Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 29 aprel iclasında prezident İlham Əliyevin baş prokuror vəzifəsinə təyinatla bağlı təqdimatına baxılıb.
Baş prokuror vəzifəsinə Kamran Əliyev namizəd göstərilib. Hazırda o, baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisidir.
APA-nın məlumatına görə, hüquq siyasəti və dövlət quruculuğu komitəsi təqdimata xeyir-dua verərək məsələnin müzakirəsini Milli Məclisin plenar iclasına tövsiyə edib.
Səlahiyyət müddəti 5 il olan baş prokurorun təyinatını prezident parlamentin razılığı ilə gerçəkləşdirir.
Hazırda baş prokuror postunu Zakir Qaralov tutur.
Novator.az bildirir ki, Zakir Qaralov 1956-cı ildə Gürcüstanda doğulub. 1979-cu ildə indiki Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Səbail rayon prokurorunun köməkçisi, Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi Nəzarət İdarəsinin prokuroru və böyük prokuroru, Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru olub.
2000, 2005, 2010 və 2015-ci illərdə baş prokuror təyin edilib.
Kamran Əliyev 1965-ci ildə Balakən rayonunda doğulub. 1987-ci ildə İrkutsk Dövlət Universitetinin (Rusiya) hüquq fakültəsini bitirib, həmçinin aspirantura təhsili alıb. Hüquq elmləri namizədidir.
Bir neçə il Rusiyanın prokurorluq orqanlarında xidmət edən Kamran Əliyev Azərbaycana gəldikdən sonra Baş Prokurorluğun Kadrlar İdarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, İstintaq və Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarələrində müstəntiq və böyük müstəntiq, baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rəisi vəzifələrində işləyib.
2007-ci ildən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi olub. 2014-cü ildən bu qurum baş idarə statusu alıb və Kamran Əliyev eyni zamanda baş prokurorun müavini təyin edilib.