taxırlar. Amma bizdə məsafə saxlayan var? Açın istənilən kanala baxın. Dünən mən baxmışam, bankın qabağında bir-birinin yanında durublar, maska yox, müxbirlər soruşurlar ki, nə üçün? Elə bil ki, məktəb uşaqlarıdır, min cür bəhanə gətirirlər – yadımdan çıxdı, havada maska lazım deyil, cibimdədir. Biz belə münasibətə dözə bilmərik. Bu, zarafat deyil. Hər kəs bunu çox ciddi qəbul etməlidir. Belə adamlara qarşı ciddi cəza tədbirləri görüləcək. Mən bu gün bütün aidiyyəti orqanlara müraciət edərək deyirəm, cəza tədbirlərini sərtləşdirin. Biz vətəndaşları qorumalıyıq. Biz imkan verə bilmərik ki, hansısa intizamı pozan, məsuliyyətsiz adama görə vətəndaşlarımız xəstələnsin, ölsün. Ona görə bu qaydalara hər kəs riayət etməlidir, özü də bundan sonra uzun müddət ərzində.
Həkimlər, mütəxəssislər yaxşı bilirlər və geniş ictimaiyyət də bilməlidir ki, koronavirusa qarşı mübarizə o vaxt başa çatacaq ki, peyvənd hazırlanacaq. İndi bütün dünya bu peyvəndi gözləyir. Peyvəndin icad edilməsi üzərində bir çox ölkələrdə alimlər işləyir. Peyvənd hazırlanandan sonra artıq deyə bilərik ki, bəli, biz özümüzü bu virusdan qoruya bilərik. O vaxta qədər virus var və bunu hər kəs bilsin”.
2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus xəstəliyi 212 ölkə və əraziyə yayılıb, 267 mindən çox adam ölüb.
Azərbaycanda 2204 nəfərin koronavirusa yoluxması bilinib, onların 1551-i müalicə olunaraq sağalıb, 28-i dünyasını dəyişib. Ölkədə infeksiyanı cilovlamaq məqsədilə sərhədlər qapadılıb, təhsil ocaqları, mədəniyyət və idman obyektləri bağlanıb, ictimai iaşə və ticarət sektorlarında, ölkə ərazisində gediş-gəlişə, ictimai nəqliyyatın hərəkətinə, insanların evdən çıxmasına məhdudiyyətlər tətbiq olunub, toy və şənlik məclisləri, dəfn çıxılmaqla yas mərasimlərinin keçirilməsi yasaqlanıb.
Hökumət təhsil müəssisələrini bir həftəliyə bağladı
Novruz şənlikləri ləğv olundu. Toy və yas tövsiyəsi
Azərbaycanda ilk itki, yeni məhdudiyyətlər
Operativ qərargahdan məhdudiyyətlər
Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qapadılır
Ölkədə 15 günlük yeni məhdudiyyətlər tətbiq olundu
Karantini yumşaltmaq qərarı verildi