Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu koronavirus pandemiyasının ölkənin idarəçiliyindəki problemləri aşkara çıxardığını deyir. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, Azərbaycanın statistik bilgi bazası mövcud gerçəkliklə uzlaşmır: “Ötən il əhalinin siyahıyaalınması yalandan keçirilib. Ölkədə işsizlərin sayı rəsmi göstəricilərlə müqayisədə azı dörd-beş dəfə, yoxsulların sayı azı beş-altı dəfə çoxdur, əhalinin dəqiq sayı isə bilinmir”.
Qubad İbadoğlu üzə çıxan digər problemləri belə sıralayır:
– İş yerlərinin sayı passiv VÖEN-lərin, torpaq mülkiyyətçilərinin hesabına çox şişirdilib.
– Kölgə iqtisadiyyatının miqyası, gizli məşğulların sayı təsəvvür edildiyindən də çoxdur.
– Korrupsiyanın ən çox yayıldığı sahələrdən biri də sosial təminat sistemidir. 190 manat birdəfəlik yardım üçün müraciət edənlərin bəzilərinin adına onların xəbəri olmadan əmək müqavilələri, sosial müavinətlər, subsidiya ödənişləri rəsmiləşdirildiyi bilinib.
– İnternetin sürəti az, xidmətin keyfiyyəti aşağıdır.
– Bəzi dövlət orqanlarının çağrı mərkəzi, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 saylı telefon xidməti müraciətləri effektli cavablandırmaq gücündə deyil. Həmçinin online xidmətlər müraciətlərə adekvat qurulmadığından tez yüklənir və qısa müddətdə çökür.
– Aztəminatlı ailələr üçün nəzərdə tutulan ödənişlər, o sıradan ictimai işlərə görə əməkhaqqı, işsizlikdən sığorta haqları, sosial müavinətlər və yardımlar ünvanlı şəkildə ödənmir, başqalarının adına yazılaraq mənimsənir. Regional məşğulluq idarələri, sosial müdafiə mərkəzləri icra hakimiyyətlərinin başçıları ilə bu məqsədlə birlikdə fəaliyyət göstərir.
– Dövlət idarəçiliyində öhdəlik çox, məsuliyyət azdır, sistemli yanaşma və əlaqələndirilmə işi zəifdir. Şəffaflıq və hesabatlıq yoxdur. Məsul şəxslərin baş verənlərə münasibəti adekvat deyil. Ən bərbad idarəçilik Əmək və Əhalinin Sosial Müdafiə Naziriyindədir. Bu nazirlikdə ciddi struktur və kadr dəyişikliklərinə ehtiyac var.
– Əhalinin hakimiyyətdən, hakimiyyətin də əhalidən gözləntiləri gerçək ehtiyaclar üzərində qurulmayıb. Hakimiyyət çalışır ki, əhaliyə sosial dəstək proqramı çərçivəsində az vəsait xərcləsin, əhali isə çalışır ki, hakimiyyətdən ehtiyacları qədər dəstək qazansın.
2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus xəstəliyi 210 ölkə və əraziyə yayılıb, 228 mindən çox adam ölüb.
Azərbaycanda infeksiyanı cilovlamaq məqsədilə xüsusi karantin rejimi tətbiq olunub: sərhədlər qapadılıb, təhsil ocaqları, mədəniyyət və idman obyektləri, ictimai iaşə müəssisələri, bir çox ticarət və məişət xidməti məkanı bağlanıb, toy və şənlik məclisləri, dəfn istisna olmaqla yas mərasimlərinin keçirilməsi yasaqlanıb, ölkə ərazisində gediş-gəlişə, ictimai nəqliyyatın hərəkətinə, insanların evdən çıxmasına məhdudiyyət qoyulub.
Hökumət koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər planı həyata keçirir. Planda muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənməsi; sahibkarlara maliyyə dəstəyinin göstərilməsi və onlara vergi güzəştlərinin verilməsi; işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi; sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənməsi; əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında artırılması və başqa məsələlər var.