Mayın 4-nə olan beynəlxalq statistikaya görə, 2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus xəstəliyi 212 ölkə və əraziyə yayılıb, 248 mindən çox adam ölüb.
Azərbaycanda 1932 nəfərin koronavirus infeksiyasına yoluxması müəyyən edilib, onların 1441-i müalicə olunaraq sağalıb, 25-i dünyasını dəyişib.
Ölkədə infeksiyanı cilovlamaq məqsədilə sərhədlər qapadılıb, təhsil ocaqları, mədəniyyət və idman obyektləri bağlanıb, ictimai iaşə və ticarət sektorlarında, ölkə ərazisində gediş-gəlişə, ictimai nəqliyyatın hərəkətinə, insanların evdən çıxmasına məhdudiyyətlər tətbiq olunub, toy və şənlik məclisləri, dəfn çıxılmaqla yas mərasimlərinin keçirilməsi yasaqlanıb.
Bu rejim mayın 31-dək qüvvədə olacaq.
Novator.az bildirir ki, xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlər mayın 4-də aradan qaldırılıb.
Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün ticarət obyektləri (iri ticarət mərkəzləri istisna olmaqla) açılıb.
Digər inzibati ərazi vahidlərinin ərazisində bütün ticarət və ictimai iaşə obyektlərinin, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlərin fəaliyyəti bərpa olunub.
Ölkənin bütün ərazisində bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti, kosmetik xidmətlərin göstərilməsi (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət) sərbəstdir.
Bu inzibati ərazi vahidlərinin ərazisində nəqliyyat vasitələrinin (ictimai nəqliyyatla sərnişindaşıma istisna olmaqla) rayonlararası və şəhərlərarası sərbəst hərəkəti təmin edilir: Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu; digər inzibati ərazi vahidlərinin ərazisi (Gəncə və Lənkəran şəhərlərinin ərazisi istisna olmaqla).
Müxtəlif sahələrdə digər sahibkarlıq subyektlərinə iş və xidmətlər təqdim edən hüquqi və fiziki şəxslərin fəaliyyətinə (sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı göstərilən xidmətlər, audit, hüquq, konsaltinq xidmətləri və sahibkarlıq subyektlərinə təqdim edilən bu kimi digər iş və xidmətlər) məhdudiyyətlər götürülüb.
“DOST” mərkəzlərində bu dövlət xidmətlərinin göstərilməsi (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən etdiyi qaydada elektron növbə ilə) sərbəstdir: sosial ödənişlərlə bağlı hazır bank kartlarının vətəndaşlara təqdim edilməsi; ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə əlaqədar maddi-məişət şəraitinin müayinəsi.
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla digər rayon və şəhərlərdə və Naxçıvan Muxtar Respublikasında yaşayış yerini SMS icazə ilə, İcaze.e-gov.az portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub.